Qılınclarla çılpaq rəqs: Salvador Dali məşhur erməni bəstəkarı necə dolamışdı – GİZLİ TARİX

Qılınclarla çılpaq rəqs: Salvador Dali məşhur erməni bəstəkarı necə dolamışdı – GİZLİ TARİX
  27 Yanvar 2017    Oxunub:14968
Bəhram Çələbi
AzVision.az üçün

Dahi ispan rəssamı Dalinin qalmaqallı hərəkətləri çoxlarına məlumdur. Həmin hərəkətlərdən biri erməni bəstəkarı Aram Xaçaturyanın başına gəlib. Amma bu əhvalatı çoxları bilmirlər.

Aram İspaniyada qastrol səfərində olarkən yaltaqlıqla bu ölkəyə vurğun olduğunu və ələlxüsus məşhur sürrealist rəssam Salvador Dali ilə görüşmək arzusu ilə yandığını bildirir. İspanlar bu təklifdən heyrətlənirlər. Belə ki, Dali təbiətcə çox qəliz, itoynadan, şuluq adam idi və Amerikada yaşadığından vətəninə çox nadir hallarda gəlirdi.

Buna baxmayaraq, qastrolun təşkilatçıları Salvador Dali ilə telefon əlaqəsi yaradır və bəstəkarın xahişini ona çatdırırlar. Və Dali məmnuniyyətlə həmin görüşə razılıq verir. Rəssam həmçinin qeyd edir ki, Xaçaturyanın pərəstişkarı olmaqla yanaşı, onu öz evində görməklə böyük fərəh hissi keçirəcək. Elə həmin dəqiqə təyyarəyə bilet sifariş edəcəyini və ertəsi gün günorta saat ikidə onu qəbul etməyə hazır olduğunu bildirir.

Bu təklif restoranda cavan senyoritaların əhatəyə aldığı pianoda temperamentli ispan rəqsi ifa edən Arama çatdırılır. Və ertəsi gün təyin olunan vaxtda yaraşıqlı hökumət limuzini Xaçaturyanı impressario, katibi və tərcüməçisi ilə birlikdə Salvador Dalinin bəyaz rəngli "Mavritaniya" qəsrinə gətirir.

Darvazanın qarşısında qonaqları xidmətçi qarşılayaraq ev sahibinin yalnız bəstəkarla təkbətək görüşmək istədiyini söyləyir. Dalinin zövcəsi rus olduğuna görə heç bir tərcüməçiyə ehtiyac olmayacağını da Arama bildirir.

Xaçaturyanı müşaiyət edən şəxslər Dalinin xasiyyətinə bələd olduğundan belə qəbula görə heç də təccüblənmirlər. Onlar bəstəkara gözəl istirahət arzulayaraq, oranı tərk edirlər.



Xaçaturyanı mənzərəli mərmər dəhlizlə qəsrə gətirirlər. O, naxışlı parket və güzgülərlə bəzədilmiş zala tamaşa edərək, valeh olduğunu bildirir. Az sonra onu müşayət edən xidmətçi tezliklə ev sahibinin qarşıdakı qapı arxasından peyda olacağını söyləyib, baş əyərək otağı tərk edir.

Xaçaturyan böyük zalda tək qalır. Zaldakı kəfkirli saatin əqrəbləri arasından xoruz başı irəli uzanaraq, iki dəfə banlayır. Lakin içəri girən olmur.

Vaxt ötdüyünə baxmayaraq, Dali hələ də gəlib çıxmırdı. İyirmi dəqiqə də ötür. Aram kresloda rahat əyləşib siqar çəkir, bir qədər sakitləşmək üçün qarşısındakı badəyə “Barselona” konyakı süzüb içir. Saat üçün yarısında bir qədəh konyakın ardınca iki badə “Viqo” şərabı gillədir, masanın üstünə qoyulmuş üzümdən yeməyə girişir. Dali hələ də gəlib çıxmırdı...

Xaçaturyan pencəyinin düymələrini açıb, qalstukunu bir qədər boşaldaraq, əsəbi halda otaqda var-gəl etməyə başlayır.

Əqrəblər üçə on beş dəqiqə qalmışı göstərirdi. O, Dalinin peyda olacağı qapıya yaxınlaşıb dəstəyi dartdıqda, onun bağlı olduğunu aşkar edir. Bu hadisədən özünü itirən Xaçaturyan bir qədəh də konyak içib, ucadan erməni dilində söyüş söyməyə başlayır. Sonra isə otaqda olan qəfəsin içərisindəki tovuzquşunun üstünə tüpürərək, boynundakı qalstuku qəzəblə çıxarıb, cibinə dürtür.

Bu minvalla bir saat da ötür. Saatlar dörd tamamı göstərdikdə gözlənilmədən gizli dinamiklərdən Xaçaturyaın "Qılınclarla rəqs" əsəri səslənməyə başlayır. Bu dəm qapı tappıltı ilə açılır və Salvador Dali tamamilə çılpaq, lüt anadangəlmə vəziyyətdə əlində qılınc tutaraq, süpürgə “at” üzərində otağa daxil olur!

O, qılıncı başının üzərində yellədərək, bütün zalı çapıb, dövrə vuraraq otağı tərk edir. Onun ardınca musiqinin də səsi kəsilir.

Bu zaman xidmətçi otağa daxil olaraq, qəbulun bitdiyini bildirir və Xaçaturyanı çıxışa dəvət edir. Bərk dilxor olmuş Xaçaturyan əyin-başını sahmana salaraq, çıxışa doğru yollanır. Qəsrin astanasında ona Dalinin imzası olan yaraşıqlı albom hədiyyə olunur.


Teqlər:





Xəbər lenti