Bizim Mehdimiz, onların "Mixaylo"su

// Sloveniyada əfsanəvi partizan haqqında film təqdim olunub

 Bizim Mehdimiz, onların "Mixaylo"su
  17 İyun 2026    Oxunub:203
Sloveniyanın paytaxtı Lyublyana şəhərində Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadə ("Mixaylo") haqqında sənədli filmin təqdimatı keçirilib. Sloveniyanın aparıcı telekanallarından biri olan “RTV Sloveniya”nın istehsal etdiyi film "Njihov Mehdi, naš Mihajlo" (Onların Mehdisi, bizim Mixaylo) adlanır.
Filmdə İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin şücaəti və apardığı cəsur mübarizdən bəhs olunur. Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, Oğuz və İsmayıllı rayonlarında baş tutmuşdur.

Sənədli filmin ərsəyə gəlməsinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Azərbaycanın Sloveniya Respublikasındakı Səfirliyi, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV), eyni zamanda Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti, Nova Qoritsa şəhər meriyası, Şempas yerli icması dəstək göstərmişdir.


Şəhərin məşhur kinozallarından biri olan "Kinodvor" kinoteatrında keçirilən tədbirin açılış mərasimində Azərbaycanın Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, sənədli filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiç, tarixçi, Sloveniya Respublikasının Milli Assambleyasının üzvü Martin Premk çıxış ediblər.

Səfir R.Sadıqbəyli filmin təqdimatının Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu 2026-cı ildə baş tutmasının simvolik məna daşıdığını deyərək, filmin çəkilişinə göstərilən dəstəyə görə “RTV Sloveniya” telekanalının İdarə Heyətinin sədri Nataliya Qorşçaka təşəkkür etmişdir. Səfir, həmçinin Sloveniyada Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin xatirəsinə bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırmışdır. Sənədli filmin hər iki ölkəyə məxsus olan "Mixaylo" irsinin gənc nəsillərə ötürülməsinə töhfə verəcəyinə inam ifadə olunmuşdur.


ARKA-nın baş direktoru R.Əzizov layihənin təşəbbüsü və uğurlu reallaşdırılmasına görə Sloveniya tərəfinə təşəkkür edərək, Mehdi Hüseynzadənin nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətin iki xalq arasında dostluq münasibətlərinə verdiyi töhfəyə toxunmuşdur. Çıxış zamanı iki ölkə arasında mədəniyyət sahəsində mövcud əlaqələrin vacibliyinə, əlaqələrin daha da genişlənməsinə və inkişafına film və kino istehsalının verə biləcəyi töhfəyə diqqət yetirilmişdir.


Sloveniya nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı “Mixaylo”nun uzaq bir ölkədən gələrək Sloveniyanın azad olunmasında iştirak etdiyi və gənc ömrünü sloven xalqı uğrunda fəda verdiyi qeyd olunaraq, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıq ifadə edilmiş, onun xatirəsinin yaşadılmasının vacibliyi vurğulanmış və Sloveniyanın aparıcı telekanalı tərəfindən hazırlanmış sənədli filmin bu işə öz töhfəsini verəcəyindən əminlik ifadə olunmuşdur.


Tədbirdə Sloveniya Respublikasının Milli Assambleyasının üzvləri, Xarici və Avropa İşləri üzrə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ətraf mühit, İqlim və Energetika Nazirliyinin nümayəndələri daxil olmaqla bir sıra dövlət və hökumət nümayəndələri, Sloveniyanın İslam İcmasının Müftüsü Nevzet Poriç, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalılar, özəl sektorun nümayəndələri, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişdir.


Teqlər: KİNO  



Xəbər lenti