Repetitorlara ehtiyac qalmayacaq - Azərbaycanda maraqlı start-up (MÜSAHİBƏ)

Repetitorlara ehtiyac qalmayacaq - Azərbaycanda maraqlı start-up (MÜSAHİBƏ)
  10 May 2016    Oxunub:17128
Azərbaycanda maraqlı bir “start-up” yaradılıb. “Helping Schools” – Ev tapşırığı məktəbi adlı layihə tələbələrin qazanc əldə etməsinə, valideynlərin isə repetitorlara böyük pul xərcləməkdən qurtulmasına imkan yaradacaq.

AzVision.az layihənin müəllifi və rəhbəri Kamil Piriyevlə həmsöhbət olub.

Kamil Piriyev 13 sentyabr 1978-ci anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Dillər Universitetinin fransız dili fakültəsini bakalavr, 2002-ci ildə isə Strasburq Universitetinin Jurnalistika Məktəbini magistr pilləsi üzrə bitirib.

2002-2004-cü illərdə Beynəlxalq Fransa Radiosunun Azərbaycan üzrə müxbiri, Avropa Komissiyasının Ədliyyə Nazirliyi ilə “Azərbaycan Məhkəmə-Hüquq sisteminin islahatları” layihəsində media-ekspert kimi çalışıb. 2004-2008-ci illərdə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi, 2008-2010-cu illərdə müstəqil reportyor və Parisdəki Marko Polo Beynəlxalq Analitik Mərkəzinin Xəzər bölgəsi üzrə təhlilçisi olub.

2009-cu ildən Təlim, Karyera və Tədris istiqamətində çalışır. Fransanın “Terres Neuves” təlim şirkətinin təlimçisidir. 2010-cu ildə MS PRO şirkətini təsis edib və rəhbəridir.

2013-cü ildən ASAN təlim mərkəzilə əməkdaşlıq edir. 2014-2015-ci illərdə İnnovasiyalar Mərkəzinin Təlim Departamentinin müdiri olaraq çalışıb. Beynəlxalq Kouçlar və Trenerlər Assosiasiyasının (İCTA) üzvüdür.
“Mədəni müxtəliflik – fərqli ölkədə yaşamaq və çalışmaq”, “Düzgün kommunikasiya”, ”Komanda çalışması” və s. təlimlər üzrə trenerdir. 2016-cı ildə Helping Schools – Ev tapşırığı məktəbi adlı start-up yaradıb.
Fransız, ingilis, rus və türk dillərini bilir.


- Şirkətinizin işi nədən ibarətdir? Gənclərin məşğulluğu baxımdan maraqlı bir konsepsiyası varmı?

- Helping Schools – Azəbycanda ilk Ev Tapşırığı Məktəbidir. Biz məktəblilərə ev tapşırıqlarını etməkdə kömək göstərir, onların qarşılaşdığı çətinlikləri aradan qaldırır və dərslərinə nəzarət edirik.

Uşaq birinci sinfə gedəndən sonra ibtidai sinfi bitirənə qədər valideyn onun dərslərinə nəzarət edir. Amma orta məktəbin ilk siniflərində bu nəzarət və ev tapşırıqlarının icrasında kömək zəifləyir. Valideyndə arxayınlq yaranır ki, uşaq artıq böyüyüb, özü hər şeyi edə bilər. Amma yeni fənlərin meydana çıxması və gündəlik dərslərin getdikcə çətinləşməsi şagird üçün çətinliklər yaradır. Beləliklə, dərs hazırlığının davamlı olması əlaqəsi qırılır.

Valideynlər bir də orta məktəbin son siniflərində, ali məktəblərə qəbul yaxınlaşanda uşaqların dərslərinə diqqət etməyə başlayırlar. Amma bu diqqət çox vaxt uşağı müəllim yanına hazırlığa qoymaqla bitir. Nəticədə uşaq orta məktəbin 5-ci sinfindən 9-cu sinfinə qədər olan dövrü əhatə edən 5 ilin materialını, üstəgəl orta məktəbin son 2 ilində keçilənləri sürətli təkrarlamalı və hazırlaşmalı olur. Bu, uşaqlar üçün həddindən artıq stress yüküdür. Bəzən uğurlu nəticələr olmadıqda bu, daha xoşagəlməz nəticələrə aparır.

