“Azərenerji” ASC-də “Energetiklər günü” qeyd edilib

  20 Oktyabr 2017    Oxunub : 797
“Azərenerji” ASC-də “Energetiklər günü” qeyd edilib

Bu gün Azərbaycan energetikləri peşə bayramlarını qeyd edir. Bu əlamətdar günü “Azərenerji” ASC-nin strukturuna daxil olan müəssisə və təşkilatların kollektivi də böyük sevinclə qarşılayır.

AzVision.az xəbər verir ki, əvvəlcə “Azərenerji” ASC kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirə abidəsinin önünə əklil və gül qoyub. Eyni zamanda tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra energetiklər Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həlak olan qəhrəmanların xatirəsinə ehtiramlarını bildirərək əbədi məşəlin önünə əklil qoyublar.

“Azərenerji” ASC-nin aparatının Konfrans zalında “Energetiklər Günü” peşə bayramına həsr olunmuş tənətənəli tədbir keçirilib.
Tədbirdə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev energetiklərə peşə bayramı münasibətilə təbriklərini çatdırdıraraq Azərbaycanda elektrik energetikasının inkişaf mərhələlərindən söz açıb, respublikamızın müstəqil enerji sisteminin formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin müstəsna xidmətlər göstərdiyini qeyd edib.

“Azərenerji” ASC-nin prezidenti bildirib ki, hələ sovet hakimiyyəti dövründə ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasəti sayəsində Azərbaycanın enerji sistemi tam müstəqil fəaliyyət göstərmək imkanı qazanıb.

“Enerji sisteminin ən böyük istehsal müəssisəsi kimi hazırda da müstəqil dövlətimizin enerji təhlükəsizliyinə öz töhfəsini verən “Azərbaycan” İstilik Elektrik Stansiyası məhz həmin dövrdə inşa edilib. Bununla yanaşı, iri hidroenergetika müəssisələri istismara verilib, çoxşaxəli enerjiötürücü infrastruktur yaradılıb. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonrakı quruculuq dövründə ümummilli lider Heydər Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafında mühüm rolu olan elektrik energetikası sahəsinin təşəkkülü, yeni generasiya güclərinin işə salınması üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.

Enerjisistemin müasir və innovativ texnologiyaların tətbiqi ilə əlamətdar olan, sürətli iqtisadi yüksəlişin tələbatını ödəməyə istiqamətlənmiş yeni inkişaf mərhələsi isə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanıb və hazırda da uğurla davam etdirilir”.

O, qeyd edib ki, son illərdə Azərbaycanda elektrik energetikası sahəsində böyük potensial yaradılıb, ümumi gücü 2300 MVt-dan artıq olan yeni elektrik stansiyaları, həmçinin, bir neçə yarımstansiya və elektrik verilişi xətləri istismara verilib.

“Enerjisistemin tranzit imkanlarının genişləndirilməsi nəticəsində 2017-ci ildə ölkəmiz elektrik enerjisi ixracatında çox yüksək göstəricilərə nail olub. Enerjisistemin generasiya və ötürmə imkanlarının genişləndirilməsi davamlı prosesdir. Məhz Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilib, investisiya tələbatlı tədbirlər müəyyənləşdirilib. “Azərenerji” ASC-nin də Tədbirlər Planının icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət mexanizmi yaradılıb, bunun əsasında zəruri işlər aparılır”.

E.Pirverdiyev elektrik energetikası sahəsində həyata keçirilən mütərəqqi dövlət siyasəti sayəsində enerjisitemin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz yeri və rolunu layiqincə davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə vaxtilə özünün də energetiklərlə birgə çalışdığını söyləyərək, peşə bayramı münasibətilə onları təbrik edib. O, enerji sistemində görülmüş tədbirlər və əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, bu sahədə mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

Millət vəkili qeyd edib ki, elektrik enerjisi sisteminin dayanıqlılığı və təhlükəsizliyi daha da möhkəmləndirilir, Azərbaycan regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilir.

A.Mirzəzadə “Azərenerji” ASC-nin kollektivinə qarşıya qoyulmuş məsul və şərəfli vəzifələrin yerinə yetirilməsində müvəffəqiyyət arzulayıb.

Sonra “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəis müavin, Baş dispetçeri çıxışından energetik peşəsinin məsuliyyətli və şərəfli olduğunu və ona verilən “Əməkdar mühəndis” fəxri adının təkcə özünə deyil, bütövlükdə kollektivə dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğını əks etdirdiyini bildirib. Daha sonra enerjisistemin fəaliyyətindən bəhs edən “Strateji hədəflərə doğru” sənədli filmin nümayiş etdirilib. Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət oxunub.

Qeyd edək ki, “Energetiklər Günü” peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə təsis edilib.

AzVision.az

Teqlər: “Azərenerji”