“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək” - Məleykə Abbaszadə

“Qəbul imtahanı bir neçə dəfə keçiriləcək” - Məleykə Abbaszadə
  20 Oktyabr 2017    Oxunub:12205
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrində valideynlər və şagirdlərlə görüş keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var:

“Amma bununla yanaşı, onların da müəyyən sualları olur. İki ildən sonra yeni formada buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”, - deyə M.Abbaszadə bildirib.

DİM rəhbər bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək: “Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modelinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib.

Müraciətlər əsasən ümumi orta və tam orta təhsil bazasında orta ixtisas, habelə ali təhsil müəssisələrinə qəbulla bağlı və magistratura pilləsinə aid olub. Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb, bəzi müraciətlər barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti