“Danışan gəlincik” bölgələrə gedir

“Danışan gəlincik” bölgələrə gedir
  22 May 2014    Oxunub:1391
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı beynəlxalq festivallarda və xarici qastrol səfərlərində iştirak etməklə yanaşı, ölkədaxili qastrol səfərlərinə böyük əhəmiyyət verir.

Teatrın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yaradıcı kollektiv mayın 21-də növbəti qastrol səfərinə çıxıb.

Mayın 25-dək davam edəcək qastrol səfəri çərçivəsində Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir şəhərlərində Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Anamın kitabı” dramı və “Danışan gəlincik” uşaq tamaşası nümayiş etdiriləcək.

“Anamın kitabı” tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

Abdulla Şaiqin əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır.


Teqlər:



Xəbər lenti