"Kaş ki, bir məzarı olaydı..." - İtkin əsgərin ailəsi

// "Hər dəfə kütləvi məzarlıq tapılanda atamda ümid yaranır..."

"Kaş ki, bir məzarı olaydı..." -  İtkin əsgərin ailəsi
  10 Oktyabr 2022    Oxunub:3479
Bakir İsgəndər oğlu Məmmədov 1971-ci il sentyabrın 4-də Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. Kənddəki 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Özbəkistanda həqiqi hərbi xidmət keçib. 1991-ci ildə Azərbaycana qayıdan Bakir 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılıb. Tağım komandiri kimi Gədəbəydə qulluq edib. Bir müddət keçəndən sonra 1994-cü ildə Murovdağ-Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Fevral ayının 13-16 aralığında itkin düşüb.
Ailəsi illərlə hər qapını döyüb, müharibə iştirakçılarından soraqlayıb, ancaq "gördüm" deyən olmayıb. Atası İsgəndər kişi Yevlaxa, Gəncəyə gətirilən şəhid meyitlərinə bir-bir baxıb. Lakin Bakir adlı oğuldan heç bir iz tapılmayıb. Ailə 28 ildir ki, bu ağırnı qəlbinə gömüb, hər günü bir ümidlə açıb. Bəlkə öldüsündən-qaldısından xəbər çıxar deyə...

İtkinin qardaşı Vüqar Məmmədov: - Ailədə 3 qardaş, bir bacı olmuşuq. Bakir böyüyümüz idi. Evli deyildi. Orta təhsilli idi. İtkin düşəndə 23 yaşı olub. Atamgil onun Murovda döyüşdüyündən fevralın 16-da xəbər tutublar. Ondan sonra isə xəbər-ətər çıxmayıb. Bəhmən adlı qohumuz vardı. O da müharibədə iştirak edib. Danışırdı ki, qardaşımın əsgərlərindən biri yaralanıbmış. O, həmin əsgəri yüksəklikdən aşağı endirirmiş. Orada Bəhmənlə qarşılaşıblar. Güclü qar yağıbmış. Qardaşımın üzərində ağ rəngli komfulyaj var imiş. Bəhmən danışırdı ki, Bakirin üstü qan imiş. O yaralını endirib, geri qayıdıb. Deyib, “əsgərlərim yuxarıdadır, onları başsız qoya bilmərəm".

Həmin yaralı əsgər Bakirin dostu Mütalib Seviloğu idi. Sonradan heç onun da taleyindən xəbər tutmaq mükün olmayıb. Yaralı əsgəri gətirərkən Bakiri görənlərdən biri də yerlisi Tahir adlı şəxs olub. Tahir indi sağdır. Vüqar deyir ki, qardaşları ilə bağlı Tahir müxtəlif versiyalar danışıb. Ona görə də məlumatları dəqiqləşdirmək mümkün olmayıb.

Vüqar Məmmədov - Tahir danışırdı ki, ayağını don vurubmuş. Qardaşımın çantasında yun corab var imış. O, bıçaq ilə Tahirin əsgər çəkməsini kəsərək ayağından çıxarıb, spirt yandırıb və ayağını isidib. Təzə əsgər çəkməsi verib, yun corabı geyindirib. Daha sonra Tahirə deyib ki, Mütalibi oradan çıxartmaq lazımdır. Tahirin dediyinə görə, axrıncı dəfə onu orada görüb. Daha sonra Tahir onlardan aralanıb və geri qayıdanda görüb ki, donub ölüblər. Digər versiyada isə söyləyir ki, qardaşımgil əsir düşdülər. Biz hansı cavabın düzgün olduğunu bilmədik. Edə biləcəyimiz bir şey olmadı. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət etdik. Düşündük ki, bəlkə, doğurdan da əsir düşüblər. Ancaq bir nəticə hasil olmadı.

Ailənin böyüyü idi. Anama onun yoxluğu böyük dağ oldu. Bakirdən sonra anam şəkər xəstəliyinə tutuldu, insult keçirdi. "Bala" deyə-deyə bu dünyaya gözünü yumdu. Ən azından gedib ziyarət edəcəymiz yer olardı. Yoxluğundansa bir məzarının olması yaxşıdır. Atam sağdır. Hər dəfə kütləvi məzarlıq tapılanda bir ümid yaranır içində. 28 illik yarası hər dəfə qanayır. Bizdən bioloji nümunələr götürülüb. Ümidliyik ki, bir iz tapılacaq...



























Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti