Dünyaca məşhur azərbaycanlı dizayner: “Uğur qazanmağın bir sirri var” (EKSKLÜZİV MÜSAHİBƏ)

Dünyaca məşhur azərbaycanlı dizayner: “Uğur qazanmağın bir sirri var” (EKSKLÜZİV MÜSAHİBƏ)
  16 Oktyabr 2017    Oxunub:32921
Növbəti müsahibimiz gənc yaşlarında dünyada məşhur olan azərbaycanlı dizayner Samir Sadıxovdur.
Məlumat üçün bildirək ki, S.Sadıxov 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan - Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb.



Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer "Ferrari World Design Challenge 2014" müsabiqəsində qalib olmaqda məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub. Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb.




Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur. Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Bu yaxınlarda onun hazırladığı Rezvani Motors TANK dizaynı işıq üzü görüb. Çox qısa zamanda hər kəsin rəğbətini qazanıb.



-Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz?

- Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən, belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.



-Hazırkı işinizlə bağlı məlumat almaq istərdik.

-Hazırda dünya nəhəngi olan, Cənubi Koreyadakı “Hyundai” qrupuna məxsus olan “Genesis” brendində dizayner olaraq çalışıram.



- Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

- Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.



-Gündəlik iş rejiminiz necədir?

- Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 - 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatlə layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.



Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.



-Dünyada ən çox hansı avtomobillərə təlabat var?

- Hazırda ən əsas təlabat SUV ve Crossover seqmentində olan avtomobillərədir və ikinci tələb olunan isə ekonomik kompakt avtomobillərdir.



-Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

- Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.



- Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz?

- Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamül olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi, texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.



-Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl?

- İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…



-Siz hansı avtomobillərə üstünlük verirsiniz?

- Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.



-Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır.

- Avtonom avtomobiller qaçınılmaz və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.



-Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

- Təəsaüf ki, işlərimə görə Azərbaycanda gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.



-Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir?

- Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.



-Sonda gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə ən əsas məsləhətim budurki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və davamla gələcəyə ümidlə baxsınlar. Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət ve cox çalışmalarıdır. Tək formula -çox çalışmaqdır.




















Hafiz Əhmədov
AzVision.az


Teqlər: Samir-Sadıxov   Dizayner  





Xəbər lenti