Kreditlərlə bağlı qadağa qüvvədə qalır

Kreditlərlə bağlı qadağa qüvvədə qalır
  10 May 2016    Oxunub:2041
“Yeni kreditləşmə modelinə əsasən xarici valyutada istehlak kreditlərinin verilməsinə qoyulan qadağa qüvvədə qalır”.
AzVision.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında deyib.

Bununla belə R.Aslanlı deyib ki, bu məsələdə iki istisna var: “Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qismində qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərin verilməsinə qoyulan qadağa olduğu kimi qalır".

R.Aslanlı bildirib ki, xarici valyutada olan kreditlərin restrukturizasiyası və manat kreditləri ilə əlaqədar bir sıra yeni prudensial tələblər tətbiq olunub: "Bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmasın. İkincisi, hətta bu ümumi gəlirlərin xərclər çıxıldıqdan sonra yerdə qalan hissəsi yaşayış üçün yetərli olsun. Biz burada yaşayış minimumunu da nəzərə almışıq. Tələb odur ki, biz yaşayış minimumunun 3 mislini hədəf göstəricisi kimi götürmüşük. Yaşayış minimumunun 3 mislindən yuxarı gəlirləri öz öhdəsində qalan insanlar daha aşağı risk qrupuna aid edilir. Bununla əlaqədar biz banklardan daha az kapital, ehtiyat tələb edirik".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti