Ölümdən yuxarıda

Ölümdən yuxarıda
  28 Sentyabr 2015    Oxunub:6010
Seymur Elsevər

...O gün yağış yağdı. Yəqin mənim ürəyimi boşaltmağımçün. Çox da yağış sevən deyiləm. Amma görüm bunu məndən xəbər alan var? O gün də xəbərsiz-filansız yağdı. Beynimdə qəfil dolaşan fikirlər üşütdü məni. Ölümündən bir neçə il keçən atamın və Məmməd Nazimoğlunun torpaq altda, min ilin ölülərinin yanında, yerin-yurdun selə-suya qərq olduğu vaxtda neylədiklərini soruşdum özümdən. Görən torpaq onların nəm yorğan-döşəyini nə vaxt qızdıracaq?


Arada bu mənasız suala görə özümü qınadım da. Noolsun, sakitləşəmmədim. Beynim-başım dincəlmədi. El içində çox işlənən bir kəlam neçə yol fikrimdə dolandı: Çalış - ölmə, öldün - qurtardı.

Ölüm sözünü belə çılpaqlığıyla, soyuqqanlı dediyimə görə qınamasınlar məni. Atamın və Məmmədin ruhu da məni bağışlasın. Bu məqamda ölümə fiziki, bioloji hadisə kimi yanaşdım. Məhz buna görə hər iki insanı ölümdən yuxarıda, ölümsüzlük qatında görürəm. Səbəb bəllidi: əməllərinin müqabilində.

Məmməd Nazimoğlu 49 yaşı tamamlamağa macal tapmadı. Bir-birindən gözəl yazıları, hələ-hələ ələ düşməyən umacaqsızlığı, mədəniyyətiylə ürəklərdə yuva qurmağa macal tapsa da, ömür məsələsində kəmfürsət fələk bir azca qıymadı. Dünyanın yaşının yanında bir az deyirəm. O bir azca ki bizim üçün əməlli-başlı möhlətdi. Hər halda bu sevda baş tutsaydı, ümid bəsləyə bilərdik. Məmmədin can yoldaşı, sirdaşı Mətləb Nağının bir vaxt dediyi kimi:
Yer üzü sükutdu, yaxşı,
Göy üzü buluddu yaxşı,
Yeməkdən umuddu yaxşı.

Ümidlərin doğrulmasıyla sonluğun dəyişəcəyini güman eləməyə dəyər-dəyməz - söyləmək çətindi. Nədən ki dostumuz hansı yaşda köçünü sürsəydi, yenə "nakam" adını alacaqdı. Kim bilir, bəlkə həmin Mətləb Nağıya, Məmmədin sözü olmasın, dünyanın ən nikbin insanına ümiddən üzülməyiydi sonradan bu misraları yazdıran:
Mən də adi insan idim
hamı kimi yaşamaq
istəyirdim ölüncə
Yeri, əcəlim, yeri,
Mən gəlirəm dalınca...

Hərçənd Mətləb bunu da demişdi:
...Qoy bu güldən bezim, ölləm,
Doysa könlüm-gözüm, ölləm.
Ölən olsam, özüm ölləm,
Ölüm, məni tələsdirmə!

...Yüz ildi "doydum" demirəm,
Əlimdən bezdimi dünya?
Nə il, nə aydı - demirəm,
Gecdimi, tezdimi, dünya?

...Yoldu, addanıb keçilən,
Sudu, bir qurtum içilən.
Beş günlük ömrə biçilən
Beş arşın bezdimi dünya?..



Bir yandan tələsməmişdi, yaşamaq istəmişdi, o biri yandan dünyanın faniliyini kəsdirib, adidən-adi baxmışdı həyata. Dostu Nazimoğlu kimi.

Məmmədi anlayan, duyan çoxudu. Və həm də, deyəsən, Məmmədi anlayan, duyan yoxudu. Kefinin kök, üzünün gülər vaxtında belə gözləri dərdli olardı. Nə mənalar yoxuydu o gözlərdə? Bütün zamanların işıqlı insanları kimi millət yanğısı, vətən təəssübkeşliyi, haqq-ədalət təşnəliyi onun da rahatlığını əlindən almışdı. Çarə tapmadığı müşküllərə içində vuruşdura-vuruşdura yollar arayırdı. Onun gözlərindən el-oba yüküylə şələlənmiş qayğı yağardı. Buydu o gözlərin mənası.

Məmməd axır illər xəstəlik tapmışdı. Gözümüz görə-görə əriyirdi. Dolu vücudu yığcamlaşırdı. Qəribədi, cismən kiçildikcə dəyəri, sanbalı, istedadı bir o qədər çox görünməyə başlayırdı. Sonuncu iş yerində çalışdığı vaxtlarda enerjisi aşıb-daşırdı. Yazmaq, layihələr işləmək, kitabların nəşrində iştirak... Sanki sonuncu şans olduğunu kimsə qulağına pıçıldamışdı. Məmməd vicdanının səsinə həmişə qulaq asmışdı və təbii, yenə ona xilaf çıxmamışdı. Bütün gücü və əzmkarlığıyla meydandaydı, çalışdığı Söz Azadlığını Müdafiə Fondunun tanınması da onun sayəsindəydi.

Məmməd dünyasını dəyişəndə çox şeyə boyun olan oldu, çox vəd verən tapıldı. Mükafat təsis edilməsindən, hər il üç tələbə jurnalistə Məmmədin adını daşıyan təqaüd verilməsindən, haqqında sənədli film çəkilməsindən, sayt yaradılmasından tutmuş doğulduğu Ağdaş torpağında xatirəsinin əbədiləşdirilməsinəcən nələr söylənmədi.

Sentyabrın 28-i Məmməd Nazimoğlunun növbəti ad günüdü. Bizimlə bir arada olsaydı, Allahın çayıyla da bu günü qeyd eləyə bilərdik. İndisə... yavanlıq yerinə Məmmədin öz yazdıqları dadıma çatır. Məncə, doyumluğa yetər. Əlimiz Məmmədə yetməsə də...

"Ölüm yalnız ona görə dəhşətlidir ki, səni gözləyirlər, amma sən gələ bilmirsən...
Şəklə diqqətlə baxsanız görərsiniz ki, mənim cavan qalmağım abırsızlıqla bağlı məsələ deyil...
Bizim məmləkətdə vaxt yeganə şeydi ki, tam demokratik keçir...
Mənim bir dostum vardı. İndi o yoxdur. Deyəsən, mənim də ruhum onun azad ruhuna qoşulub gedib...
O yazını mən yox, ayrı bir Məmməd Nazimoğlu yazacaq. Əlbəttə, əgər doğulsa...
Bütün hallarda, camaat, ölməkdən qalmaq yaxşıdı. Bəs biz ölüb getsək, bu işlərin axırını görə bilmərik axı..."


Teqlər:  





Xəbər lenti