Monqolların qoruduğu qədim türk kitabəsi – Reportaj+Fotolar

Monqolların qoruduğu qədim türk kitabəsi – Reportaj+Fotolar
  09 Sentyabr 2016    Oxunub:7367
Aida Eyvazlı

(Əvvəli BURADA)

...Çingiz xan muzey kompleksini ziyarət edəndən sonra, bizi daha bir möcüzə gözləyirdi. Ekspedisiyaya daxil olan nümayəndə heyəti türk millətini məsləhətləri ilə bir araya gətirən Tonyukukun daş kitaba yazdıqlarını görəcəkdik. Bu kitabələri biz filmlərdə izləmiş, kitablarda oxumuşduq. İndi ulu babalarımızın əli dəyən , imzası qalan o daşlarla həmruh olacaqdıq.

Tonyukuk abidəsinə çatdıq. Bu abidə Ulan Batordan 50 kilometr uzaqda, Bayn Çokto bölgəsindədir. Türkiyənin TİKA təşkilatı bir neçə ildir ki, bu yerləri himayəyə götürüb və artıq Tonyukukun daş kitabları hasara alınaraq qorunur. Əslində təbiətə və daşlara ziyan vurmayan monqollar burada heç bir daşı zədələməyiblər. 6 əsrdən bu yana kimi qalan Tonyukük məktubları hələ də oxunur və Tanrı da onun pozulmasına imkan yaratmayıb.



Hər birimiz hasarı adlayıb professor Napil Bazılxanın şərhlərini dinlədik. Napil uzun illərdir ki, Monqolustan səhralarında, Ötükəndə ucalan, gizlənən daşlarla yatıb durur, bizim üçün adi görünən daş parçasından, o tarixin sirrlərini oxuyur. Babalarımızdan bizə qalan məktubları şərh edir. Tonyukuk yazıları iki daş kitabədə yer alıb. Birinci daşın hündürlüyü 243 santimetr, ikinci daşın hundürlüyü isə 217 sm.-dir.

Araşdırmalar və hesablamalara görə Tonyukuk (646-731 illərdə ) 85 yaşında vəfat edib. O Kutluq xaqanın dayısı, İlteriş xanəgahının və ikinci Göy türk dövlətinin diplomatı , həm də baş vəziri olub. Bütün həlli çətin məsələlərdə Bilgə xaqana məsləhətlər verib, xarici dövlətlərlə danışıqların aparılmasında birinci şəxs olub. Bir neçə dil bilib. Lakin ömrünün son illərində Ötükəndən köçərək Urqaya gəlir. (İndiki Ulanbator). Bu daş kitabələrdəki yazılar isə araşdırmaçıların gəldiyi nəticələrə görə, 716-cı ildə, Tonukukun vəfatından sonra yazılıb.

Dr.Bazılxan Tonukukun məktublarından sevdiyi cümlələri bir də xatırladı: “Gece uyumadı, gündüz oturmadı. Kızıl kanımı dökerek, kara terimi akıtarak işimi gücümü hep ona verdim. Öncüleri yine uzaklara gönderdim; hisarları, gözcüleri çoğalttım; basılan düşmanı getirdim; kağanım ile seferlere çıktık. Tanrı korusun, bu Türk milletinin içinde silahlı düşman dolaştırmadım, damgalı at koşturtmadım. İlteriş Kağan kazanmasaydı, onun ardından ben kazanmasaydım il yine, millet yine yok olacaktı. O kazandığı için, ardından ben kazandığım için il yine il oldu, millet yine millet oldu. Ben artık yaşlandım, kocadım. Her hangi bir yerdeki kağan sahibi bir millete benim gibisi olsa ne sıkıntıları olabilir? Türk Bilge Kağan ilinde yazdırdım. Ben Bilge Tonyukuk”.



Hər birimiz o daş məktubları qucaqlayıb, boyumuz çatan yerindən yazılardan öpdük. Hər kəin qismətinə bir cümlə düşdü. Mənim nəsibimə düşən bu cümlələr oldu: “Ben Bilge Tonyukuk’um. Çin ülkesinde doğdum. Türk milleti Çin’de tutsak idi. Türk milleti hanını bulmayınca Çin’den ayrıldı, han sahibi oldu. Hanını bırakıp yine Çin’e tutsak düştü. Tanrı şöyle demiş: Han verdim, hanını bırakıp tutsak düştün. Tutsak düştüğün için Tanrı öldürdü. Türk milleti öldü, bitti, yok oldu. Türk Sır milletinin yerinde boy kalmadı. Ormanda, dışarıda kalmış olanlar toplanıp yedi yüz er oldular”.

Ulan Batorda ekspedisiyamızın sırasına qoşulan Ege universiteti Ədəbiyyat və Türk dili fakultəsinin əməkdaşı,Hatice xanım Şirin oxudu. Filoloq–alim Haticə xanım Türk dünyasında Orhon-Yenisey abidələrini oxuya bilən tək-tək alimlərimizdəndir. Beynəlxalq Türk Akademiyasının bu ilin may ayından başlanan ekspedisiyasında çalışır. Xanım dedi ki, xeyirə işarədir.

Ekspedisiyamızın digər üzvü, gənc, lakin türk dünyasının tanınmış arxeoloqu , Tüfa Humanitar Araşdırmalar İnstitutu Arxeologiya və Etnoqrafiya bölümünün rəhbəri Dəmir Tutaş bu ərazilərlə artıq tanışdır. O, Tonyukuk abidələrinin baş tərəfində torpaqdan boy verən 30-40 sm hündürlükdə düzülən daşlarıdan danışaraq ,dedi ki, bunlara “Bal-bal daşları”- deyirlər. Tonyükük abidəsindən üzü şimala sarı sıralanan daşlar 1 kilometr 237 metr məsafədə qurtarır. Və bu daşların sayı 152 ədəddir. Bu daşlar ya öldürülən düşmənlərin, ya da qazanılan qələbələrin sayını göstərir.



Biz bu məktub daşların, o başına-bu başına keçib dürl-dürlü şəkillər çəkdirərkən, kənarda Monqolustan turizm şirkətindən icarəyə götürdüyümüz xüsusi xidmət briqadası bizim üçün günorta yeməyi hazırlayırdı. Tonyukuk babamızın məktublarına toxunub, onun arzularını öz cismimizə həkk edəndən sonra, yemək süfrəsi ətrafında yeyib-içib, şənləndik. Burada isə, diqqətimi bir məqam cəlb etdi. Açılıb yığılan süfrədən çıxan çıxıntıların hamısını bir iri torbaya yığdı xidmətçilər. Bir qayda olaraq, bu yerlərin insanları, getdikləri yerdə özlərindən sonra zibil buraxmırlar. Deyirlər ki, təbiəti çirkləndirmək olmaz. Özlərini daşdan, ağacdan, buluddan, Aydan-Günəşdən, Göy Səmadan aşağı sayırlar. Heç zaman əldə etdikləri uğura öyünmürlər. Kimsənin üzərinə səs qaldırmırlar. Deyirlər ki, Göy Səmanın, təbiətin acışığna gələr. Deyirlər ki, inasan özünü dağdan uca saya bilməz. İnsanı təbiətdən sonra, yaradandan sonbra ən son planda görürlər. Heç vaxt heç nəyə iddialı olmurlar.

* * *

...Beynəlxaql Türk Akademiyası ilə Monqolustan Milli Elmlər Akademiyası arxeologiya və tarix institutunun sürprizlər isə bitmirdi. Avqustun 23-də 2016-cı ildə ekspedisiyamızın digər maraqlı marşrutuna start verildi: “Tyan Şandan-Ötükenə qədər: Böyük çöl xalqlarının tarixi-mədəni dəyərləri”. Bu gün həm də ona görə sevinirdik ki, bizim hamımızı bir araya yığan, ellər, insanlar arasında seçim edib, ata-babalarımızın qədim torpaqlarını və yurdlarını bizə görməyi nəsib edən akademiyanın prezidenti, professor, dr.Darhan Kıdıralı qoşuldu.

Ekspedisiyanın ilk günündən sıralarımıza qatıla bilməməyinin səbəbi isə , artıq iki aya yaxın idi ki, professor Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə, həm də dərin jurnalist və tarixi bilgilərinə görə “Егемен Қазақстан" qəzetinin də rəhbəri təyin edilmişdi. Ölkənin birinci qəzetinin rəhbərliyinin nə qədər ağır yüklü olduğunu, jurnalistlərimiz və siyasi xadimlərimiz yaxşı bilirlər. Lakin işinin çoxluğuna baxmayaraq, o bizi bu ekspedisiyada tək buraxmadı.



Monqolustanın Arxivlər İdarəsindən Türk Akademiyası və türk xalqları üçün çox önəmli olan Memorandum imzalandı. Bundan sonra isə Monqolustan hökumətinin, Nazirlər kabinetinin formalaşmasında, Monqolustan Konstutisiyasının yazılmasında danılmaz əməyi olan, tanınmış ictimai xadim Turar Rıskulovun həyat və yaradıcılığından bəhs edilən, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə monqol dilində çap olunan iki kitabının təqdimatı oldu. Monqolustan Dövlət arxivinin rəhbəri, tarix elmləri doktor İşjamtş Saruul Turar Rıskulovun Monqol xalqının dövlət quruculuğundakı tarixi rolunu heç zaman unutmayacaqlarını söylədi.

