Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb

Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb
  28 Sentyabr 2016    Oxunub:2625
Fəsil dəyişikliyinə görə soyuqdəymə əlamətlərilə həkimə müraciət edən xəstələrin sayı artıb.
Bunu AzVision.az-a açıqlamasında ölkənin baş pediatri Nəsib Quliyev deyib. O qeyd edib ki, yay fəslində uşaqlar arasında bağırsaq pozğunluqlarına tez-tez rast gəlinib, payızda isə qripə yoluxan, soyuqdəymə əlamətləri olan uşaqların sayı çoxalıb.

Baş pediatr vurğulayıb ki, hazırda ölkədə epidemiya və kütləvi zəhərlənmə təhlükəsi yoxdur: “Məktəblərin açılması, uşaqların bağçalara getməsi, havaların soyulması ilə bağlı uşaqların səhhətlərində mövsümü problemlər ortaya çıxır. Soyuqdəymə xəstəliklərin sayı yay fəsli ilə müqayisədə artıb. Amma bizdə epidemiya, ciddi problem yoxdur. Hər il olduğu kimi uşaqların kollektivlərdə cəmləşməsilə virusla yoluxan uşağın digər uşaqları xəstələndirməsi ehtimalı çox olur. Digər tərəfdən valideynlər uşaqlarını düzgün geyindirmirlər. Ailələrdə hər kəs tələb olunan səviyyədə uşaqlara diqqət göstərmir”.

N.Quliyev bildirib ki, valideynlərin övladlarına laqeyd münasibəti uşaqların xəstələnməsinə təsir edir. “Həm tibb işçiləri, həm məktəb müəllimləri, həm bağça çalışanları diqqətli olmalıdır. Uşaqda soyuqdəymə varsa, qripə yoluxubsa, onu məktəbə və bağçaya buraxmaq olmaz. Bu, birinci növbədə uşağın özünə ziyandır, ikinci növbədə digər uşaqları xəstələndirə bilər. Xəstə uşaq evdə qalmalı və ya xəstəxanada müalicəsini almalıdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti