Dolların aqibəti necə olacaq?

Dolların aqibəti necə olacaq?
  01 Aprel 2016    Oxunub:4414
“Milli valyutamız fevral ayının sonları və martın əvvəlindəki dəyərsizləşmədən sonra yenidən möhkəmlənməyə başlayıb. Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, ikinci devalvasiyadan sonra bankların mövcud nağd aktivləri daha çox dollarlaşıb.

“Nəticədə, mart ayının ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərini müəyyən hissəsini manata çevirməyə başlayıblar. Bu isə dollar təklfini artırdı. Bəzi banklar son günlər ayrı-ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli möhkəmlənməsi əhalinin dollar satışını da artırıb. Bəzi vətəndaşlarımız dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq bunu edirlər, bəziləri isə cari xərcləmələr üçün dollarını dəyişirlər. Təbii ki, bayram günləri ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərdi. Bu günlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçirdilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın siyasəti “az manat və dollara olan az tələbat” prinsipini hədəfləyib. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyarddan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistikaya əsasən pul bazası son 1 ildə 2 dəfədən çox azalıb. Bu gün vətəndaşlar və biznesdə manat qıtlığı müşahidə edilir”.

Ekspert qeyd edib ki, ikinci devalvasiya nəticəsində nəinki vətəndaşlar, hətta biznes də əllərində qalan manatın əksəriyyətini dollara çevirmək məcburiyyətində qaldılar: “Bu gün bir tərəfdən manat qıtlığı var, digər tərəfdən vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yəni, manatın möhkəmlənməsinin iqtisadi səbəbləri inzibati müdaxilədən yaranan amillərdir. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarırsa da tam satılmır. Bununla yanaşı, reallıq bundan ibarətdir ki, bu günki rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil. Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır”.

Manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, V.Bayramov vurğulayıb ki, növbəti günlərdə milli valyutanın məzənnəsinin möhkəmlənəcəyi güman edilir: “Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya tələb azdır. Eyni zamanda, dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşların da dollarlarını manata çevirməyi davam etdirəcəyi gözəlinilir. Bu isə növbəti günlərdə dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzun müddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Eyni zamanda Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənmə prosesi dayanacaq. Bütün hallarda ötən illərdə də tövsiyyə etdiyim kimi pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti