Tanınmışlar hansı xəbər saytlarını oxuyur? - SORĞU

Tanınmışlar hansı xəbər saytlarını oxuyur? - SORĞU
  02 Sentyabr 2013    Oxunub:1387
Son dövrlər yerli media orqanların da xüsusi ilə internet saytlarda və xəbər portallarında xəbərlərin oxunaqlı və reytinqli olması üçün verilən süni başlıqlar, şişirdilən və qərəzli mövqe daşıyan informasiyalar hər kəsi narahat edir. Biz də AzVision.az saytı olaraq bəzi məşhur insanlar və jurnalistlər arasında sorğu keçirdik. Ünvanladığımız suallar isə belə oldu:
- Saytlarda ən çox hansı xəbərləri oxuyursunuz? Yerli xəbər saytlarının fəaliyyəti sizi qane edirmi?

Vüqar Əhməd: (nəğməkar şair, filologiya elmləri doktoru, baş elmi işçi)

- Saytlarda ilk növbədə siyasi xəbərləri oxuyuram. Daha çox dünyada baş verən olayları izləyirəm.Yaxşı bədii nümunələr olanda mütaliə edirəm. Mədəniyyət xəbərlərini də gözdən keçirirəm, amma şoubiznes xəbərləri istisna olmaqla. Allaha və dinimizə qarşı yazılmış yazıları oxumur və nifrətlə qarşılayıram. Ən çox gözlədiyim və arzuladığım xəbər Qarabağın qayıtması,bir də cənab prezidentin elmi dərəcə işçilərinin pullarının artırılması ilə bağlı sərəncamdır. Bu iki xəbər də məndən qaçır. Mən isə hələ də gözləməkdəyəm. Publika.az, virtual, Azneys.az, Lentaz, Qafqazinfo, Gündəlik Bakı, Xalq cəbhəsi və.b saytları izləyirəm.

Aynur Talıbova: (telejurnalist)

- Demək olar ki, yerli saytları oxumuram, çünki oglurluq materiallar yerləşdirirlər. Orijinal heç nə yoxdur, əsilsiz xəbərlər yayırlar, savadsiz yazılar yazırlar və ən əsası boş hay-küy və qərəzli mövqe nümayiş elətdirirlər. Etibarlı mənbələri və peşəkarlıqdan xəbərləri yoxdur. Yerli saytların 95faizi belədir. Bu dediklərimi də facebook sosial şəbəkəsində izlədiklərimə əsasən yazıram. Bəzən paylaşılan başlıqlara baxıram sadəcə bərbaddır.

Elnarə Xəlilova: (müğənni)

- Ən çox lambada tipli xəbərləri oxuyuram.Çünki, ən çox vurgu onlara edilir. Nəinki saytlarda, ele telemekanda da. Saytların fəaliyyətinə gəldikdə isə ümumən qane edir, bir tək reytinq xatirinə xəbər başlıqlarını həddən artıq şişirdilmiş qoyanda əsəbiləşirəm.

Kəmalə Qaramollayeva (müğənni)

- Saytlarda əsasən şoubiznes xəbərlərini oxuyuram. Əlbəttə hamısının fəaliyyəti qane edir.

İradə Tuncay:( “Ədalət” qəzetinin baş redaktoru)

- Əsasən siyasət və mədəniyyət xəbərlərini oxuyuram. Orta hesabla hə qane edir.

İlqar Rəsul: (Apa tv-də baş direktor müavini)

- Siyasi xəbərləri oxuyuram. Qane edən də də var, etməyən də. Ümumən götürəndə pis deyillər. Amma konkretliyə gələndə hamısında yetərincə qüsurlar tapmaq mümkündür.


Əzizə İsmayılova: ( jurnalist, antenn Fm-də aparıcı)

- İşimlə əlaqədar olaraq xəbər bloku yığanda canımı dərd alır. Dünyada bu qədər hadisələr baş verir, bizim xəbər portallarında isə 90% -i ancaq kimsə boşandı, öldü, hardasa maşın toqquşdu, kimsə boğuldu, itdi, batdı, zorlandı, zorladı, ev partladı, balası anasının qulağı ağzında şəkil çəkdirdi, atası oğluna belə komment yazdı, filankəs diskotekaya getmədi, behmankəs instaqramda şəkil paylaşdı, yolu keçən pişik maşının təkərinə yapışdı,.... Bir portal yazır, yerdə qalanlar da kopyalayıb yayırlar.

Şəbnəm Xeyrulla: (telejurnalist, “Alın yazısı” verilişinin aparıcısı)

- Yalnız idman və mədəniyyət xəbərlərini izləyirəm.Qane etməyə gəlincə hamısı yox, amma qane edənlər də var.

İradə Cəlil: (jurnalist, modern.az)

- Saytlarda əsasən ciddi xəbərlərə üstünlük verirəm, müsahiblər, siyasi xəbərlər, bəzən ara-sıra olur ki, kriminal hadisələrə də baxıram. Amma şou xarakterli ucuz reklamla məşğul olan saytların sayı çoxdur və yorucudur. Belə saytlar insanı mənən zorlayır. Tutaq ki, hər hansı bir kasıb gənc açır saytda Rəqsanənin evinə geyiminə baxır, (söhbət gənc qızdan gedir) o da can atır ki, onun da gözəl evi geyimləri maşını və.s. olsun. Yaxud da ki, zorlama xəbərləri, keçmiş cinayətlərə bu gün baxışı, bax belə xəbərlər insanı mənən yoruru, məhv edir. Yeni xəbər saytları həddən artıq çoxdur, eləsi var ki, aparaıcı saytlardan belə yaxşı fəaliyyət göstərir. Amma çoxları isə xüsusilə oğurluq ilə məşğuldur.

Səbinə Ağayeva: ( telejurnalist, “Xəbərçi” proqramının aparıcısı)

- İşimiz xəbər vermək olduğu üçün gözümə dəyən demək olar ki, bütün xəbərləri oxuyuram. Saytların fəaliyyətinə gəldikdə isə elə saytlar var ki, o qədər cəfəngiyyat və yalan xəbərlər yazırlar ümumiyyətlə baxmaq istəmirsən. Amma elə xəbər saytları da var ki, son xəbərlərinə qədər hamısını oxuyursan.

Elmin Həsənli: (APA tv-də aparıcı)

- İdman xəbərlərindən başqa hamısını oxuyuram. Daha doğrusu maraqlı gələnləri. Xəbər saytlarından isə sadəcə razı olduqlarımı oxuyuram. Az olsa da peşəkar saytlar var. Yerdə qalanlara isə baxmağa ümumiyyətlə vaxt yoxdur.

Cavid Osmanov: (telejurnalist)

- Mən işimlə əlaqədar olaraq pereodik olaraq yerli informasiya agentliklərinə müraciət edirəm. Ümumi xəbərlərin başlıqlarını oxuyuram və dəhşətə gəlirəm. Hər şey ondan irəli gəlir ki, biz hal-hazırda Rusiyanın 5-10 il bundan öncəki dönəmini yaşayırıq. İnformasiya agentlikləri çoxalıb. Bu isə rəqabəti artırır. Bu, yaxşıdır, amma vəziyyətin bu yerə çatması bizim əksər, əslində jurnalist olmayan, lakin özünü fəxrlə belə adlandıran jurnalistlərimizdədir. İstənilən cüzi bir şeyi şişirtmək heç vaxt yaxşı olmur və bu mənim xoşuma gəlmir.


Hazırladı: Səbinə Məmmədova







Teqlər:  





Xəbər lenti