Azərbaycan bəyannaməyə iki maddə təklif etdi

Azərbaycan bəyannaməyə iki maddə təklif etdi
  03 İyun 2014    Oxunub:976
Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Türkiyənin Ədirnə şəhərində III Dünya Türk Forumu keçirilib.
AzVision.az-ın məlumatına görə, forumda Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Fərəc Quliyev, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elsevər Salmanov, Azərbaycanın İstanbul Konsulluğundan isə Kənan Murtuzov iştirak edib.

Forumun yekununda bəyannamə qəbul edildi.

AzVision.az xəbər verir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin bəyannaməyə 2 maddə (15 və 19-cu maddələr) əlavə edilib.

Həmin maddələri təqdim edirik:

15-ci maddə: Ermənistan ilə Türkiyə arasında bir problemin olduğu deyilə bilməz. İki ölkə qədim qonşudur. Lakin, ikili münasibətlər qeyri-kafi və dondurulub. Bunun isə iki səbəbi var:

1. Ermənistanın 1915-ci il hadisələr ilə bağlı erməni iddialarına dövlət siyasəti olaraq sahib çıxması və yeni nəsilləri də bu fikirlə yetişdirməsi;

2. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu iki məsələnin haqq və düzgünlük prinsiplərinə əsaslanaraq həll edilməsi və sürətli bir normallaşma prosesi yaşanması lazımdır. Lakin, ikili münasibətlərin düzəldilməsi mərhələsində ermənilərin iqtisadi –sənayi lobbisinin təsiri düşünülüb diqqətli davranılmalı, dövlət siyasətini təsir edəcək səhvlər edilməməlidir.

19-cu maddə: Qafqazda sabitliyin təmin edilməsi üçün Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı işğal BMT, Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatların da aldığı qərarlar əsasında sona çatdırılmalıdır. Türk Dünyası isə bu hədəfə nail olmaq üçün ortaq addımlar atmalıdır.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti