MSK-nın İbrahimbəyov qərarı qüvvəyə mindi

MSK-nın İbrahimbəyov qərarı qüvvəyə mindi
  28 Avqust 2013    Oxunub:1136
Mərkəzi Seçki Komissiyasının Milli Şura sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin təsdiq edilməməyi haqqında qərarını dərc olunaraq qüvvəyə minib.

“Media forum” saytı xəbər verir ki, qərarda namizədin irəli sürülməsinin təsdiq edilməsindən imtina belə əsaslandırılıb:

- Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməsi üçün təqdim edilmiş sənədlər araşdırılarkən onun eyni zamanda iki dövlətin – Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşlığına malik olmaqla ikili vətəndaşlığının olması və başqa ölkələr qarşısında öhdəliyinin olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsasların mövcud olmaması, habelə Azərbaycan Respublikasının ərazisində, özünün qeyd etdiyi kimi, 74 il ərzində daimi deyil, yoxlanılmış son 10 ildə cəmi 1163 gün kiçik fasilələrlə yaşaması müəyyən edilmişdir. Bu əsaslardan bir qismi Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının prezidenti seçilmək üçün namizədlərə dair tələblərə ziddir.

Belə ki, Rüstəm İbrahimbəyov 15 avqust 2013-cü ildə imzaladığı öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olmasını və 74 il ərzində Azərbaycanda daimi yaşamasını göstərmiş, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı eyni zamanda Rusiya Federasiyasının da vətəndaşı olmasını və 13 avqust 2013-cü ildə həmin ölkənin vətəndaşlığından imtina etməsi barədə ərizə ilə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinə müraciət etməsini qeyd etmiş, bu hallara dair Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 13 avqust 2013-cü il təsdiqedici arayışını da öhdəlik ərizəsinə əlavə etmişdir.

Mərkəzi Seçki Komissiyasının sorğusuna Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən imzalanmış 26 avqust 2013-cü il tarixli, 894 saylı cavab məktubundan görünür ki, həqiqətən də Rüstəm İbrahimbəyov Rusiya Federasiyasının vətəndaşıdır və 13 avqust 2013-cü ildə həmin ölkənin vətəndaşlığından imtina barədə ərizə ilə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinə müraciət etmişdir.

Məktubda o da qeyd edilir ki, o, 6 fevral 1992-ci ildən Rusiya ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və “Rusiya vətəndaşlığı haqqında” 28 noyabr 1991-ci il tarixli, 1948-1 saylı Rusiya Federasiyası qanununun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Rüstəm İbrahimbəyovun müraciətinə baxılarkən onun vətəndaşlığına “Rusiya vətəndaşlığı haqqında” 31 may 2002-ci il tarixli, 62-FZ saylı Rusiya Federasiyası qanununun 20-ci maddəsinə əsasən, yalnız o halda xitam verilə və qeydiyyatdan çıxarıla bilər ki, Rusiya Federasiyası vətəndaşının Rusiya Federasiyasının qarşısında icra olunmamış öhdəlikləri olmasın, habelə o, başqa ölkənin vətəndaşı olsun və ya onun yeni vətəndaşlıq əldə etmək imkanı olsun. Həmin qanunun 29-cu maddəsinə əsasən, Rusiya vətəndaşlığından çıxmaq barədə qərarın qəbul edilməsi Rusiya Federasiyası prezidentinin səlahiyyətinə aid edilmişdir. Hazırda səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar qəbul edilməsi üçün araşdırma aparılır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Seçki Komissiyasının sorğusuna 24 avqust 2013-cü il tarixli 08/5296 saylı cavab məktubundan görünür ki, 2004-cü ildə 510198972 nömrəli və 2007-ci ildə 623791415 nömrəli Rusiya Federasiyasına məxsus pasportla Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikasının sərhədini keçməsi faktı qeydə alınmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Seçki Komissiyasının sorğusuna 24 avqust 2013-cü il tarixli 001-31174-1213 saylı cavab məktubundan görünür ki, Rüstəm İbrahimbəyov Rusiya Federasiyasının vətəndaşı kimi Rusiya Federasiyası tərəfindən müvafiq olaraq 510198972 və 623791415 nömrəli pasportlarla təmin edilmiş və həmin pasportlarla o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və geri qayıtmışdır. Həmin məktubda o da bildirilib ki, Rüstəm İbrahimbəyov ikili vətəndaşlığa – həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşlığına malikdir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Seçki Komissiyasının sorğusuna 24 avqust 2013-cü il tarixli K/2337 saylı cavab məktubundan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində olan məlumata əsasən, Rüstəm İbrahimbəyov son 10 il ərzində (24 avqust 2003-cü il – 24 avqust 2013-cü) Azərbaycan Respublikasının ərazisində cəmi 1163 gün (2003-cü ildə 40 gün, 2004-cü ildə 84 gün, 2005-ci ildə 135 gün, 2006-cı ildə 108 gün, 2007-ci ildə 97 gün, 2008-ci ildə 134 gün, 2009-cu ildə 189 gün, 2010-cu ildə 146 gün, 2011-ci ildə 101 gün, 2012-ci ildə 108 gün, 2013-cü ildə 21 gün) olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən, yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının prezidenti seçilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.4-cü maddəsinə əsasən, başqa dövlətlər qarşısında öhdəliklərin anlayışını izah etmək olar. Belə ki, bu xarici dövlətdə 5 ildən artıq yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan, qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “başqa dövlətlər qarşısında öhdəliyi olmayan...” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı ilə “başqa dövlətlər qarşısında öhdəliyi olmayan” müddəasının hüquqi mənası “vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərin olmamasını ehtiva edir” kimi izah edilir...


Teqlər:





Xəbər lenti