Üstümüzə qışqıran xəbər aparıcıları
Keçən gün yerli kanallardan birində `Xəbərlər`i izləyərkən aparıcı xanımın təqdim elədiyi bir xəbərlə bütün ensklopedik bilgilərim alt-üst oldu. Yaxınımda oturan anama tərəf dönüb: “Niva adlı ölkə var ki?”,- deyə soruşdum. Anam ən az mənim qədər təəccüb dolu halıyla: “Niva dedi həqiqətən də...”,- söylədi. Yaşadığımız şoku təxmin edin...
Bacımızın deməyə çalışdığı ölkənin adı Livan idi.
Sadəcə, bizim medianın yazılmamış xəbər spikerliyi qanununlarına müvafiq olaraq, aparıcının üzünə, səsinə qatdığı `zəhrimar`ın dozası o qədər çox olub ki, intonasiyası `Livan`ı `Niva` kimi çatdırdı.
Doğrudan, görəsən bizimkiləri kim inandırıb ki, xəbər aparıcısı Osmanlı cəlladlarının surətində olmalıdır?!
Demək olar ki, bütün kanallarımızdakı bütün xəbər aparıcıları eyni tərzdədir. Baxırsan `Ana Xəbər` bülletenində maneken kimi, burnu əməliyyatlı, dodağı dolğulu, `full` makiyajda, 20-25 yaşlarında bir qız, səsinin ən kontralt hissəsinə salaraq, izləyicinin üstünə qışqırır.
Ya da eyni şəkildə sütül dəliqanlılar `Filan ölkənin filan vilayətində, filankəs bəhmənkəsi döyüb` başlıqlı xəbəri elə çatdırırlar ki, az qalırsan televizor qarşısında yastıqla özünü müdafiə edəsən. Mübaliğə-filan etmirəm, vallah, vəziyyət belədir. O dərəcədə ki, ekrana “Mən günahsızam!” deməyi gəlir insanın...
Axı dünya təcrübələri var.
Axı xəbər spikerliyi `bolşe zəhrimara` söhbəti deyil.
Axı izləyici xəbəri alarkən aparıcının ego partlamasını seyr etməyə məcbur deyil.
Özəlliklə də “Ana Xəbər” buraxılışı 20-25 yaşlı həyəcanlı, növrəstə cavanların yeri deyil, məncə.
İnternet çağındayıq, bir toxunuşla digər ölkələrin xəbər spikerlərini izləmək şansımız var. Və eyni zamanda onlardan örnək götürmək...
Həmin ölkələrdə `Ana Xəbər`i yaşı 40-ın üstündə olan qadınlar, kişilər aparır.
Özü də son dərəcə təmkinli, sakit;
Mimikalardan və jestlərdən yeri gəlmədikcə istifadə etməyən;
Kamera ilə baxışırkən izləyicini `yeməyən`;
Əllərini-qollarını-bədənini sabit saxlamağı bacaran;
Sadə makiyajlı, sadə görünümlü;
Jurnalistika təcrübəsi bizim aparıcıların yaşı qədər olan;
Təqdim elədiyi xəbərlər haqqında fikir sahibi;
Əksərən gözəl olmayan qadın və kişilər...
Onlardan alınan xəbərlə bizim aparıcılardan alınan xəbər arasında ciddi fərq var.
Niyəmi?!
Xəbəri oxuyarkən `necə eləsəm, ekranda daha sərt və gözəl görünsəm` qayğısıyla qəddarca qışqıran bəzəkli gözəllərlə, ölkəsində və dünyada baş verən hadisələri ən səmimi duyğularıyla - yeri gələndə gözündən yaş süzülərək, yeri gələndə qəhqəhələrə boğularaq, yeri gələndə təəccübdən gözləri daş dəymiş qurbağının gözləri kimi açılan, göstərişsiz xəbər spikerlərinın çatdırdığı xəbər arasında sizcə, fərq yoxdur?!..







Vaxtında, Aydın, Lazımlı!


