Məleykə Abbaszadə dərsliklərdən danışdı

Məleykə Abbaszadə dərsliklərdən danışdı
  28 Avqust 2013    Oxunub:1062
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı bəzi yeniliklər tətbiq etməyi nəzərdə tutur.
Komissiyanın sədri Məleykə Abbaszadə trend-ə müsahibəsində deyib ki, ölkə Prezidentinin sərəncamı ilə ötən il TQDK tərəfindən orta məktəb şagirdləri arasında keçirilmiş monitorinq imtahanlarının nəticələri dərsliklərin elmi-metodiki monitorinqini aparan qruplara təqdim ediləcək:

"Monitorinq imtahanlarının nəticələrini qruplara təqdim edəcəyik və deyəcəyik ki, monitorinq imtahanı zamanı müəyyən olunmuş çatışmazlıqlar nəzərə alınsın. Ola bilsin ki, dərslikdə hansısa mövzu çox gözəl verilib. Ancaq nəyə görə bu sahə üzrə şagirdlərin bilik səviyyəsində çatışmazlıq var? Biz bu məsələləri monitorinq qruplara təqdim edəcəyik".

M.Abbaszadə deyib ki, monitorinqə xarici mütəxəssislər cəlb edilə bilər.

Onun sözlərinə görə, xarici dil üzrə dərsliklərinin monitorinqində dil daşıyıcılarının da iştirak etməsi planlaşdırılıır:

"Keçən il mən yalnız ingilis dil dərsliyi ilə əlaqədar bunu müəyyən qədər təşkil edə bildim. Ancaq bu, başqa xarici dil dərsliklərində mümkün olmadı. Mənə elə gəlir ki, biz bu il bu istiqamətdə də işlər aparacağıq və dərsliklərlə bağlı müəyyən təkliflər hazırlayacağıq".

Hazırda dərsliklərin monitorinqinin tam elmi əsaslarla aparıldığını deyən M.Abbaszadə hesab edir ki, monitorinqi aparılmış dərslik yenidən bu prosedurdan keçmədən 10-15 il istifadə oluna bilməz. Dərsliklər mütləq hər 4 ildən bir dəyişməli və onların monitorinqi də daim aparılmalıdır.

Komissiya sədrinin fikrincə, "bu gün dərsliklərin monitorinqləri aparılırsa, sabah onların hamısı yaxşı olacaq" deyə fikirləşmək düzgün deyil:

"Fikirləşmək olmaz ki, bu gün monitorinq keçirilsə, sabah bütün dərsliklər yaxşı olacaq, bu dərsliklər elə belə də 10-15 il istifadə olunacaq. Belə deyil. Dərsliklər mütləq hər 4 ildən bir dəyişməlidir. Çünki yeniliklər kəşf olunur, tarix dəyişir, dərsliklərdə məlumatlar elmi nöqteyi-nəzərdən yaxud metodiki cəhətdən düzgün verilməyə bilər. Buna görə də dərsliklər mütləq monitorinqdən keçirilməlidir".
M.Abbaszadə qeyd edib ki, ötən tədris ili üçün monitorinqi planlaşdırılan bütün dərsliklər üzərində bu prosedurun həyata keçirilməsi başa çatdırılıb. Sentyabrın 10-dan sonra yenidən dərsliklərin monitorinqinə başlanacaq. Monitorinqlər əvvəlcə Təhsil Nazirliyinin təklifi əsasında, onlar üçün daha vacib olan dərsliklər üzərində aparılacaq.


Teqlər:





Xəbər lenti