“İsmayıllı məhbusları”ndan prezidentə müraciət - ÖZƏL

“İsmayıllı məhbusları”ndan prezidentə müraciət - ÖZƏL
  09 İyun 2014    Oxunub:877
Ötən ilin yanvarında İsmayıllıda baş verən hadisələrdə təqsirli bilinərək həbs edilən rayon sakinləri və onların ailələri prezident İlham Əliyevə müraciət edəcəklər.

Bu barədə AzVision.az-a “İsmayıllı məhbusları”nın ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, həbs edilən rayon sakinlərinin azadlığa buraxılması üçün ölkə başçısına müraciət ediləcək. Məhbusların ailə üzvləri onların bağışlanması üçün prezidentdən kömək istədiklərini dilə gətiriblər.

“Biz cənab prezidentə müraciət edərək onların azadlığa buraxılmasını xahiş edirik. İnanırıq ki, prezidentimiz onları bağışlayıb, əfv edəcək. Cənab prezidentimizin mərhəmətinə, humanistliyinə güvənərək xahiş edirik ki, onları əfv etsin”,-deyə sakinlər bildiriblər.

Qeyd edək ki, bu ilin martın 17-də İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhməkənin qərarı ilə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, digər İsmayıllı məhbusları - Səftər Ağamalıyev 8 il, Vasif İbrahimov 8 il, Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 , Şükran Möhübalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunublar.

Xatırladaq ki, Azərbaycanda yenidən əfv sərəncamının imzalanacağı gözlənilir. Hüquq müdafiəçilərinin fikrincə, Qurtuluş günü ərəfəsində əfvin olacağı ehtimal edilir.

Ehtimal edilir ki, növbəti əfv sərəncamı ilə İsmayıllı hadisələrində tutulan şəxslər da azadlıq buraxılacaqlar.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti