Məhbuslar həkimlə təmin olunacaq
AzVision.az xəbər verir ki, “Polis haqqında” Qanuna edilən dəyişikliklərə görə, həbs edilən şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir. Əgər tutulan və ya həbs edilən şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyini qeydə almalıdır.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu qanunla müəyyən edilmiş qaydada tətbiq edilir. Dəyişikliyə görə, həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər. Bundan başqa, həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər”.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən bilə-bilə qanunsuz həbs yerində saxlama - dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu qanunlara edilən dəyişikliklərdən irəli gələrək Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, həbs yerdə saxlanılanlarla bağlı xüsusi qanun var. Bütün post sovet ölkələrində tutulma, həbsə alma xüsusi problemdir. Artıq 2 ildir ki, Azərbaycanın Avropa standartlarına cavab verən qanunu mövcuddur. Bu qanunun hazırlanması zamanı ATƏT məsləhət versədə, qanun milli ekspertlərimiz tərəfindən hazırlanıb.
Əli Hüseynli daha sonra deyib ki, indiyə qədər həbslər həyata keçiriləndə bəzən iddia olunurdu ki, şəxsə işgəncə veriblər, təzyiqlər göstərilib. Polis isə işgəncə vermədiyini sübut edə bilmirdi. Ancaq bu dəyişiklik imkan verəcək ki, şəxs saxlanıldığı andan vəkillə, eləcə də onun həkim müayinəsindən keçirilməsi təmin ediləcək. Belə bir müayinədə gələcəkdə əsassız işgəncə iddiaların qarşısını alacaq.
Deputat Zahid Oruc deyib ki, burada söhbət hansısa dövlət orqanlarının səlahiyyətinin azaldılmasından və başqasına verilməsindən getmir.
Sonda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.







Vaxtında, Aydın, Lazımlı!