Bu arada onu deyim ki, artıq sıralarımıza Türkiyədən olan alimlər və jurnalistlər də qatılmışdılar. Qazaxıstanın Monqolustanda olan böyük elçisi Kalıbek Koblandin, TİKA-nın Qazaxıstandan olan təmsilçisi Abzal Saparbekulı, Türkiyə Elmlər Akademiyasının professorları Əhməd Cavad Acar, Nuri Yurdusev, Türkiyə Tarix İnstitutunun rəhbəri, professor Rafik Turan, NTV kanalının məşhur juranalist və reportyorları Ahmet Yeşiltəpə və kameraman Ahmet Uçar, “Yeni çağ” qəzetinin köşə yazarı Gurşad Zorlu, türkoloq dr. Rısbek Alimov, Özbəkistanlı arxeoloq Qaharbek Ömürov, türkoloq, İzmir Katip Çelebi Universiteti Soial və Dünyəvi elmlər fakultəsinin dekanı Risbek Alimov, monqolustan Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun arxeoloqu professor Çuluun Sampildonov, Ulanbator Universiteti Arxeologiya fakultəsinin rəhbəri dr.Erdene Baatar da ekspedisiya qrupumuzu zənginləşdirdilər. Bu qədər alimin içərisində özümümzü çox rahat hiss edirdik. Hər dəqiqə nəsə öyrənir, könül kitabımızı yeni bilgilərlə zənginləşdirirdik.

* * *

Günorta saat 3 radələrində maşın karvanımız Şiveet Ulan - yəni Qırmızı qala kompleksinə tərəf üz tutdu. Ulan Batordan bu kompleksə qədər olan yol 500 kilometrə qədərdir. Proqramımızda yazılanlara görə, gecə saat 22-də Monqolustanın Bulqin aymakındakı (qəsəbəsində) Bayan – Aqt kəndindəki turizm bazasına çatacaqdıq.



Yollarda Tanrının yaratdığı bir-birinə bənzəməyən nə qədər gözəlliklərlə rastlaşdıq. Yamyaşıl dağların ətəyində çiçəkli-güllü yamaclar, sulu gölləri, bu yamaclarda bir-birindən yaraşıqlı heyvanları arxada qoyurduq. Yağışdan sonra dağlara gözəllik verən göy qurşaqları... Monqolustanın 3 milyon əhalisi olduğu halda, qreyri-rəsmi hesablamalara görə 60 milyon mal-heyvanı var. Bu mal-heyvan sırasına dəvə, iribuynuzlu qaramal, qoyunlar və keçilər də aiddir.

Ümumdünya ərzaq təhlükəsizliyi təşkilatı Monqolsutanın ət-süd məhsullarının ölkədən çox çıxarılmasına icazə vermir. Problem ondadır ki, onlar heyvanı bizim adət etdiyimiz kimi kəsmirlər, buddizm dininin adət-ənənələrinə uyğun olaraq, heyvanın ürəyindən iti bıçaqla vurub, bir neçə saniyənin içərisində öldürür, bu qan torpağa axmasın deyə, heyvanın qarnının içərisinə axıdırlar. Deyirlər ki, torpağa qan tökmək olmaz.



İndi ölkədə fəaliyyət göstərən bir neçə türk iş adamının sayəsində burada başqa dinlərdən olan insanlar Monqolustanın mal-heyavının ətindən istifadə edir. Buna baxmayaraq, zaman-zaman bu ölkədə kök salmış qazaxılar qoyun-quzunu elə bizim adətlərə uyğun kəsiblər.

Monqolustan təbii şəraitinə və coğrafi yerləşməsinə görə dünyanın ən soyuq ölkələrindən sayılır. Günəş batandan sonra, yol boyu bu soyuğu hamımız hiss etdik. Getdikcə uzanan yollarda çox az yaşayış məntəqələri gözə dəyirdi. Dağ döşündə və yamaclarında bir-birindən 500- 1000 metr aralıda ağ yumru çadırlar gözə dəyirdi. Bələdçimiz Napil Bazılxan dedi ki, monqollar bu yerlərə yaylağa çıxırlar. Çadırlar bir-birindən uzaqda olsalar da, insanlar bir-birindən uzaq deyillər. At, motosiklet, bu yerlərin şəraitinə uyğun “cip” avtomobilləri ilə bir-birindən xəbər tutur, heyvanı örüşdən qovub gətirirlər, burada hələ də heyvan nobatı tutmaq adəti yaşayır. Haradansa pulla çoban tutmurlar. Çox mehriban qonşuluq şəraitində yaşayırlar.

(Ardı var)


Teqlər:





Xəbər lenti