Gömrükdə növbəti narkotik əməliyyatı

  08 Dekabr 2017    Oxunub : 449
Gömrükdə növbəti narkotik əməliyyatı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda - üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həb və ağ rəngli 4 ədəd həb aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 15 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir.

Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkar edilən 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir. Sertralin (asentra) isə Azərbaycan ərazisində nəzarətdə olan maddələrin siyahısına daxil deyil.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Gömrük   Narkotik