Bakıda binalar 9 ballıq zəlzələyə hesablanıb

Bakıda binalar 9 ballıq zəlzələyə hesablanıb
  02 Avqust 2016    Oxunub:2459
Azərbaycanın seysmoloji baxımından aktiv zonaları açıqlanıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü mətbuat konfransında çıxışı zamanı bildirib ki, bu ilin 9 ayı ərzində respublikanın seysmoloji baxımdan ən aktiv zonaları Şamaxı, İsmayıllı və Xəzər dənizi ərazisidir.

Onun sözlərinə görə, hər gün ərzində maqnitudası 3 baldan az onlarla zəlzələ qeydə alınır:

“Lakin bunların hamısı açıqlanmır. Bir həftə əvvəl Pirqulu ərazisində bir gündə 93 zəif təkan olub. Bu zəlzələlər enerji boşalmasına xidmət edir. Dünənki zəlzələ yüzlərlə xırda təkanların gücünə bərabər zəlzələ idi. Bəzən seysmoloji cəhətdən zəif sayılan zonada belə təkanlar ola bilir. Bu vaxta qədər seysmik zona sayılan İmişlidə neçə illərdir belə zəlzələ olmurdu. Düzdür, əvvəllər həmin zonada güclü zəlzələlər baş verib. Lakin son illər aktivlik müşahidə edilmirdi”.

O, əlavə edib ki, Bakıda hündürmərtəbəli binalar, eləcə də digər sənaye əhəmiyyətli tikintilər aparılırsa, əvvəlcədən ərazinin seysmikliyini müəyyən etmək üçün təmsil etdiyi quruma müraciət olunur: "Biz rəy verdikdən sonra tikintiyə başlanılır. Qalan məsələlərə isə FHN-in tikintiyə nəzarət idarəsi tərəfindən nəzarət olunur. Ümumiyyətlə isə, binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti