Azərbaycanla Meksika arasında saziş imzalanıb

Azərbaycanla Meksika arasında saziş imzalanıb
  20 Oktyabr 2017    Oxunub:1418
"Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş"i imzalanıb.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sazişi Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıb.

X.Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsilə əlamatdar olduğunu bildirərək bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir müavini həmçinin, Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

X.Xələfov imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Meksika ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən nazir müavini bu sahədə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd edən X.Xələfov iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və bu xüsusda, Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib.

Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini bildirərək, Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını bildirib.

Həmçinin o, 2016 ci ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Səfir iki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunaraq, Səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş rəssamlıq sərgilərindən söz açıb. Bu xüsusda, o, Meksika rəssamlıq nümunələrinin yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunduğunu diqqətə çatdırıb.

Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibələrimizin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN  





Xəbər lenti