Dövlət məscidləri necə qoruyur - RƏQƏMLƏR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu məscidin QMİ-də qeydiyyatdan keçmədiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında 2166 məscid (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş rayonlar istisna olmaqla) mövcuddur. Halbuki, sovet dövründə respublikada cəm i 17 məscid fəaliyyət göstərib.
1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılmış, 1999-cu ildə rəsmi açılışı olub.
2003-2016-cı illər ərzində ölkədə 219 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 12 məscid tikilmiş və ya əsaslı bərpa olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb.
Paytaxtda görülən işlər regionlarda da davam etdirilib. 2013-cü ilin may ayının 13-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.
2014-cü ilin dekabr ayının 24-də Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidinin rəsmi açılışı olub. Bundan əlavə 2016-cı ilin fevral ayının 17-də “İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılış mərasimi olub.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 8 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza, Xəzər rayonu Zirə Cümə məscidləri inşa və ya əsaslı təmir olunub.
Məscidlərlə bağlı bir məsələni də qeyd edək. Azərbaycanda tikilən və təmir olunan məscidlərdə ibadət edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə kameralar qurşadırılıb və ciddi nəzarət var. (Femida.az)