Dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək

  21 Aprel 2017    Oxunub : 397
Dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağını deyib.

Ə.Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Dövlət Komitəsinin sədri qeyd edib ki, onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir və yaxın aylarda istifadəyə veriləcək: "Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Prezident İlham Əliyevin də vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək".

Ə.Həsənovin sözlərinə görə, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınan məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur. Eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkə üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində Azərbaycanın ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamını ölkənin həyatında tarixi hadisə kimi dəyərləndirib.

Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı və həmin fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 2017-ci il fevralın 14-də imzaladığı fərmanında qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.

AzVision.az

Teqlər: Köçkün   ƏliHəsənov   İclas