XİN `Müsavat`ın cavabını verdi

XİN `Müsavat`ın cavabını verdi
  29 Avqust 2013    Oxunub:4784
XİN “Yeni Müsavat”dakı yazı ilə bağlı hansı açıqlamaları verib
“Yeni Müsavat” qəzetinin 28 avqust sayında Azərbaycan Xarici İşlər Nazirliyində kadr siyasəti ilə bağlı yazı dərc olunub. Yazı özünü XİN-nin keçmiş əməkdaşı kimi təqdim edən şəxsin redaksiyamıza göndərdiyi məktub əsasında hazırlanıb və məktubda çox ciddi ittihamlar yer alır. Ötən gün XİN-nin mətbuat katibi Elman Abdullayev nazirlikdə “Yeni Müsavat”da dərc olunmuş məqalə ilə bağlı mətbuat konfransı keçirildi. E.Abdullayev sözügedən məktubda göstərilənlərin XİN-ə qarşı böhtan olduğunu və ordakı faktların həqiqəti əks etdirmədiyini bildirdi: “Qəzetdə anonim şəxs tərəfindən verilmiş iddialar tamamilə absurddur. Heç bir həqiqəti əks etdirməyən, ən önəmlisi böhtan xarakterli olduğunu xüsusi olaraq qeyd edirik. Mən yazıda gedən hər bir ittihama cavab verməyə çalışacam. İlk növbədə qeyd edim ki, özünü diplomatik xidmətdə təsdiq etməyən, bu cür məkrli yollarla XİN-in ünvanına ləkə yaxmaq istəyən şəxsin bu gün XİN-də çalışmaması bizim nazirliyin kadr siyasəti tam şəkildə düzgün aparıldığını təsdiqləyir. Əgər bir şəxs diplomatiyada özünü təsdiq etmirsə, onun XİN-də təmsil olunmaması tam doğrudur”.

E.Abdullayev bildirdi ki, yazıda gedən bütün detallar araşdırılıb, ancaq öz təsdiqini tapmayıb: “Birinci bənddə bir 3-cü katibdən söhbət gedir, guya ona 3 ay ərzində attaşe diplomatik rütbəsi verilib. XİN-də 3 ya müddətində heç kimə attaşe rütbəsi verilmir. Çünki qaydalar var, XİN-də müvafiq komissiyanın əsasında rütbələr verilir. Diplomatik vəzifə iki ildən bir dəyişilir. Yəni ən kiçik diplomatik vəzifə stajçı-attaşedir. Daha əvvəl referent adlanırdı. Stajçı-attaşe iki ildən sonra imtahan verərək dikdən sonra attaşe olur, daha iki ildən sonra 3-cü katib olur və beləcə iki ildən bir imtahanla rütbələri artır. Lakin 3 ay ərzində bu olmur. Ona görə də qeyd olunan bu fakt öz əksini tapmayıb”.

Jurnalistlərin son zamanlar hansı vəzifəli məmurun övladının İstanbulda işə qəbul olunması ilə bağlı suala cavab olaraq E.Abdullayev işə qəbul olunanların hansı məmurun oğlu olmasına diqqət yetirilmədiyini dedi: “İşə qəbul olunan diplomatın kimin oğlu olması bizim üçün önəmli deyil, önəmli olan kriteriyalardır. XİN-ə qəbul kriteriyaları Azərbaycan dilini mükəmməl bilmək, bir neçə xarici dili mükəmməl bilmək və sairədir. Bu tələblərə cavab verən şəxslər işə qəbul olunur.

Biz araşdırma apardıq. Bu 3 ay ərzində rütbə alan kimdir? Araşdırdıq, bu yanlış məlumatdır, belə bir şey olmayıb. Biz daxili araşdırma apardıq, İstanbuldakı Baş Konsulluqda çalışan şəxslərin şəxsi işlər araşdırıldı, vəzifələrin verilməsi məsələsinə baxıldı və orta hesabla vəzifə pilləsində iki ildən bir irəliləməsi təsdiqləndi. Onlara vəzifə iki il müddətində verilib. Yəni birinci fakt tamamilə yanlışdır, özünü doğrultmayıb. Məmur övladlarına gəlincə, bir gənc istənilən şəxsin övladı ola bilər. Biz XİN-də işə götürəndə onun hansı məmurun övladı olub-olmamasına baxmırıq.

Normal halda diplomatik işə insanlar TQDK xətti ilə götürülməlidir. Birincisi, diplomatik xidmət xüsusi bir xidmətdir. TQDK vasitəsilə imtahan XİN-də vakansiya 20-dən çox olduqda götürülür. 20-dən az olduğu təqdirdə imtahan XİN-də götürülür. Digər tərəfdən, bu imtahanlar XİN-də çalışan stajçılar arasında keçirilir. Müvafiq müsabiqədən keçən stajçı-attaşe vəzifəsinə yiyələnir, müvafiq komissiyanın qərarı ilə onlar attaşe olur. Bütün bunlar bizim sənədlərdə öz əksini tapıb. Həm işə qəbul, həm də stajçı-attaşelərin vəzifə alması üçün təqribən eyni qaydalar var. Sadəcə olaraq ballar fərqli olur”.

E. Abdullayev bildirdi ki, işə qəbul edilən Azərbaycan vətəndaşı olmalı, ali təhsilli olmalı, Azərbaycan dilini mükəmməl, bir və ya bir neçə xarici dili sərbəst bilməlidir: “Təbii ki, kişilər üçün hərbi xidmət şərtdir. Eyni zamanda ikili vətəndaşlığa mənsub olan, başqa dövlətlər qarşısında öhdəlikləri olan, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə, əvvəllər məhkum edilmiş, habelə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər diplomatik xidmətə qəbul olunmur”.

E.Abdullayev XİN-də işə qəbulun məqalədə iddia olunduğu kimi kadrlar idarəsi və ya ayrı-ayrı şəxslər tərəfindən deyil, işə qəbul məqsədilə XİN-də yaradılmış Müsahibə Komissiyası tərəfindən həyata keçirildiyini, komissiya üzvlərinin xarici işlər naziri tərəfindən təsdiq edildiyini bildirdi. Onun sözlərinə görə, komissiyanın tərkibinə yalnız XİN əməkdaşları deyil, eyni zamanda müvafiq sahənin alimləri, ekspertlər və mütəxəssislər cəlb olunur: “İşə qəbul iki mərhələdən ibarətdir. Birinci mərhələ yazılı olur. Birinci mərhələdən keçənlər ikinci mərhələyə vəsiqə qazanır. İkinci mərhələ şifahi imtahandır, orda xarici siyasət, ümumi biliklər və sair yoxlanılır. İkinci mərhələdə hər bir namizədlə fərdi qaydada müsahibə aparılır”.

E. Abdullayev XİN-nin Kadrlar və İxtisasartırma idarəsinin rəisi Elmira Sarıcalinskaya barədə yazılanların həqiqətə uyğun olmadığını bildirdi. XİN sözçüsü E.Sarıcalinskayanın kürəkənlərinin uzun illər XİN-də çalışdıqlarını və buna görə vəzifə aldıqlarını bildirdi: “Onun kürəkənləri artıq 20 ildir ki, XİN-də çalışırlar. O şəxslər XİN-də işləyərkən heç onun kürəkəni deyildilər. Bəli, onlar doğrudan da Azərbaycanın səfirləridir. Biri Almaniyada, o biri Rumıniyada. Amma həqiqətən də onların 20 illik diplomat təcrübələri var. Belə bir təcrübəli diplomatın Azərbaycanın səfiri vəzifəsinə layiq olması onun üçün bir şərəfdir. Bu şəxslər bütün diplomatik pillələri keçiblər. Elmira Sarıcalinskayanın kürəkənləri onun tabeliyində deyil, prezidentin tabeliyində çalışır. Eyni zamanda məqalədə qeyd olunan Şeyxülislamın kürəkəni 14 ildir Azərbaycan XİN-də çalışır”.

XİN əməkdaşı işçilərin hamısının xarici dil bildiyini və XİN daxilində rotasiyanın dəqiq şəkildə həyata keçirildiyini dedi: “Bu gün 82 diplomatik nümayəndəliyimiz var. Bu diplomatik nümayəndəliklərdə 695 nəfər işləyir. XİN Mərkəzi Aparatında isə 446 nəfər çalışır. Bu qədər böyük bir heyətdə rotasiya qaydalarının həyata keçirilməsi olduqca böyük səy tələb edir. Mən Avropa İttifaqına ikinci ərazi idarəsindən təyin olunmuşam. Çünki mən ərəb, ingilis və fransız dilini bilirdim. Diplomat hər bir ölkədə çalışa bilər. Vakansiyalar illik hesablanır. Əgər il ərzində 20 vakansiya yaranmırsa o zaman işə qəbul TQDK xətti ilə deyil, daxili komissiya xətilə aparılır. XİN-də rotasiya qaydası mövcuddur. Mərkəzdən əməkdaş səfirliyə gedir, xaricdən başqası onun yerinə gəlir. Bu vakansiyaları xaricdən gələn diplomatlar doldurur. Prioritet xaricdən gələn diplomatın sərəncamda qalmamasıdır. Ona görə də çox vakansiya yaranmır”.

E. Abdullayev Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun iki deyil, bir oğlunun XİN-də işlədiyini və onun işə yüksək ali təhsili olduğu üçün qəbul olunduğunu, Azərbaycan dilində sərbəst danışdığını və yaza bildiyini qeyd etdi: “Biz onu işə kriteriyalar uyğun olduğu üçün götürmüşük. Azərbaycan dilini bilir, yazır. Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Onun diplomu Azərbaycanda tanınır. Xahiş edirəm ki, məsələni əməkdaşların valideynləri ilə əlaqələndirməyin. Azərbaycanın dünyadakı böyük uğurlarının əldə olunmasında Azərbaycan diplomatlarının rolu var”.

E. Abdullayev “Yeni Müsavat”a məqalə verən keçmiş diplomatın kimliyini bilmədiklərini, ancaq bu adamın araşdırılıb öyrəniləcəyini bildirdi. Ancaq sözçü həmin şəxsin və ya qəzetin məhkəməyə verilməsi ilə bağlı qərar olmadığını dedi: “Bu adamın kim olduğunu bilmirik, qəzet onun şəxsiyyətini gizli saxlayıb. Bizim üçün önəmli olan XİN haqqında obyektiv və doğru məlumatın yayılmasıdır. Təbii ki, hər kəs öz sözünü ifadə edə bilər. Amma belə məkrli üsullarla yox. Bu məqaləni yazan adam müəyyən olunacaq. Amma bu şəxs nə həyatda özünü tapıb, nə də karyerasında özünü təsdiq edib. Bunu onun məqaləsindən də görürük. Sadəcə olaraq hirsini kiminsə üstünə tökməyə çalışıb”.

Qeyd edək ki, jurnalistlərin XİN-də işə qəbul, eləcə də vakant yerlərin tutulması ilə bağlı suallarına cavab olaraq E.Abdulayev hazırda XİN sistemində boş yerlərin olmadığını, əksinə ehtiyat, xidmətdən qayıtmış çoxlu sayda diplomatın olduğunu və bu şəxslərin yaranmış vakant yerlərə təyin edildiyini bildirdi.


Teqlər:





Xəbər lenti