Ötən gün yol qəzalarında 8 nəfər ölüb

Ötən gün yol qəzalarında 8 nəfər ölüb
  17 Sentyabr 2016    Oxunub:1563
Azərbaycanda ötən gün ağır yol qəzaları qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sentyabrın 16-da saat 17 radələrində Lənkəran rayonunun Kərgəlan kəndində rayon sakini Fərahim Məlikzadənin idarə etdiyi “Nissan” markalı və Bakı şəhər sakini Rahim İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Məlikzadə və sərnişinləri Şinəxanım Fərəcova, qızları Salatın, Hürü, habelə R.İsmayılovun sərnişinləri Malik Babayev və Mehman Həbibov xəstəxanaya yerləşdirilib, Ş.Fərəcova orada ölüb. ŞRPŞ tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin yaydığı digər məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsinin sakini Anar Bayramov idarə etdiyi “QAZ-31105” markalı avtomobili qəsəbə ərazisində aşırıb və hadisə yerində ölüb.

İmişli rayonunda isə rayonun Aranlı kənd sakini Həsənağa Sədiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Narıngül Məmiyevanı vurub. Piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Eyni zamanda Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Kamal Nəzərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Mübadə Məmmədovanı vurmuş idarəetməni itirdiyindən avtomobilini qarşıdan gələn həmyerlisi Aydın Nəbiyevin idarə etdiyi “İveco” markalı avtomobilə çırpıb. Nəticədə K.Nəzərovun sərnişini Şəfayət Cəfərov və M.Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şakir Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai rayonunun Zığ qəsəbəsində də anoloji hadisə baş verib. Bakı şəhər sakini Vidadi Rəhimzadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Nəsirovanı vurub. Piyada hadisə yerində ölüb. Bütün faktlarla bağlı araşdırma aparılır.

Göyçay rayonunun Qarayazı kəndində şəhər sakini Zaur Sultanov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış 2 baş camışı vurub. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Ümumilikdə ötən gün qeydə alınan qəzalarda 8 nəfər dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti