Qubadlının işğalından 20 il keçir
Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH), o cümlədən ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Ziyarətçilər Şəhidlər xiyabanındakı Əbədi Məşəl Kompleksinə əklil qoyublar.
Mərasimdə çıxış edənlər Ermənistanın işğalçılıq siyasətini pisləməklə yanaşı, dünya birliyinin, beynəlxalq təşkilatların işğal faktına göz yummasını, adekvat addımlar atmasını pisləyiblər.
Mərasimdə iştirak edən Qubadlı RİH başçısı Malik İsaqov deyib ki, torpaqların müdafiəsi zamanı Qubadlı rayonu 238 şəhid verib. M. İsaqov Qubadlının işğalına səbəb kimi o vaxt dövləti idarə edən şəxslərin səriştəsizliyini göstərib. O, doğma torpaqlarının işğaldan azad olunması üçün qubadlılıların hər zaman hərbi əməliyyatlarda fəal iştirak etməyə hazır olduqlarını da deyib.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa RİH başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında şəhidlərin qanının yerdə qalmayacağını bildirib, işğal altında olan ərazilərin azad olunacağına əminliyini vurğulayıb: “Azərbaycanın həm iqtisadiyyatı, həm ordusunun gücü bizim ümidlərimizi daha da artırır. İşğal altında olan ərazilərimiz azad olunacaq. Ali Baş Komandanın əmrini gözləyirik”.
1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb.