Qabırğa

  29 İyul 2013    Oxunub : 698
Qabırğa
Etibar Hüseynov

Əgər yadınızdadırsa, müxaliflərin bir-birlərini kəskin şəkildə təhqir etmələrilə bağlı demişdik ki, "əgər muxalifət birjasında vəziyyət seçkilərə 3 ay qalmış bu səviyyədədirsə, onda seçkiqabağı söyüşün kursu biri bir qəpik olacaq". Və yanılmadıq. Daha doğrusu, bir balaca yanıldıq. Belə ki, bu müstəvidə söyüşün kursu artıq 1 qəpik olub və belə getsə, daha da düşəcək.
Nə isə, keçək mətləbə. Seçkilərə 2 aydan bir az vaxt qalmasına baxmayaraq, meydanda lidersiz – yəni loru dildə desək, yetim quzu tək yalqız qalan müxalifət düşərgəsi var və onlar gündəmdə yalnız bir-birlərilə söyüşməklə qalmağa çalışırlar. Eynilə şou-biznesdə olduğu kimi. Okeanın o tayında oturan Rəsul Quliyev Əli Mirəliyev kimi qarşısına çıxanı yıxıb-sürüyür. Heç kəsi bəyənmir, hərəyə bir ad qoyub, aşağılayır. Əsas hədəfi isə müxalifətin primadonnası, “qaçışlar kralı” İsa Qəmbərdir. Rəsul Bayramoviçin qəzəbinə səbəbsə İsa Qəmbərin Milli Şuradan kənarda öz namizədliyini irəli sürməsidir. Quliyevin təbirincə, bu, müxalifətə qarşı xəyanət və arxadan vurulan zərbədir. Sitat: “10 ildir `2003-cü ildə seçkiləri udduq`,- deyib, fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. Ona görə də, bir neçə dəfə “biz udduq” deməniz kifayətdir, çünki bunu təsdiqləyən materiallar yoxdur, fərziyyədir. 2005-ci il sizin üçün ən uğurlu il idi, deputat yerləri alıb, oturdunuz parlamentdə. 2008-ci ildə müxalifət ölü vəziyyətində idi, mən heç orada nə vaxt prezident seçkiləri keçirilməsini də bilmədim. Kim sizə mane oldu mübarizə aparmağa? İndi yenə də xəyanətə əl atıb, seçkiyə getmək istəyirsiniz. Bu dəfə də İsa Qəmbər ötən dəfəki kimi 3 faiz səs alacaq, bunu istəyirsiniz”.

İnsaf xətrinə, Rəsul müəllimin dediklərində həqiqətlər çoxdur. Deyəsən, Amerikadakı demokratiya havası öz rolunu oynayir. Amma okeanın o biri başında oturub demokratiya xırdalamağa nə var ki? Bax, elə musavatçıları qıcıqlandıran da elə budur. Ona görə də, Rəsul Quliyevə cavab özünü çox gözlətmədi. Özü də cavab, nə cavab... Sitat: “2005-ci il hoqqalarından sonra Rəsul Quliyevi durdurmaq zamanı idi.Təəsüf ki,bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən, buna imkan vermədilər. 2008-ci ildə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən, seçkidən sonra onu ilk olaraq təbrik edən Rəsul Quliyevi yenidən ortaya gətirdilər. Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə, Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir buqələmundur”.

Bax, belə. Burada yadıma “Ulduz” filmindən məşhur bir deyim düşdü: “Nə oldu, dünənə qədər Əlişə `atam` deyirdin?” Rəsul müəllimin xətrinə dəyməsin, amma adamın ona lap ürəyi ağrıyır. 2003-də, 2005-də hamı Məşədi İbad kimi yaşıl pullarından sağıb, ona `dayday` deyirdi. Biri partiyasına sədr, digəri gələcək komandasında baş nazir postunu təklif edirdi. İndi pullar qurtarıb, Rəsul Quliyev olub `buqləmun`, `həşarat` və s. Bununla da ürəkləri soyumur. Quliyevi `rüşvətxor`, `cinayətkar`, `korrupsioner` adlandırırlar. O da öz növbəsində haqlı olaraq soruşur ki, a bəylər, necə olur ki, 2003-cü ildə Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevə yüksək statusda baş nazirlik postunu təklif edirdi. Rəsul Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə Rəsul Quliyevin Azərbaycana dönmək söhbəti çıxanda Arif Hacılı da, Müsavat başqanı da xalqı Rəsul Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi?

Rəsul Quliyev bunun ardınca əlavə edir: “Xalq Cəbhəsinin devrilməsi Arif Hacılı kimi demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitlərin fəaliyyəti nəticəsində olub”.

Bax, beləcə secgi yaddan çıxıb. Müxalifətdəki cənablar bir-birilərini təhqir edib, söyməklə məşğuldurlar. Bu arada xalq cəbhəsinin sədri Əli Kərimlinin və patronu olduğu “Azadlıq” qəzetinin də tutduğu mövqe nəzərdən qaçmır. Kərimli sanki kənarda seyirçi mövqeyindədir. Amma hamı yaxşı bilir ki, bu gün Müsavatın meydanda təklənməsində ən maraqlı tərəf də elə Əli Kərimlidir. Və bu baxımdan da Kərimli kənara durub, “Azadlıq” qəzetindəki mirzələrini verib qabağa. Onlar da Rəsul Quliyevi təxribata çəkərək, qızışdırıcı, provakativ suallar verməklə ocağa benzin tökməklə məşğul olurlar.

Bunu bir dəfə də demişəm, yenə də deyəcəyəm. Adamın Əli Kərimliyə sözün həqiqi mənasında yazığı gəlir. Yəni seçkiyə 2 aydan bir az artıq vaxt qalıb. Kimisi Rüstəm İbrahimbəyovu, kimisi İsa Qəmbəri, bir başqaları Rəsul Quliyevi, yaxud kimisə dəstəkləyir. Amma bu qarmaqarışıqlıqda bir halal süd əmmış qabağa çıxıb Əli Kərimlini dəstəklədiyini bəyan eləmir. Adamın özu də öz namizədliyini irəli sürməyə utanır sanki. Sanki bu adam ömür boyu onu-bunu dəstəkləmək, ona-buna qabırğa olmaq üçün yaranıb. Vəssalam. Kimsənin onu dəstəkləməsi isə sanki ayıb, “padlo” sayılır.

Adına “vahid namizəd” deyilən Rüstəm İbrahimbəyov həzrətlərisə gəlmək bilmir ki, bilmir. Sorağı gah Amerikadan gəlir, gah da Almaniyadan. Bir tərəfdən də hüquq-mühafizə orqanları bəyan ediblər ki, gələn kimi onu tutub salacaqlar içəri. Ona görə də iki gün əvvəl Almaniyanin “Zenit” jurnalına müsahibə verən İbrahimbəyov Bakıya gəlməyəcəyini bəyan eləyib. Əslində düz də edirsiniz, Rüstəm bəy. Bu 40 dərəcə istilərdə 74 yaşlı diabetli qoca kişi üçün ağcaqanadlı, həşaratlı, təkadamlıq kamerada oturmaq heç də asan olmayacaq. Nəyinizə lazım, Rüstəm bəy? Bu, sizə lazımdırmı heç? Elə çöldəki həşərat və parazitlərlə başınızı qatın, bu, sizə yetər.


Teqlər: