“12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək”

“12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək”
  19 İyun 2013    Oxunub:1504
Hər il Ombudsman təsisatından Təhsil Nazirliyinə təxminən 100 müraciət daxil olur.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov Ombudsmanların XI Beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin müraciətlər müəllimlərin hüquqlarının pozulması, onların işlə təminatında problemlər, şagirdlər təhsil müəssisələrində təzyiqlərə məruz qalması, həmçinn onlar üçün lazımi şəraitin yaradılmaması, valideynlərin məktəb rəhbərliyindən və müəllimlərdən narazılığı kimi məsələlər daxildir.

F.Qədirovun sözlərinə görə, bütün müraciətlər Təhsil Nazirliyi tərəfindən ciddi surətdə araşdırılır və Ombudsman təsisatına məlumat verilir.

“Təhsil Nazirliyi Ombudsman təsisatı ilə mütamadi əməkdaşlıq edir. 2009-2010-cu tədris ilindən Ombudsman Aparatı və Təhsil Nazirliyinin “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsinə başlanılıb. Layihəyə ilkin mərhələdə Bakı şəhərinin 3 pilot məktəbi cəlb edilib. 2012-2013-cü tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. İmişli, Füzuli, Qusar, Ağdam, Masallı, Lənkəran rayonları və Mingəçevir şəhəri üzrə məktəblər də qoşulmaqla 50-dən çox məktəbdə həyata keçirilib”.

Şöbə müdiri onu da vurğulayıb ki, “Azərbaycan 2020 : Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkədə təhsilin keyfiyyətini yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək:

“12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək. Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq”.

F. Qədirovun sözlərinə görə, ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa mlik mütəxəssis yetişdirilməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq.

“Müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək. Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırlıması üzrə müasir mexanizmlər yaradılacaq, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək”.

Onun sözlərinə görə, 2015-2020-ci illər üzrə gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni dövlət proqramı qəbul ediləcək.

Anar


Teqlər:  





Xəbər lenti