Başqa bir tərəfdən, hazırlıq qiymətləri ailələrin büdcəsinin böyük hissəsini təşkil edir.

Ev tapşırığı məktəbinin işi ilk növbədə, orta məktəbin ilk siniflərində yaranan dərs hazırlığı boşluğunu aradan qaldırmaq, işləyən valideynlərin övladın dərs hazırlığına görə rahatlığını təmin etməkdir. Biz məktəbi yeni bitirərək tələbə adı qazanmış gənclərin özündən kiçiklərə dərs hazırlığında kömək etməsinə şərait yaradırıq. Bu, dünyanın inkişaf etmiş ölkələrində mövcud olan bir təcrübədir.



- Bunun gənclərə nə kimi xeyri olacaq, onlarla necə işləyəcəksiniz?

- Avropada bizim “helper” adlandırdığımız dərs köməkçiləri-tələbələr ilk iş təcrübəsini bu cür qazanırlar. Biliyinə və öyrətmə bacarığına güvənən hər bir tələbə və 25 yaşına kimi gənc bizə qoşula bilər. Gündə maksimum 3 saat vaxtını məktəblilələrə sərf etməklə, tələbə həm öz gündəlik xərclərini qarşılaya bilər, həm də ilk iş təcrübəsi qazanır.

Bildiyimiz kimi, ölkədə işsizlik səviyyəsi 25 yaşa qədər olan kateqoriya arasında daha yüksəkdir. Bizim hesablamalara görə, yeni dərs ili başlayanda, biz birinci il üçün 200-ə yaxın tələbə və gəncin məşğulluğuna nail ola bilərik.

Bu işə maraq göstərən gəncləri bizim veb səhifəmizin karyera bölməsində qeydiyyatdan keçməyə dəvət edirik. Sonra onları müsahibəyə çağırır və iş prosesini başa salırırq. Sonrakı mərhələdə valideynlərlə görüşür və onların istədiyi profilə uyğun namizədləri təklif edirik.

- Şirkətinizin xidmətlərindən artıq yararlanıblarmı? Maraq necədir?

- Şirkət bir aydır fəaliyyətə başlayıb. Hazırda tədris ilinin sonu olduğundan, bütün valideynlər övladların dərs hazırlığı üçün yaya kimi müəyyən həll variantı tapıb. Amma bizim onlara təklif etdiyimiz büdcə daha cəlbedici olduğundan, sentyabrdan daha çox müraciətlərin olacağını düşünürük.

Marağa gəldikdə isə, deyə bilərəm ki, bizim təklif valideynlər tərəfindən böyük diqqətlə izlənir. Sosial şəbəkələrdə bizə gələn müraciətlərdən bunu hiss edirik. Bizim tətil dövründə nəzərdə tutduğumuz yay düşərgəsi ilə bağlı hər gün çoxlu sayda müraciətlər qəbul edirik.

Helping Schools yay dövrü üçün məktəblilərə yay düşərgəsi təşkil edir. Həmin düşərgə “Əylənək, öyrənək, inkişaf edək” şüarı ilə keçirlir. Uzun tədris ilindən sonra uşaqların il ərzində topladıqları gərginlikdən azad olmaları, onların sağlamlığı üçün çox zəruridir. Bu zaman ərzində uşaqlar il ərzində yığılmış psixoloji gərginliklərini aradan qaldırmaq imkanı tapırlar, diqqətlə öz ətraflarına baxıb, təəccüblü və fərqli hadisələri görmə imkanı əldə edirlər.

Bizim təklif etdiyimiz proqramın əsas istiqamətləri bunlardır: birinci, uşaqların fiziki bərpası və sağlamlığı, ikinci, uşaqların emosional-psixoloji sağlamlıqlarının qorunması və gücləndirilməsi. Yay tətili – sadəcə uşağın təhsil fəaliyyətinin bitməsi demək deyil. Bu, uşağın sosiallaşması üçün aktiv zamandır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti