`Made in Azerbaijan` brendi bu ölkələrdə olacaq

`Made in Azerbaijan` brendi bu ölkələrdə olacaq
  13 Oktyabr 2016    Oxunub:3128
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.
AzVision.az xəbər verir ki, bu fikirlər İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında səslənib. qeyd olunub ki, artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.

Şəmkir Aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır.

Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

İclasda idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.

Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək "Yaşıl həftə" sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq.

Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər davam etdirilir. Artıq elektron portal test rejimində fəaliyyət göstərir.

Nazir Şahin Mustafayev dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin təşkili və keçirilməsi, bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarının, ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda iştirak meyarlarının bir ay müddətinə hazırlanması barədə nazirliyin aidiyyəti struktur bölmələrinə göstərişlər verib. Bundan başqa, bir ay müddətində "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının ("duty free") siyahısı müəyyənləşdiriləcək, "Made in Azerbaijan" brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələrinin seçilməsi, tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları hazırlanacaq. Kollegiyada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) ABŞ-ın prestijli mağazalarında "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi tapşırılıb.

Eyni zamanda, ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi, yeni bazarların araşdırılması, ixracı təşviq olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və s. üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi, oktyabr ayında ixrac konfransının təşkili barədə nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

Daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və oktyabrın 13-dən qüvvəyə minən "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanunun icrası istiqamətində tədbirlər görülür.

Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında tələbatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlillər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək.

Kollegiya iclasında, həmçinin qəzalı vəziyyətdə olan məktəblərlə bağlı araşdırmaların yekunlaşdırılması, məktəblərin və digər sosial obyektlərin tikintisi və təmiri məsələlərinin növbəti illərin dövlət investisiya proqramlarında nəzərə alınması tapşırılıb.

Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti