Bacanaqlar silahla saxlanıldı - Video

Bacanaqlar silahla saxlanıldı - Video
  23 Sentyabr 2016    Oxunub:2859
Qanunsuz odlu silah saxlayan hər iki şəxs polislərin keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncədə qanunsuz odlu silah gizlədən bacanaqlar tutulublar. Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə şəhər sakinləri 57 yaşlı Rəfael Baratpur və 52 yaşlı Fuad Baxşəliyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Fuad Baxşəliyev 1990-cı ilin əvvəllərində Qarabağ uğrunda gedən döyüşlər zamanı əldə etdiyi Makarov tipli tapancanı, ona məxsus sandığı və 11 patronu saxlamaq üçün bacanağına verib.

Fərid Məmmədov- Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi: “Rəfael Baratpurun mənzilindən aşkar edilmiş Makarov tipli tapançanın əlavə olaraq hər hansı bir cinayətdə istifadə olunub-olunmamasının araşdırılması üçün tərəfimdən tədbirlər davam etdirilir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Fuad Baxşəliyev bacanağı silahı 40 manat müqabilində girov qoyaraq ondan pul istəmiş və qeyd edilən silah və sursat Rəfael Baratpurun mənzilindən götürülüb”.

Tutduqları əməllərindən peşman olan bacanaqlar gördükləri işə bu cür haqq qazandırmağa çalışıblar.

Fuad Baxşəliyev- saxlanılan şəxs: “Həmin günün dünəni qızımın toyu idi. Mən də bir az artıq içmişdim. Səhər də durdum gəldim, dedim pul ver. Dedi ki, pulum yoxdur. Mən də silahı verdim”.

Rəfael Baratpur saxlanılan şəxs: “Fuad silahı gətirdi, dedi ki, bunu qoyum, mənə 40 manat pul verəsən. Nə vaxt gətirib qaytararam onda da verərsən. Gərək mən polisə xəbər verərdim. Vermədiyimə görə günahkaram”.

İlkin istintaq zamanı məlum olub ki, Fuad Baxşəliyev daha öncə həyat yoldaşını qətlə yetirdiyi üçün məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 - qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi açılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti