Bakının su problemi necə həll olumuşdu? – Tarixi Araşdırma (II yazı: Mənbələr)

Bakının su problemi necə həll olumuşdu? – Tarixi Araşdırma (II yazı: Mənbələr)
  15 Fevral 2017    Oxunub:15009
Yeganə Kamal Cabbarlı
AzVision.az üçün

(Yazının birinci hissəsini BURADAN oxuya bilərsiniz)

...Əslində Kür çayından su xəttinin çəkilişi üçün axtarışlara 1891–ci ilin yayında start verilmişdi. Komissiyanın rəhbəri X.S.Antonov idi. Kür çayından suyun qəbul edilməsi üçün Meyniman kəndi yaxınlığındakı ərazi seçilmişdi və oradan suyun ötürülərək, Hacıqabuldan Bakıya gətirilməsi nəzərdə tutulurdu.

Axtarışların həyata keçirilməsi, nivelirləmə planı və şəhərin nivelirlənməsi şəhər yerölçəni V.A.Bubnova tapşırılmışdı və Meynimandan Hacıqabula düz yol salmaq üçün 4 verstlik bir məsafədə qayıqla keçərək xeyli qamış qırmaq lazım gəlmişdi. 1892–ci ildə Kür su xəttinin çəkilişini təsərrüfat hesablı yolla həyata keçirmək qərarlaşdırılır və bu tikintiyə pulların istiqraz yolu ilə tapılması təklif edilir. Həmin istiqrazlar da şəhər otlaq torpaqları hesabına təmin olunurdu. Elə həmin hesabdan da Şəhər Duması yuxarıda adı çəkilən 3 layihəni sifariş etmişdi.

Layihələr ekspertiza üçün Moskvaya “Neptun” adlı texniki idarəyə göndərilmişdi. Ekspertizadan sonra layihələr Daxili İşlər Nazirliyi yanında texniki Komitəyə təqdim edilmiş və yekun qərar çıxarılmışdı. Komitə 3 sentyabr 1896–cı ildə hər bir layihənin ayrı–ayrılıqda qüsurları və üstünlüklərini göstərən Moskva ekspertlərinin rəyi ilə tamamilə razılaşdığını bildirir, ancaq maliyyə səbəblərindən layihənin heç biri qəbul edilmir. Bununla da şəhərin su təchizatı gündəmin ən vacib məsələsi kimi açıq qalır və onun həll edilməsinə müxtəlif şirkət və ayrı–ayrı imkanlı vətəndaşlar tərəfindən də fərqli təkliflər gəlir. Bəzi şirkətlər təmizləyici qurğuların qoyulmasını, bəzi şəxslər Zuğulba layihəsini yenidən gündəmə gətirirdi.

Maraqlı təkliflərdən biri də Hacı Zeynalabdin Tağıyevdən gəlmişdi. Azərbaycanın o zamankı maqnatı Kürün suyunu gəmilərlə Bakıya daşımağı təklif edirdi. O, vedrəsi 0.7 qəpikdən olmaqla hər gün 90.000 vedrə suyun daşınmasına zəmanət verirdi. Suyun qəbulu və saxlanılması şəhər hesabına olmalı idi və idarənin fəaliyyəti 5 il müddətinə nəzərdə tutulurdu. Lakin digər təkliflər kimi bu təklif də sərfəli olmadığından, rədd edilir.

26 may 1898–ci ildə Şəhər Duması “A.Koppel” aksioner cəmiyyəti ilə 5 il müddətinə şəhərin su ilə təchizatını mühəndis Yaqnanın təmizləyici sistemi ilə həyata keçirməklə bağlı müqavilə imzalayır. Həmin sistemin gündəlik istehsal gücü 50.000 vedrə, qiyməti isə 0.7 qəpik idi. Bu qiymətlərə görə şəhər həmin cəmiyyətə maye yanacaq üçün bir pudu 10 qəpikdən zəmanət verirdi. Yeni təmizləyici sistem 10 avqust 1899–cu ildən istismara verildi. Elə həmin yığıncaqda Duma Kür su xəttinin tikintisinin konsessiya əsasında aparılmasını qərarlaşdırır. Komissiya arzu edənlərə çağırış edir və tez bir zamanda, 1 dekabr 1898–ci ildə artıq Şəhər Upravasına 7 təklif daxil olur. Lakin onların heç biri düzgün əsaslandırılmadığından və qeyri-ciddi hesab olunduğundan, qəbul edilmir.

Şəhərin sutəmizləyici qurğusu isə artıq yararsız hala düşdüyündən şəhərin su təchizatı Bakı gəmi sindikatlarının gəmiləri ilə gətirilən çay qayıqları vasitəsi ilə həyata keçirilirdi – vedrəsi 1 qəpikdən.

28 aprel 1899 – cu ildə su təhcizatı üzrə komissiya yaxşı texniki kanalizasiya, həmçinin, gündəlik 3.000.000 vedrə istehsal gücündə olan Samur və Kür çaylarından su xətti çəkilişi ilə bağlı layihələrin alınmasının vacibliyilə bağlı Duma qarşısında məsələ qaldırır. Duma təklifi qəbul edir və 70.000 rubl pul ayıraraq komissiyanın sərəncamına verir.

Tədqiqatlar və axtarışlar

Komissiya isə mühəndislər - Dümon, Streker və Lindleyə layihə tərtib etmələrilə bağlı təklif verir. 3 iyul 1899–cu ildə Lindley komissiyayanın təklifinə razılıq barədə məktub göndərir, lakin su mənbəyinin tapılması məsələsinin şəxsən ona həvalə edilməsi şərtilə. Şərtləri qəbul edilən Lindley artıq oktyabrda Bakıya gəlir və Quba qəzası və Samur vilayətinə səfərə çıxır.

1899–cu ilin sonlarında Bakı şəhərinin su ilə təchiz edilməsi məsələsini həll etmək üçün iki böyük ərazidə axtarışlar həyata keçirilir: 1) Qafqaz silsiləsinin əsas su ayırıcının cənubu – şimaldan baş silsilə su ayırıcı ilə, şərqdə Xəzər dənizi, cənubda Kür çayının aşağı sahilləri və qərbdən Göyçay çayı ilə məhtudlaşan ərazi; 2).Əsas su ayırıcından şimala doğru, onun cənub sərhədlərini təşkil edən - Xəzər dənizinin şimal – şərqinə və Samur və Axtın çaylarının şimal – qərbinədək uzanan ərazi. Lakin birinci ərazinin coğrafi və hidroloji vəziyyəti burada güclü və keyfiyyətli su mənbələrinin olması imkanını məhtudlaşdırırdı. Digər tərəfdən isə, Bakıdan xeyli uzaq məsafədə olması və su kəməri tikintisi üçün əlverişli şəraitin olmaması ucbatından həmin ərazidə axtarışlar aparılmır. Qafqaz silsiləsinin əsas su ayırıcı isə şimal – qərbdən cənub – şərqə doğru istiqamətlənərək, Salavat aşırımı, Bazar Düzü, Şahdağ, Baba Dağ, Gümüşlü, Tufandağ hündürlüklərindən keçib, Abşeron yarımadasında qurtarırdı. Həmin suayırıcı Kür çayının aşağılarına doğru dağın cənub ətəklərinin qırx verstliyindən keçirdi. Həmçinin, dağın şimal yamacları Xəzər dənizinə doğru 50–80 verst genişlənirdi və hündür zirvələri qarla örtülü olurdu. Bu baxımdan həmin ərazidən Bakıya su çəkilməsi məqsədəuyğun hesab edilir.



Göstərilən ərazilər ilk olaraq yura dövrü, ikincisi, ən hündür dağları bürüyən alt və üst tabaşir dövrü, üçüncüsü isə üçüncü gil və sarmat və ya aral – xəzər çöküntüləri dövrü coğrafi formasiyalarında əmələ gəlmişdir.

Beləliklə, Lindleyin bu səfərin nəticəsi ilə əlaqədar gəldiyi qənaət belə olur: Qusarla Həzrə arasındakı yayla Şahdağ və Şahbuz dağ massivlərindən əriyən qar və atmosfer çöküntüləri hesabına yeraltı sularla zəngindir. Bu yerlərin yeraltı sularla zənginliyinin sübutu kimi o, Xudat stansiyası yaxınlığındakı gur Şollar bulaqlarını nəzərdə tuturdu.

Axtarışdan qayıdan Lindley 18 dekabr 1899 – cu ildə komissiya qarşısında məlumat verir. O, dərinliyi 25–30 sajın olacaq quyuların qazılması üçün Qusar–Həzrə-Quba qəzası xəttini seçir. Lakin yığıncaqda iştirak edən mütəxəssislər Lindleyin təklif elədiyi yeraltı suların bu terrası kəsən çayın səviyyəsindən xeyli aşağı olduğunu və bu səbəbdən də torpağı əsaslı şəkildə qurutduğunu əsas gətirərək, bunu mümkün variant hesab etmir və məsələ də bu şəkildə Dumaya ötürülür.

3 dekabr 1899–cu ildə Dumada məsələ təsdiqini tapır və ertəsi gün, 4 dekabr yığıncağında Duma Lindleyə Kür və Samur su xətti layihələrini və şəhər kanalizasiyası layihəsini tabşırmaqla bağlı qərar qəbul edir. Lakin yeraltı suların axtarılmasını həyata keçirmək üçün 150.000 rubl vəsait tələbi məsələnin açıq qalmasına səbəb olur və bu səbəbdən də Lindleylə müqavilə imzalanması da təxirə salınır. Müqavilə imzalanmış olsaydı axtarışlar 31 mart 1901–ci ilədək sonlanmalıydı. 10 may 1901–ci ildə komissiya yenidən Lindleyi Bakıya dəvət edir və o, Kür və Samur layihələrinin smetasını da təqdim etməklə hesabat verir. Həmin yığıncağın gedişi ərəfəsində Lindley yenidən su kəmərinin bulaqlardan çəkilməsi məsələsini qaldırır və komissiya da öz növbəsində bu məqsədlə Dumadan sınaq quyularının qazılmasına 30.000 rubl ayırmasını istəyir. Lakin 19 iyunda Duma bu məsələni rədd edir və Kür və Samur çaylarından kəmərlərin çəkilişinə 25.000 rubl ayırır.

Lindleylə müqavilə isə 35.000 rubl mükafat boyun olunmaqla 23 iyun 1901–ci ildə imzalanır.Lindley Kür, Samur və şəhər kanalizasiyası ilə bağlı layihələri 1 apreldə axtarışları yekunlaşdırmaq şərtilə 1 oktyabr 1902 ci ildə təhvil verməliydi. Axtarışlar isə 1 iyunda başlayır. Suyun analizi üçün 2 laboratoriya qurulur: Qusarda - kimyəvi laboratoriya və Kürün sahılındə, Ərəbşahverdi kəndində - bakterioloji laboratoriya. Burada həm də suyun duruldulması və filtirasiyasını aydınlaşdırmaq üçün təcrübə hovuzu və filtr qurulur. Təbii ki, axtarışlar qərarlaşdırılmış müddətə yekunlaşmır və daha 8000 rubl əlavə ödənişlə 1902 – ci ilin avqustunda başa çatır.

Lakin o vaxta qədər baş verən hadisələr məsələni tamamilə başqa istiqamətə yönəldir. Belə ki, xaricdə, Frankfurt–Maynda Lindleylə görüşən Bakı Şəhər Başçısı A.İ.Novikov oradan çeşmə suyu çəkilişinin qaynar tərəfdarı kimi dönür və Quba qəzasından yeraltı suların çəkilişi məsələsini Duma qarşısında müzakirəyə çıxarır və onu inandıra bilir.



Tezliklə Bakıya qayıdan Lindleyin iştirakı ilə Dumanın təcili yığıncağı keçirilir. Duma ehtiyat kapitaldan bu işin həyata keçirilməsinə 182.000 rubl ayırır: 125.000 rubl Vəlvələ - Qusar – Hil – Həzrə – Samur ərazisindəki, 10.000 rubl Xudat – Xaçmaz ərazisindəki axtarışlara, 3000 rubl çeşmələrin hüquqi müayinəsi və onların yerləşdiyi torpaqların mülkiyyətçilərinə, 9000 rubl mühəndis Lindleyin Kür, Samur və şəhərin kanalizasiya layihələrinə, 15.000 rubl isə Lindleyə yuxarı yeraltı suların və aşağı çeşmə sularının 2 yeni su xətti layihəsi üçün verilir.Lakin ehtiyat kapitalından vəsait ayırılması məsələsinin təsdiqini tapması üçün Qafqaz Baş Rəisliyinə icazə ilə bağlı müraciət edilir və cəmi 32.000 rubl vəsait ayırılsa da qalan 150. 000 rubl Torpaq və Dövlət Mülkiyyəti Nazirliyinin qərarını gözləyir.

Həmin müddətdə də Koppelin su təmizləyici nasosunun istehsal qabiliyyəti tamamilə yararsız vəziyyətə düşür və 30 noyabr 1902–ci ildə yeni təmizləyici su qurğusu müqaviləsi imzalanır. Əhaliyə verilən suyun çirklənməsi isə maksimum həddə çatmışdı və filtrin təmizləyə bilmədiyi dəmir qırıntıları suyu paslandırmış və borulardan axan “ qırmızı su” su xətti abonentlərinin şəhərdə səs–küy salmasına səbəb olmuşdu.

1903–cü ilin yazında isə nəhayət, Qafqaz Baş Rəisliyindən ehtiyat kapitalından 150.000 rubl ayırılması ilə bağlı gözlənilən cavab gəlmişdi, lakin zəmanət qarşılığında. Torpaq və Dövlət Mülkiyyəti Nazirliyi şəhərin həmin su kəməri vasitəsilə nə qədər su ala biləcəyi ilə bağlı müfəssəl məlumat və zəmanət istəyirdi. Mühəndis Lindley isə Samur və Kür çaylarından çəkiləcək su xəttlərinin layihəsi ilə məşğul olduğdundan axtarışlara başlaya bilmir və iş payıza keçirilir.

Bu ərəfədə isə Lindleyə alternativ yeni iki layihə ortay çıxarılır: mühəndis Roytun Kür su kəməri layihəsi və mühəndis Lui de Ratsenin 200.000 rublluq şəhər su çənlərinə öz axını ilə gələ biləcək çeşmə suyu mənbəyi layihələri. Lakin hər iki layihə inandırıcı olmadığından qəbul edilməmiş qalır. Bakı Şəhər Duması isə şəhər üçün həqiqətən yararlı ola biləcək layihəni mükafatlandıracaqdı. Belə layihələr arasında isə hələlik ən uyğunu Lindleyin layihəsi idi.

1903–cü ilin payızında Bakıya Lindleyin təqdimatıyla Dyurqam və fon – Pfiffer adlı iki nümayəndə gəlir və onlar özləri ilə mühəndis Lindleyin Kür su xətti layihəsini gətirirlər və eyni zamanda onun zəmanəti ilə su qaynağı axtarışı və çeşmə suyu layihəsini tərtib etmək üçün müqavilə imzalanmasına vəkalətləndirilirlər.
Beləliklə, müqavilə imzalanır və 1904 – cü ilin fevralında Lindley fəaliyyətə başlayır.

Lindleyin Bakının su təchizatını həyata keçirmək üçün əlverişli hesab etdiyi yer isə şimal yamaclarından Xəzər dənizi istiqamətində 50–80 verst eni olan bir ərazi idi və onun həmişə qarla örtülü olan bir neçə zirvəsi vardı.Həmin yamacların əsas çay hövzələri isə Samur və onun qolları, Qusar – çay, Alpançay, Qudyalçay, Ağçay, Qaraçay, Çağacıqçay, Vəlvələçay, Hadran və Dəvəçiçay, Gilgilçay, Ata çay, Göyçay çayları idi. Lindley həmin çay hövzələrinin axtarışlartının yekunu üzrə coğrafi təsvirini belə verirdi:

Vəlvələ-çay
Vəlvələçay hövzəsi ən əlverişl vəziyyətə malik idi.Çayın hövzəsi Qonaqkənddən sol tərəfdə birləşən hər iki qolun yuxarı axınınadək tədqiq edilmişdi.Bir neçə yerdə bulaqlara rastlanmışdı.Vadisi xarakter etibarılə Ataçay vadisi ilə uyğunluq təşkil edir. Vadi başdan–başa dərə-təpəlikdir və yamacları yuyulmuşdur. Quraqlıq dövründə çayın məsarifi əhəmiyyətsiz dərəcədə azdır. Çayın yatağı və deltasında çınqıl və çay daşları aşkarlanmış və qrunt sularının əlamətlərinə rast gəlinmişdir. Lakin bu əlamətlər burada yetərincə suyun olmasından xəbər vermir.

Quba yamacı
Vəlvələçayın ardınca şimal–qərbə doğru yerin xarakteri dəyişir; dağlar dənizdən uzaqlaşır və onlarla sahil arasında geniş və olduqca maili düzənlik yerləşir; dağ silsiləsinin tədricən dənizdən aralanması ilk olaraq Beş–Barmaq dağından başlayır, dağ yamaclarının düzənliyə keçdiyi yerdən isə Bakı, Quba və Dərbəndin bir neçə cənub yolu uzanır.
Şimal – qərbə doğru genişlənən düzənliyin xarakteri də dəyişir. Cənub–şərqdə yerləşən çaylar üçüncü gil qatı yumaqla öz vadisində meşələrin əmələ gəlməsinə səbəb olur və vadi onun aşağı axarından kənarda qalır. Burada çox az rast gəlinən çınqıl isə üçünçü nəsil, qismən isə tabaşir formasiyası dövrünün bərkimiş əhəng tərkiblidir ki, buna da Quba yamacının bir sıra yerlərində rast gəlinir.
Çöküntülərin xarakteri çayların keçdiyi ərazilərdə çay hövzələrinin çoğrafi quruluşuna görə dəyişir.
Çınqıl çöküntüləri şimala doğru çoxalır və onun xarakteri də dəyişir: Vəlvələ çayı yaxınlığında yamaclar gil qatları və meşələrlə əvəzlənən geniş çınqıl çöküntülərindən ibarətdir; bunun ardınca simal – qərbə, Samura doğru istiqamətlənən çınqıl çöküntüləri isə daha təmizdir və laylar həcmcə kiçilir.
Əkinçiliyin aparılması, suvarma qurğularının olması, ağaclar və digər əlamətlər bu yerlərin xarakterinin tamamilə dəyişməsindən xəbər verir.

Çağacıq–cay
Vəlvələçayin ardınca hövzəsi o qədər də böyük olmayan Çağacıqçay gəlir.Çay əsasən dağətəyi yerlərdən keçir və suyu sarmat və miosen formasiyalarından əmələ gəlmişdir. Həmin formasiyaları xatırladan çınqıllı qum və qum və gil qatlarının yuyulduğu gil məhsullarından ibarət çöküntülər hesabına çayın Rustov yaxınlığında suyu bulanıqdır.

Qara – çay
Çayın adından göründüyü kimi bu yerlərin şəkli tamamilə dəyişmişdir. Cayın hövzəsi əsas dağ silsiləsinə qədər genişlənir. Qaraçay şimal – qərb istiqamətində yerləşən çaylardan ən çox çay daşları və çınqıl aparan birinci çaydır.
Çayın çınqılında çoxlu miqdarda tabaşir və yura formasiyalarına aid daşlar mövcuddur; sahil yamacları çınqıldan yaranmışdır; suyu həddindən artıq şəffaflığı ilə digərlərindən seçilir.
Nügədi yaxınlığında çayın vadisi genişlənir. Çaya tökülən atmosfer çöküntüləri üzdən axır, çayın yatağı isə sukeçirici qatlar üçün onlar daşdığı təqdirdə sanki suötürücü rolu oynayır. Lindley belə qərara gəlir ki, əgər Qara çaydan dəniz sahilinə xətt çəkilərsə, onda bu yol Xaçmaz ətrafında olan şərq bulaqlarının üzərindən keçəcək.

Ağ–çay
Qaraçayın iki verstliyindən və Nügədidən dənizə qədər ona paralel axır. Qara – çayla müqayisədə daha maraqlıdır. Hövzəsi dağətəyində yerləşdiyindən Çağacıq – çayla eyni xarakterdədir.

Qubaçay ( Qudyalçay )
Ərazinin ikinci ən böyük çayıdır: hövzəsi baş silsiləyədək, Tufan dağın qərb ətəklərinə gedib çıxır.Çay boyu onun hövzəsindən düzənliyə və vadiyə sahilboyu şaquli yarğanlar əmələ gətirən və əsasən, tabaşir formasiyasına aid külli miqdarda çınqıl və çay daşı çıxır. Onların içərisində tez–tez yüngül gil və lil qatlarına təsadüf edilir: bəzi yerlərdə konqlomeratlara rast gəlinir. Bütün bu qatlar sukeçirməyən, aşağı laylar isə sudaşıyıcıdır. Qudyalçayın deltası Qubadan 3 verst şimal–şərqə doğru başlayır.
Gümüşlünün yanından isə əsas silsiləyə paralel olan ikinci bir silsilə uzanırdı ki, o da cənub şərqə istiqamətlənir və Bakı yaxınlığında qurtarırdı.Hər iki silsilə arası ərazi isə Sumqayıtçay çayının hövzəsi idi.

Alpançay
Hövzəsi böyük deyil və dağlara olan məsafəsi də çox azdır. Lakin bununla belə özü ilə çınqıl gətirən dağ çayıdır və aşağı hissələrdə çınqıllı deltadan keçir. Deltası olduqca təmizdir. Yay aylarında çayın məsarifi çox olmur, belə ki, suyu ancaq suvarmaya yönəldilir. Çayın vadisi boyu xeyli yerdə bulaqların olması orada əhəmiyyətli dərəcədə qrunt sularının olması barədə düşünməyə əsas verir. Xaçmaz yaxınlığındakı bulaqlar isə Xəzər dənizinə aparan çayın əsas yol xəttinin üzərindədir.

Qusar – çay
367 kv.verstlik hövzəyə malikdir və bütün ərazinin su təminatını həyata keçirir. Onun əsas qolu olan Şahnabat cənuba və şimala uzanan geoloji laylar boyu istiqamətlənir, sonra isə Ləzədən Kuzuna doğru şimala yön alır.
Həmin yolda Qusarçay Şahdağın əzəmətli zirvəsinin cənub və şərq yamaclarından suları qəbul edir. Şahdağ massivi isə yura dövrü formasiyasına aiddir və qalın tabaşir çöküntüləri ilə örtülüdür.
Kuzunda isə çay şərqə istiqamət alır, burada o, Xuraya qədər 15 verstə yaxın dağ silsiləsinə paralel axır və buradan isə şimal – şərqə sarı dönərək Xəzər dənizinə istiqamətlənir. Onun sol, şimal sahıli Ləgər yaxınlığında çayın səviyyəsindən 180 sajın hundurlukdə şaquli divar kimi dayanan qalın çınqıl çöküntüsündən əmələ gəlmişdir. Bu yarğanın yamacı qılıcından Xəzər dənizinə doğru gedir.
Dağlarda, Şahnabat vadisi yamacı boyu saniyədə 5–50 litr məsrəflə bir neçə bulağın suyu da çaya tökülür. Çox güman ki, onlar tabaşir qatlarından yaranan qaynaqlardır ki, yura gilinin üzərinə çıxmışdır. Qusarçayın aşağı böyür vadilərində də kiçik bulaqlar çıxır ki, onlar da suxurların sukeçiriciliyindən xəbər verir.
Qusardan bir neçə verst aşağıda isə Qusarçay öz çınqıllı deltasına daxil olur. Çınqıl burada da Alpançayında olduğu kimi çox təmizdir.
Yura və tabaşir formasiyasının əzəmətli dağ möhkəmliyinə malik Qusarçay hövzəsi də qalın sukeçirən çınqıl çöküntülü layları ilə meteoroloji çöküntülərin hopması və dənizə istiqamətlənən ən aşağı laylardakı sukeçirici çay daşı qatlarını qidalandırmaqla gələcəkdə yeraltı axınların əmələ gəlməsi üçün yüksək dərəcədə əlverişli əhəmiyyətə malikdir.Çaylar və yeraltı sellər zirvəsi qarla örtülü olan boyük dağların yerləşdiyi ərazilərdə etibarlı qida mənbəyidir.

Samur
Yamacın ən hündür çayı idi; hövzəsi 4000 kvadrat verst. Onun yuxarı, şərq axını mənbəyindən Həzrəyə qədər baş silsiləyə paraleldir: Həzrə yaxınlığında o, şimal – şərq, sonra isə şimal istiqamətində axaraq Xəzərə tökülür.
Samurun əsas qolları ona cənubdan birləşir ki, onlardan da ən əsası silsiləyə şərq tərəfdən paralel olan Axtınçaydır (Quruçay –yuxarı axında Susayçay adlanır).
Şalbuzdağın şərq yamacı və Bazardüzünün şimal–qərb yamacı Usuxçay və Sudurçay hövzələrinə daxildir ki,yay aylarında çox böyük miqdarda su verən Şahdağın şimal yamacı da həmin hövzəyə aiddir.
Samur güclü yamaca malikdir və özü ilə böyük miqdarda çınqıl və qum gətirir. Onun çınqılı yura dövrü formasiyasına məxsusluğuna görə xüsusilə fərqlənir. Çay bütün eni boyunca belə çınqıl və çay daşları ilə doludur. Kulardan Samur dərinləşdikcə şimal–şərqə ümumi axına malik üçüncü formasiyaya aid sukeçirməyən gil üzərindən axır. Kuların arxasında isə çay yelpikşəkilli çınqıllı deltaya çıxır ki, burada da çay səthi axır və yeraltından Xəzərə tökülür.
Göstərilən çay hövzələrindən başqa Hil ərazisi də öyrənilir. Qeyd olunur ki, həmin ərazi geoloji cəhətdən olduqca təmizdir və çox hıssəsi meşələrlə örtulmüşdür və çay yataqlarınnın dərələrdəki vadiləri əsasən qurudur. Çay yataqlarının isə qaya parçaları və çınqılla dolu olması zaman–zaman güclü selin olmasından xəbər verir.Ümumiyyətlə bütün coğrafi məlumatlar suxurların su keçiriciliyinin və qidalanmasının kifayət qədər olduğunu göstərirdi.
Lindley, Hil ərazisinin təsvirini belə verir: Bu ərazi Qusarçayın sol sahil şırımı ilə məhtudlaşır və Xəzərə doğru meyllidir: cənub və cənub-şərqdən Qusarçayla sərhəd, qərb və şimal–qərbdən isə onu suayırıcı Həzrəçay və Samurdan ayırır. O 295 kv. verst əraziyə malikdir və cənub–qərbdən şimal–şərqə istiqamətlənən bir sıra vadi və təpələrdən ibarətdir.
Bu yerlərin geoloji xarakteri Kular və Həzrə yaxınlığında Samur sahili və Qusarçay vadisi boyu demək olar ki, dik yamaclar əmələ gətirən qalın çınqıl laylarla müəyyən edilir. Həmin çınqıl laylarda müxtəlif qalınlıqlı gil təbəqələrə rast gəlinir ki, onlarda yüngül gil ilə örtülmüşdür.Gündüzqala vadisindəki çınqıl çöküntüsü isə qalınlığı və təmizliyi ilə xüsusilə gözəldir.

Beləliklə,axtarışla bağlı Lindleyin gəldiyi ümumi nəticə belə olur:
Qafqaz silsiləsinin şimal yamaclarından və çoxlu sayda çay deltalarının yuduğu çöküntü məhsullarının əmələ gətirdiyi geniş düzənlik mövcuddur; çöküntülər əsasən su keçirən qum, çınqıl və gil qatlı çınqıldan ibarət olan və dənizə doğru güclü meyllənən suxurlar əmələ gətirmişdir ki, bütün əlamətlər də bu suxurların möhkəmliyindən xəbər verir; Samur və Qusarçay vadilərində rast gəlinən göstərişlər üçüncü sarat dövrü törəmələrinin su daşıyan laylarda su keçirməyən yataqların olmasını güman etməyə imkan verir; sudaşıyan layların qida mənbələri Qudyalçay, Alpançay, Qusarçay və Samur çaylarıdır; sudaşıyıcı layların qidalanma hövzəsi çox genişdir və yüksək dərəcədə əlverişli şəraitə malikdir. Bütün bunlar dağlardan dəniz istiqamətinə bir yataqdan və yaxud ayrı–ayrılıqda az və ya çox dərəcədə su daşıyıcı laylardan axan güclü yeraltı selin olması qənaətinə gəlməyə imkan verir.

Çeşmələr
Axtarışlar sübut elədi ki, Xəzər dənizi boyu dəniz səviyyəsindən yuxarıda yerləşən çoxlu şirin qrunt suları mövcuddur.
Xudatdan şimal – şərqə doğru meşədə şəffaf sərin suyu olan gur bulaqlar vardır. Çeşmə sularına gəldikdə isə aydın olur ki, Xudatdan şimal – şərqdə şəffaf və sərin suyu olan güclü axın vardır ki, həmin axının yuxarısında Şollar mənbəyi aşkar edilmişdir. Həmin ərazidə aparılan ciddi araşdırmalardan sonra məlum olur ki, burada su daşıyıcı laylardan qidalanan həddən artıq bulaq və çeşmə suları mövcuddur. Bulaqların xarakteri onların şimal – qərbdən cənub – şərqə doğru dəyişdiyini göstərirdi. Fərzəlioba və Şollar sularına aid olan şimal – qərb bulaqlarının çınqılları Samurda tapılanlarla eynilik təşkil edirdi. Belə ki, şimal – şərqə keçdikcə açıq suxurların sayı artır və Xaçmaz bulaqlarında boz yura suxurları tamamilə itir.

Bulaqlar əlamətlərinə görə uç növə bölünürdü. Birinci növə aid olan Şollar və Fərzəlioba bulaqları çınqıl yarğanlarının altından və ya meşədən, ikinci növə aid Bostançı bulaqqları dərin oyuq və ya kiçik vadilərdən çıxır, üçüncü növ Susay bulaqları isə heç bir hövzə əlaməti olmayan yerüstü bulaqlar idi.

Bütün bu bulaqlar Xaçmazdan cənub–qərbə doğru ərazilərdə aşkarlanmış və Ləçət kəndinə doğru şimal–qərbə istiqamətlənmişdi. Bu kənddən şimala doğru isə bulaqlara Yalama kəndinə qədər olan ərazi boyu, dəmir yolunun şimal – şərq istiqamətində rast gəlinirdi.

Beləliklə, bulaqların çıxdığı yer 35 verst uzunluğa və 7 verst enə malik 250 kv.verst ərazini əhatə edirdi.

Suyun keyfiyyəti ilə bağlı aparılan ümumi tədqiqatlardan sonra müəyyən olunur ki, Şollardan şimal istiqamətindəki ərazilərdə aşkarlanan qrunt və çeşmə suları Bakı şəhərinin su təminatı üçün yaxşı qaynaqdır.

Mühəndis Lindley tərəfindən aparılan çəkiliş və nivelirləmə işləri 1902 – ci ilin iyun ayından başlayaraq 1903 – cü ilin martında sona çatır.Bütün bu işlərin aparılma məqsədi Kür layihəsində olduğu kimi Şollardan Bakıya aparılacaq su kəməri xətti üçün daha əlverişli yolun seçilməsi idi. Əsas diqqət daimi meylliliyə malik su xətti qurğusunun həm də iqtisadi ölçülərinin əlverişli olmasına yönəlmişdi.
Sumqayıtdan Xudata qədər uzanan dəmiryolu boyunca taksometrik çəkiliş aparılmış, daimi nöqtələrin saxlanılması və reper kimi dəmir yol xəttinin tikintisinə daxil olan körpülər,borular, sifonlar və teleqraf dirəklərindən istifadə olunmuşdu. Sonra bu nöqtələrdən yararlanaraq bir neçə variant içərisindən daha uyğunu seçilərək köndələn nivellirləmə həyata keçirilmişdi. Daha dəqiq çəkilən ərazilər isə Fərzəlioba və Şollar ərazisi, Əliməmməd - Ərəb kəndi yaxınlığındakı Ata çay bataqlığının yoldan dənizədək olan ərazisi, Pirdağ stansiyası yaxınlığındakı qum təpələri və nəhayət, Sumqayıtçayın dəmiryolundan Xəzərin sahilinə qədər olan ərazisi idi.

Şollar bulaqları ərazisindəki çəkilişlər 1:2500 masştabda, digər çəkilişlər isə 1:10000 masştabda aparılmışdı.Hündürlüklər hər 1 sajından bir qeyd edilmişdi.
Bütün çəkiliş və niverilləmə işlərinin həcmi uzununa 150 verst, köndələn 500 verst, magistralın uzunluğu 150 və çəkilişin əhatə ərazisi isə 400 kv.verst idi.
Bakı – Şollar su xətti yolunda ilk quyu - birincisi Xudat stansiyasının 5 verstliyində, digəri isə Şollar bulağının yaxınlığında qazılır. Bundan başqa onun 4 verstliyində, Şumagir kəndi yaxınlığında daha 2 quyu qazılır. Beləliklə, may ayına qədər 44 quyu qazılır. Lakin işlər olduqca ləng gedirdi və təyin edilən vaxt ərzində işləri yekunlaşdırmağın mümkün olmayacağını görən Lindley komissiya qarşısında xüsusi hesabatla çıxış edərək, ləngimənin səbəbini işə məsul olan cəmiyyətin yerli şəraitə bələd olmaması ilə əlaqələndirərək onu işdən uzaqlaşdırmalarını və işləri təsərrüfat yolu ilə davam etdirməyi təklif edir. Su təchizatı üzrə komissiya bu məsələ ilə bağlı işlərin aparıldığı əraziyə gəlir və işin yekunları ilə bağlı Duma qarşısında çıxış edir. 14 may 1904 – cü ildə qərara alınır ki, işlər tamamilə dayandırılsın. Dumanın yığıncağından sonra şəhər başçısı A.İ.Novikov sədrlikdən imtina edir və komissiya üzvlərinin say tərkibi ilə bağlı yetərsay olmadığından axtarışların ləğv edilməsi məsələsi həllini tapa bilmır. Yalnız yeni sədr seçildikdən sonra nəhayət, Dumanın 1904–cü il 4 iyun tarixli yığıncağında qərara alınır ki, yeraltı və çeşmə sularının axtarışı dayandırılsın və büro buraxılsın.

1905–ci ilin qanlı hadisələri isə şəhər təsərrüfatını bütünlüklə dağıdır və su təchizatı məsələsi də uzun müddətlik təxirə salınır. Yalnız 1908 – ci ildə şəhər öz bükülmüş belini qismən dikəltməyə başlayır və N.V.Rayevski Şəhərin yeni başçısı olduqdan sonra Lindley şəhərin çeşmə suyu ilə təchızatı layihəsini reallaşdırmaq imkanı qazanır.

Nəhayət ki, Bakı–Şollar su kəmərinin çəkilişi məsələsi Bakı Şəhər Dumasının 5 may 1909–cu il tarixli yığıncağının qərarı ilə qətiləşir və Şəhər Upravasına tabşırılır ki, 23.500.000 rubl məbləğində istiqraz vəsaiti vermək üçün tədbirlər görsün. Duma hesab edirdi ki, istiqraz reallaşdırıldığı təqdirdə şəhər 20.680.000 rubl vəsait alacaq ki, onun da 18.590.000 rublu mühəndis Lindleyin Bakı–Şollar su xəttinin çəkilişi üçün razılaşdırılmış smetasına, yerdə qalan 2.090.000 rubl vəsait isə su xəttinin çəkilişi ərəfəsində - 3 – 4 il müddətində borc faizlərinin ödənişinə xərclənəcəkdi.

Vəsaitlə bağlı məsələ isə 6 oktyabr 1909–cu ildə Nazirlər Şurasının qərarı ilə reallaşdırılır. Nazirlər Şurası Bakı Şəhərinə ümumi məbləği 27.000.000 rubl olmaqla 5%-li iki istiqraz verilməsinə icazə verir.Həmin vəsaitin 23.500.000 rublu su xəttinin çəkilişinə və 3.500.000 rublu isə şəhərin digər ehtiyaclarının ödənilməsi üçün ayrılmışdı.

30 mart 1910 – cu ildə mühəndis V.Lindleylə bağlanılan müqaviləyə görə Şəhər Bakı və ətrafının yeni su təchizatı qurğusunun layihələndirilməsiylə bağlı rəhbərlik və yoxlama, həmçinin, su kəmərinin istismarı və onunla əlaqəli bütün sahələrə nəzarət işini su şəhər şəbəkəsinə qoşulduğu andan sonrakı bir il müddətdə daxil olmaqla Lindleyə tabşırdı. Beləliklə,Tikinti işləri üzrə şöbə fəaliyyətə 1 may 1910 – cu ildə başladı. Həmin ilin iyun ayında artıq Bakı–Şollar su kəməri xəttinin axtarışlarının icrası qətiləşdirildi. 8 nəfər mühəndis və texniklərdən ibarət işçi qrupu 3,5 ay müddətində 176 verstlik ərazidə axtarışların həyata keçirilməsini başa vurdu. Nişanlama işlərini şəxsən həyata keçirən Lindley 6 ay müddətində, yəni 1911 – ci ilin mart ayının birinə qədər işi yekunlaşdırdı.

Bakı–Şollar su xəttinin çəkilişində Şollar ərazisində qazıntı işlərinin aparılması, Sumqayıt nasos stansiyasının, suyun yığılması üçün şəhər çənlərinin tikilməsi, şəhər və sənaye boru şəbəkələrinin çəkilməsi, çox böyük mıqdarda boruların sifarişi, qum və çınqıl alınması, tikintinin su təchizatı, tikintinin həyata keçirilməsi üçün torpaqların zəbt edilməsi, o cümlədən, tikintiyə nəzarətin, tibbi xidmətin, mühafizənin və faktiki nəzarətin həyata keçirilməsi işləri ilə bağlı bütün işlər mühəndis Lindleyin əvvəlcədən hazırladığı smetaya əsasən aparılırdı.

(Ardı var)


Teqlər:  





Xəbər lenti