Adam öldürmək neçəyədir? - 100 manata da killer var (ARAŞDIRMA)

Adam öldürmək neçəyədir? - 100 manata da killer var (ARAŞDIRMA)
  07 Mart 2016    Oxunub:33896
Azərbaycanda bəzi cinayətlərin killer vasitəsilə həyata keçirilməsi heç kəsə sirr deyil. Dəfələrlə imkanlı şəxslərin, ölkə gündəmini dəyişən səs-küylü qətllərin muzdlu şəxslər tərəfindən törədilməsinin şahidi olmuşuq. Onlara el arasında killer deyilir. Dırnaqarası “qəhrəmanlar”ın vəzifəsi müəyyən pul müqabilində cinayət törətməkdir.

Bu ilin yanvar ayında Bakıda baş verən qətlin killer tərəfindən törədilməsi məlum olub. Paytaxtın Zabrat qəsəbəsində 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

Killerlər neçəyə adam öldürür?

Bu suala cavab tapmaq üçün internet üzərindən qısa araşdırma apardıq. Xarici KİV-lərə göz gəzdirərkən məlum olur ki, Rusiyada özünə mövqe qazanmış bankiri, tanınmış biznesmeni və ya siyasətçini öldürtmək təxminən 50 min dollara başa gəlir.

Tanınmış jurnalistin və iş adamının qətlinə görə isə bu məbləğ 3-4 dəfə çox olur. Təbii ki, öldürüləcək şəxs cəmiyyətdə daha böyük nüfuza malikdirsə, o zaman məbləğ bir neçə artır.



Məsələn, “Vid” telekompaniyasının rəhbəri, tanınmış jurnalist Vladislav Listyevin və gürcü əsilli kriminal avtoritet “Otarik” ləqəbli Otari Kvantrişvilinin qətllərinə görə killerlər Avropa və ABŞ-da belə cinayətlərə görə, 300 min dollara yaxın qonorar alıblar.

Ümumiyyətlə, Rusiyada killerlik bir sənət kimi 1983-cü ildən, Sovet KQB-sində çiçəklənməyə başlayıb. Həmin illərdə kölgə iqtisadiyyatını formalaşdıran sex sahibləri ilə partiya rəhbərlərinin cinayətkar əlaqələrinə son qoymaq üçün bundan yaxşı yol tapa bilməyiblər. Səbəb isə çox sadə olub - sovet dövlətinin sükanı arxasında olanlar hesab ediblər ki, ölkədə kölgə iqtisadiyyatı ola bilməz, iş adamlarının olması kapitalizmin təzahürüdür və s. Sovet ölkəsində isə ziyanverici iş adamı ilə partiya rəhbərliyində təmsil olunan şəxsin əlaqəli olması sovet insanları üçün böyük təlatüm ola bilərdi. Ona görə də sex sahibi ilə partiya işçisinin cinayət əlaqəsinin böyüməməsi, daha sonra ən müxtəlif cinayət işlərində bu əlaqələrin etiraf olunmaması naminə birincini aradan götürürdülər.

Bundan ötrü KQB-də xüsusi “V” şöbəsi də yaradılmışdı. Bura xüsusi əməkdaşlar cəlb edilərək, onlara biznes mühitində özünü aparmaq qaydaları və qətldən sonra iz buraxmadan aradan çıxmaq yolları öyrədilirdi. Sonradan həmin əməkdaşlar cinayətkar qruplaşmalara yerləşdirilirdi. Orada bir qədər gəzib-dolaşan killer ona tapşırılan “obyekti” aradan götürəndən sonra “buxarlanırdı”.

Qətldən sonra baş verən hadisə adi məişət mübahisəsi zəminində kriminal elementin törətdiyi qətl kimi arxivə atılırdı. Bununla da partiya rəhbərliyində təmsil olunan şəxslərlə iş adamlarının əlaqəsi mürəkkəbləşmələr olmadan, məhkəməsiz-filansız kəsilirdi.

Dünyanın qaynar nöqtələrində, əsasən Əfqanıstan kimi “ətçəkən maşın”dan keçmiş killerlərin sırasında hər cür silahdan və məsafədən idarə olunan partlayıcı maddələrdən istifadə etməyi bacaranlarla yanaşı yüksək səviyyədə “bədbəxt hadisə”lər təşkil etməyi bacaranlar da var.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, sıravi biznesmenin qətlinə görə killerlərə 6-10 min dollar pul xərclənir. Öldürüləcək insan cangüdənlərin müşayiəti ilə gəzirsə, qiymət 15 min dollara qədər yüksəlir.

Ukraynada isə insan həyatı daha ucuzdur: bu ölkədə sıravi biznesmenin qətli sifarişçiyə hətta 100 dollara da başa gəlir.

2007-2008-ci illərdə Ukraynada 101 nəfər sifarişli qətl törətdiyinə görə həbs edilib.



Ukrayna DİN Cinayət-Axtarış İdarəsinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, killerlərin 7 faizi öz işini 100, 3 faizi 300, 21 faizi 1000, 38 faizi 5 min dollara görərək obyekti aradan götürüblər. Bu ölkədə peşəkar killerlərin “iş”i icra etmək üçün aldıqları qonorarla Rusiyadakı eyni ranqlı qatillərin əməkhaqqı fərqlənmir - aşağısı 50, yuxarısı 300 min dollar…

Killerlərin yaş həddi də maraq doğurur. Ukraynada sifarişli qətlləri törədənlərin 83 faizi 18-35 yaşlı, 17 faizi isə daha yuxarı yaşda olan şəxslər olub. Belə cinayətlərin 93 faizi odlu silahlarla törədilir.

Sifarişçilərin killerə hansı hallarda daha çox müraciət etməsinə gəlincə isə Ukrayna əməliyyatçılarının statistikasına görə, 47 faiz belə cinayətlər tamah, 23 faiz qisas almaq niyyəti ilə, 14 faiz isə məişət mübahisələrinin çözülməsində çıxış yolu kimi seçilir.

Ara-sıra Azərbaycanda da sifarişli qətllər törədənlər olub.

Hətta onlardan bəziləri özlərini ələ veriblər. Bu sıradan qətillərdən biri 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndində baş verib. Avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub. İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi A.Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.



Keçmiş polis polkovniki Mahmud Hacıyevin fikrincə, sifarişli qətllər hər zaman gündəmdə olub. Azərbaycanda sifarişli qətllərin nadir hallarda baş verdiyini deyən polis polkovnikinin sözlərinə görə, pullu qatillərin böyük əksəriyyəti gizli fəaliyyət göstərir.

M. Hacıyev deyib ki, sifarişli qətllərin məbləği sifarişçinin maddi imkanından və killerin tamahından asılıdır. Onun sözlərinə görə, elə şəxslər var ki, 2000 manata insan həyatına qəsd edə bilər. Bəzi killerlər isə yalnız yüksək məbləğlə insan öldürməyə razılıq verə bilər:

“Elə şəxslər var ki, həbsxana həyatı onun üçün çox asandır. Ona görə də həmin insan 1000 manata da qatil ola bilər. Rusiyada bəzi həmyerlilərimiz sifarişli şəkildə qətlə yetirilib. Bəzi cinayətlərin üstü hələ də açılmayıb”.

Obyektin şəxsiyyətinin, cəmiyyətdəki mövqeyinin yüksəkliyinin də qətlin sifariş qiymətinə təsir etdiyini deyən Mahmud Hacıyev bu kimi hallara işlədiyi müddətdə də rast gəldiyini deyib:

“1994-cü ildə Kamçatkada bizneslə məşğul olan bir nəfər Azərbaycana gəlmişdi. O, əslən azərbaycanlı idi. İndiki Bakıxanov qəsəbəsində şəxsi mülkü, villası var idi. Çox imkanlı şəxs idi. O, bir neçə gün Bakıda qaldıqdan sonra həmin qətlə yetirildi. Məlum oldu ki, onu killer öldürüb”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti