Deputat vəkillərlə bağlı təklif irəli sürdü

Deputat vəkillərlə bağlı təklif irəli sürdü
  01 Noyabr 2017    Oxunub:1628
Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edərək bu dəyişikliklərlə bərabər vəkillik institunun güclənməsini vacib sayıb.
Deputat qısa zamanda vəkillərin sayının dəfələrlə artırılması baş verməzsə, ciddi problemlərin yaranacağını və insanların narazılığının artacağını bildirib.

Qeyd edək ki layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.

Millət vəkili Q.Paşayeva Avropa Şurası ölkələri arasında da, region ölkələri arasında da ən az vəkil olan ölkələrdən birinin Azərbaycan olduğunu qeyd edib:

"Ölkədə vəkillərin sayı 1000 nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işləri ilə müqayisədə vəkillərin sayı dəhşətli dərəcədə azdır. Nümayəndəlik institutu layihədə vurğulandığı kimi yanvarın 1-dən ləğv olunduqda cəmi 930-a yaxın vəkil onminlərlə məhkəmə prosesləri qarşısında dayana bilməz. Bunun sayını bir az artırsaq belə, çox ağır nəticələrdən qaça bilməyəcəyik. Vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq, bir çox insanlar onu ödəyə bilməyəcək və bu da narazılığı artıra bilər. Ona görə də əgər bu layihə qəbul olunacaqsa, yanvarın 1-nə qədər vəkillərin imtahanı, onların fəaliyyətə başlaması prosedurlarını surətləndirmək və sadələşdirmək lazımdır ki, vəkillərin sayı qısa zamanda ən azı 4-5 dəfə arta bilsin. O qədər gənc kadrlar var ki, onların vəkiliyə gəlməsi üçün prosedurları sadələşdirməliyik. Bu problemdən əsas çıxış yoludur".

Millət vəkili vurğulayıb ki, nümayəndəlik institutunda dələduzqluqla, fırıldaqla məğşul olaraq insanları aldadanlar, zərər vuranların olması hamımızı narahat edir: "Amma bir məsələni düzəltmək istəyəndə, başqa ciddi problemlərin yaranmaması üçün paralel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır. Eyni zamada nümayəndəlik institunun ləğvi, məhdudlaşdırması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də mümkünsüzdür. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil, iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır. Çalışmalıyıq ki insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq”.

AzVision.az


Teqlər: Qənirə-Paşayeva  





Xəbər lenti