Prezidentin Berlin səfəri: Merkel Qarabağın `açarı`nı göstərdi?

Prezidentin Berlin səfəri: Merkel Qarabağın `açarı`nı göstərdi?
  08 İyun 2016    Oxunub:6192
Xəbər verdiyimiz kimi, Azərbaycan prezident İlham Əliyev 6-7 iyun tarixlərində Almaniyada işgüzar səfərdə olub. Ölkə başçısı Berlinə səfəri zamanı bir sıra mühüm görüşlər keçirib. Prezident, həmçinin Almaniya kansleri Angela Merkellə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mühüm mesajlar verib.

Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir: “Bu qətnamələr 20 il əvvəl qəbul edilib və sənədlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən tez bir zamanda və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil”.



Dövlət başçısı qeyd edib ki, "status kvo" dəyişməlidir: "ATƏT-in Minsk qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də "status-kvo"nun qəbuledilməz olduğunu elan ediblər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir”.

Almaniya kansleri Angela Merkel isə çıxışı zamanı bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır: “Təbii ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır. Dağlıq Qarabağ münaqişəsinin həllində biz ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Ekspertlər hesab edirlər ki, Merkel bu açıqlaması ilə Qarabağın “açarı”nın Moskvada olduğunu bəyan edib.



Dövlət başçısının Almaniya səfərini şərh edən millət vəkili Sahib Alıyev hesab edir ki, rəsmi Berlin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırmağa çalışır. Deputatın fikrincə, Almaniya Qarabağ danışıqlarında fəal olmağa can atır, amma ATƏT-in Minsk Qrupunun həmsdər dövlətləri, daha çox Rusiya bu məsələdə Almaniyanın ön plana çıxmasını istəmir.

“Biz bunu Vyana danışıqlarında da gördük. Bu reallıqlar fonunda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iştirak etmədi, onu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini əvəz etdi. Bu onu göstərir ki, həmsədr ölkələr Almaniyanın bu məsələdə rolunun qabardılmasında maraqlı deyil. Çünki, onlar Dağlıq Qarabağ münaqişənin həllindən çox, öz maraqlarını ön planda tuturlar. Bu halda daha bir oyunçunun münaqişənin həlli prosesinə cəlb olunması onların maraqlarına cavab vermir.

Cənub Qafqaz respublikaları ilə ticarətdə Azərbaycanın payı 80 faizdir. Özünün praqmatikliyi və dəqiqliyi ilə seçilən Almaniya regiona və Dağlıq Qarabağ probleminə yanaşmada bu reallığı nəzərə alacaq. Həmçinin, Azərbaycan dünya siyasətində böyük dövlət rolunda çıxış etməyə cəhd edən Almaniyadan ədalətli və prinsipial mövqe sərgiləməyi tələb edir”.



S.Alıyev qeyd edib ki, Almaniya Bundestaqının həm indiyə qədər Azərbaycanla bağlı, həm də ötən həftə uydurma “erməni soyqırımı”nı tanıması kimi rəsmi imicinə kölgə salacaq hərəkətləri ilə yanaşı, Dağlıq Qarabağ probleminə yanaşmada bir çox Qərb dövlətlərilə müqayisədə daha prinsipial davrandığı görünür: “İstərdik ki, bu davranış sözdə yox, əməldəözünü göstərsin. Prezident İlham Əliyev Merkellə birgə mətbuat konfransında vurğuladı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyi halda bu ölkədə qarşı sanksiya tətbiq edilmir. Bu ifadənin diplomatik dildən tərcüməsi “birbaşa sözdən işə keç” mesajıdır”.

Millət vəkilinin sözlərinə görə, səfər zamanı Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə toxunulub və bir daha həm Azərbaycanın, həm də Türkiyənin rolu xatırladılıb:

“Almaniyanın son hərəkəti üzərində əyləşdiyi budaqları kəsmək kimi xarakterize edilir. Bunu öz maraqları üçün edib, yaxud hansısa beynəlxalq qüvvələrin təsiri altında etməsi anlaşıqlı deyil. Belə hallar Almaniyanın imicinə mənfi təsir etməklə yanaşı, maraqlarına da təsir edir. Çünki, Almaniya Türkiyə ilə ənənəvi müttəfiqdir. Bu müttəfiqliyin tarixi uzun illər öncəyə gedir. Almaniya eyni zamanda Türkiyəyə turist göndərən ölkələrdəndir. Ümid edirəm ki, görüşdə məsələnin bu tərəfi də xatırladılıb”.



Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, Azərbaycan prezidentinin Almaniyaya kansleri Angela Merkellə görüşünü iki istiqamətdə qiymətləndirmək olar: “Birinci istiqamət iqtisadi məsələlərlə bağlıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması mühüm məsələdir. Burada Azərbaycanın rolu böyükdür. Bunun üçün regionda mühüm təhlükəsizlik tədbirləri həyata keçirilməli və iqtisadi məsələlərin həllinə normal şərait yaradılmalıdır. Ölkə başçısı görüşləri zamanı alman şirkətlərinin Azərbaycana sərmayə qoyması haqda çağırış etdi. Bunun üçün Azərbaycanda açıq bir şərait yaradılıb.

İkinci məsələ, Dağlıq Qarbağ münaqişənin həlli istiqamətində atılacaq addımlar idi. Nəzərə alaq ki, hazırda Almaniya ATƏT-ə sədrlik edir. Almaniya ATƏT-in Minsk Qrupu həmsdərləri arasında olmasa da, öz nüfuzu və təsiri ilə çalışmalıdır ki, münaqişə tezliklə həll olunsun. Dağlıq Qarabağ münaqişənin həlli regionun təhlükəsizliyinə təsir edən amildir. Almaniya nüfuzundan istifadə etməli, həmsədr ölkələrə təsir etməlidir ki, münaqişə ədalətli həllini tapsın. Ölkə başçısı hər zaman olduğu kimi Almaniya səfərində də Dağlıq Qarabağ münaqişəsinin həlini prioritet istiqamət kimi önə çəkdi və bu istiqamətdə müsbət addımlar atdı”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti