Mərakeş “ASAN xidmət” təcrübəsini öyrənəcək - Fotolar

Mərakeş “ASAN xidmət” təcrübəsini öyrənəcək - Fotolar
  10 Noyabr 2017    Oxunub:2920
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir.
Bu barədə AzVision.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Səfərin məqsədi iki ölkə arasında dövlət xidmətlərinin təşkili və sosial innovasiyalar üzrə fəaliyyət göstərən dövlət qurumları ilə tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidir. Səfərin ilk günü noyabrın 9-da Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader ilə görüşüb.



Görüşdə Dövlət Agentliyinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət”in şəffaflığın artırılması və müasir texnologiyların tətbiqi baxımından səmərəli model kimi tanınması diqqətə çatdırılıb.



Görüşdə “ASAN xidmət” təcrübəsinin öyrənilməsi üzrə əməkdaşlıqla bağlı ilkin razılıq ifadə edilib.
Daha sonra nümayəndə heyəti sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb. Dövlət naziri ilə keçirilən görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.



Görüşdə qurumlar arasında qeyd edilən sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub. Hər iki sahə üzrə müvafiq dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması təklif olunub. Görüşlərdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (Azinnex) üzvləri də iştirak ediblər. Səfər çərçivəsində bu gün Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) rəhbərliyi arasında görüş keçirilməsi və tərəflər arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

AzVision.az


Teqlər: ASANxidmət  





Xəbər lenti