`Mənfəət neftinin həcmi ilbəil artır` - Xoşbəxt Yusifzadə

`Mənfəət neftinin həcmi ilbəil artır` - Xoşbəxt Yusifzadə
  25 Aprel 2016    Oxunub:1978
“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından gündəlik olaraq 30 mln. kubmetr təbii qaz, 7 mln. ton kondensat hasil edilir”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxışında bildirib. Onun sözlərinə görə, “Şahdəniz” yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 70 mlrd. kubmetr qaz və 18 mln. ton kondensat hasil olunub:

“2016-cı il aprelin 1-dək “Şahdəniz” yatağından hasil olunan qazın 5 mlrd.kubmetri Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. Hazırda hər gün Gürcüsana orta hesabla 2,5 mln. kubmetr, Türkiyəyə 18,2 mln. kubmetr qaz ötürülür”.

X. Yusifzadə əlavə edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" yataqlar blokunun 91 hasilat quyusundan gündə 90 min tondan çox neft və 36 mln. kubmetr qaz hasil olunur. İşləmənin əvvəlindən yataqlar blokundan indiyədək ümumilikdə 393 mln. ton neft və 118 mlrd. kubmetr qaz hasil edilib:

“2016-cı il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 218 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin ilk üç ayı ərzində AÇG-dən hasil edilmiş 8 mln. ton neftin 5,3 mln.tonu, yəni 66%-i Azərbaycanın mənfəət neftinin payına düşüb.

Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il aprelin 1-dək 406,4 mln. ton neft daşınıb. Bunun 299 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib. Ötən müddətdə Bakı-Supsa kəməri ilə 76 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 11 mln. ton, dəmir yolu ilə 21 mln. ton neft ixrac edilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti