`Bank Standart`-a 3 ay vaxt verilib

`Bank Standart`-a 3 ay vaxt verilib
  03 May 2016    Oxunub:3860
“Bu gündən etibarən “Bank Standart” kommersiya bankında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçılıq təyin edilib”.
AzVision.az xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

R.Aslanlının sözlərinə görə, mayın 2-də Palatanın Direktorlar Şurasının iclasında bu gündən etibarən banka müvəqqəti inzibatçı təyin edilməsi barədə qərar qəbul edilib.

R. Aslanlı qeyd edib ki, son dövrlərdə aktivlərin keyfiyyətinin pisləməsi ilə əlaqədar bankda likvidlik və kapitallaşma göstəriciləri pisləşib: "Maliyyə Bazarlarına Nəzarət Palatası banka yoxlama təyin edib. Məlum olub ki, səhmdarlar və idarə orqanları yetərli resurslara malik deyil. Banka maliyyə dayanıqlığını təmin etmək məqsədilə maliyyə vəsaiti ayrılıb.

Bununla yanaşı likvid aktivlərin səfərbər edilməsi məhkəmənin qərarı ilə fiziki və hüquqi şəxslərin əmanətləri üzrə dayandırılıb. Bu müddət əzrində dövlət dəstəyinin həcmi müəyyənləşəcək. Bundan sonra ödənişlər bərpa olunacaq”.

O, qeyd edib ki, bankın müştərisi olan şəxslərin əmək ödənişləri üzrə məhdudiyyət olmayacaq: “Əməkhaqqı ödənişlərinə artıq başlanılıb. Müvəqqəti inzibatçılıq həm də bütövlükdə bankın idarəetmə məsələlərinə rəhbərlik edir. Bankın verdiyi kreditlərin qaytarılması məsələsi də icra olunacaq. Bu nəzərdən bank müştərilərini öz öhdəliklərini lazımı şəkildə ödəməyə dəvət edirik. Müvəqqəti inzibatçılıq üç ay müddətinə təyin olunub. Bu zaman ərzində bankın sağlamlaşdırılması prosesi gedəcək”.

Direktorlar Şurasının sədri qeyd edib ki, müvəqqəti inzibatçılıq 3 ay müddətinə təyin olunub: "İlkin olaraq, Banka 15 mln. manat ayrılıb. Proqramın məqsədi təkcə likvidliyin deyil, uzunmüddətli dayanıqlığın təminatına yönəldilib. İyunun 3-dən etibarən hüquqi və fiziki şəxslərə depozitlər üzrə ödənişlər bərpa olunacaq"

R. Aslanlı bankın iflas olması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, “Bank Standard” iflas olmayıb: “Sadəcə hökumət bütün səlahiyyətləri öz əlinə alıb. Banka müvəqqəti administrator təyin olunub. Hökumət ilkin olaraq 10 milyon vəsait ayırmışdı. Bizim xahişimizdən sonra daha 5 milyon vəsait ayrıldı. Bunun hesabına da əmək ödənişləri həyata keçiriləcək. Əmanətlər üzrə faiz dərəcələrinə bir aylıq moratorium tətbiq olunub.

Faiz dərəcələrinin hesablanması dayanmır. Sadəcə olaraq müştərilərin əmanətləri üzrə müqavilə şərtlərinə tam əməl olunur və ödənişlər bir ay müddətinə dayandırılıb. İyun ayının 3- dən etibarən fiziki və hüquqi şəxslərə depozitlər üzrə ödənişlər bərpa ediləcək”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti