Hatəmi “Əxlaq patrulu” siyasətinə qarşı çıxdı

Hatəmi “Əxlaq patrulu” siyasətinə qarşı çıxdı
  18 İyul 2023    Oxunub:940
Ötən il etirazların ən qızğın çağında cəmiyyətin qəzəbindən qorxaraq “əxlaq polisi”ni lkəğv edən İran hökuməti indi “əxlaq patrulu” oyunbazlığına girişib. Hətta İranın siyasi elitasının bəzi təmsilçiləri hakimiyyətin belə gedişlərinin ölkədə yeni etiraz aksiyalarına rəvac verə biləcəyini söyləyirlər.
AzVision.az xəbər verir ki, İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bir qrup müşavirlə söhbət əsnasında “əxlaq patrulu”nun geri qayıtmasını özünü məhv etmək kimi qiymətləndirərək, bunun sosial çöküş təhlükəsini daha da qabardacağını bildirib.

“Görünür ki, dəfələrlə danışılan özünüməhv təhlükəsi İrşad patrul fəaliyyətinin geri qayıtması, polis, təhlükəsizlik və sosial məsələlərlə, xüsusən də qadınlarla bağlı qeyri-adi məhkəmə qərarları ilə özünü hər zamankindən daha çox göstərir. Bu yanlış üsulların davam etməsi qızışmış cəmiyyətimizi əvvəlkindən daha da qızışdıracaq. Cəmiyyətin ödədiyi ağır məsrəfləri və İslamın nüfuzuna vurulan ziyanı nəzərə alan bu məmurlar təkcə belə davranışlarla deyil, səbəbkarlar və başdakılarla da məşğul olmalıdırlar”, - Hatəmi deyib.

Qeyd edək ki, İranın polis qüvvələrinin sözçüsü bazar günü “örtüksüz” adlandırdığı qadınlarla mübarizə aparmaq üçün avtomobilli və piyada patrulların yaradılmasını bildirib. Məqsəd isə “qeyri-adi geyimi” olan və onun sözlərinə görə, “hələ də öz normalarını pozmaqda israrlı” şəxslərlə mübarizə aparmaqdır.
AzVision.az



Teqlər: Hatəmi   patrul  



Xəbər lenti