Mətbuat Şurası şikayətlərə baxdı

Mətbuat Şurası şikayətlərə baxdı
  27 Oktyabr 2017    Oxunub:2264
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
AzVision.az-ın məlumatına görə, iclasda ilk olaraq «Aztoday.az» saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialının şikayətlərinə diqqət yetirilib.

Məlumat verilib ki, «Aztoday.az» saytının hər üç dövlət qurumu ilə bağlı təqdim etdiyi materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na aşkar sayğısızlıq əlamətləri var. Sayt tənqid hədəfi kimi seçdiyi qurumların, əlaqədar şəxslərin mövqeyini öyrənməyib. Bu başlıca tələb gözlənilmədiyindən, cavabdeh komissiyanın iclasında iştirak etmək istəmədiyindən müraciət müəlliflərinin «Aztoday.az»ın onların şərəf və ləyiqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə dair iddiaları əsaslıdır. Komissiya bütün bunları nəzərə alaraq sayta xəbərdarlıq edilməsi rəyinə gəlib. Eyni zamanda «Aztoday.az»la bağlı toplanmış materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.

Şikayətlər üzrə Komissiya «Aztoday.az» saytından başqa daha iki saytla bağlı toplanmış materialların da MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib. Bunlar «obyektiv.org» saytı və «Korrupsiyaya yox» qəzetidir. «Obyektiv.org» saytından şikayətin müəllifi Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialıdır. «Korrupsiyaya yox» qəzetindən şikayəti isə Ağdam Rayon Mərkəzi Xəstəxanası Doğum Evinin baş həkimi Afət Hüseynova edib. Bildirilib ki, hər iki kütləvi informasiya vasitəsinin fəaliyyətində peşə prinsiplərinə zidd kifayət qədər ciddi məqamlar var və bununla bağlı zəruri ölçü tədbiri götürülməlidir.

İclasda «dia.az» saytının fəaliyyətindən iki müraciətə baxılıb. Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şikayəti araşdırılıb. Saytın rəhbəri Məhəmməd Ərsoy müvafiq təkzib mətninin dərcinə hazır olduğunu vurğulayıb.

Bildirilib ki, «dia.az»ın sözügedən dövlət komitəsi ilə bağlı yayımladığı materiala digər saytlar da istinad ediblər. Komissiya onlara yanlışlığı aradan qaldırmağı, təkzib mətnini yayımlamağı tövsiyə edib.

Komissiya vətəndaşlar - Abdurahmanov Şaiq Bəxtiyar oğlunun və Əlibəyov Allahverdi İsrafil oğlunun «dia.az»la əlaqədar şikayətlərini müzakirə edərək rəyə gəlib ki, sayt şikayətçilərin mövqeyinin əksini tapdığı təkzib mətnini yayımlayaraq yol verdiyi yanlışlığı aradan qaldırmalıdır.

Müzakirə edilən növbəti məsələ «Standart İnsurance Georgia» şirkətinin baş direktoru Nicat Hüseynovun «qafqaznews.az» və «legion.az» saytları ilə bağlı müraciəti olub. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır. Saytların iclasda iştirak edən təmsilçisi qarşı tərəfin mövqeyinin ifadə olunduğu təkzib mətninin dərcinə hazır olduqlarını bildirib.

AzVision.az


Teqlər: Mətbuat-Şurası  





Xəbər lenti