Ana və 4 qızının qətli ilə bağlı şok etiraf: “Onları atam yox, mən öldürmüşəm”

Ana və 4 qızının qətli ilə bağlı şok etiraf: “Onları atam yox, mən öldürmüşəm”
  08 Dekabr 2017    Oxunub:57075
Salyanda ailə başçısı Fərhad Əliyev tərəfindən öldürülən Mehparə Əliyeva və qızlarının meyitləri bu gün yaxınlarına təhvil verilib. M.Əliyevanın qohumları qətllə bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar hesab edirlər ki, ana və dörd qızını F.Əliyev tək qətlə yetirməyib, cinayətdə digər şəxslər də iştirak ediblər.
Fərhad Əliyevin qardaşı oğlu Vüsal Əliyev onların qətldə ittiham olunmasına münasibət bildirib. V.Əliyev AzVision.az-a bildirib ki, dünənədək onların belə bir qətlin baş verməsindən xəbərləri olmayıb.

“Bizim xəbərimiz olmayıb. Polislər gələndən sonra bildik ki, qətli əmim və oğlu törədib. Mehparənin qohumları nə danışdıqlarını bilmirlər. Bizim əminim ailəsi ilə əlaqəmiz olmayıb, onların evlərində nə baş verib, xəbərimiz olmayıb. Kim istəyərdi ki, belə faciə olsun. Biz özümüz də pis gündəyik. Hadisənin nə üstündə olduğunu da bilmirik. Hələ özümüzə gələ bilməmişik. Qətli necə törədiblərsə, çölə səs çıxmayıb. Səs olsaydı, hamımızın xəbəri olardı. Biz onlardan 30 metr aralıda yaşayırıq”.

V.Əliyev qətlə yetirilən Mehparə Əliyevanın qohumlarından narazılığını bildirib. Deyib ki, onlar sağlığında M.Əliyevanı itirib-axtarmayıblar.

“Onlar əmimgilin qapısını bir dəfə də olsun açmayıblar. Burada hər kəs məni tanıyır, məşədiyəm. Onlara da çox köməyim dəyib. Çətində olanda kömək əlimi uzatmışam. Heç bir sübut olmadan bizi ittiham etmək lazım deyil. Biz də bilirik ki, bu işdə əmim tək olmayıb. Oğlu ilə birikdə edib.

Əmim polisə deyib ki, arvadını və qızlarını özü öldürüb. Fəqan isə qətl hadisəsinin atası yox, onun tərəfindən törədildiyini deyib. Hazırda istintaq davam edir”.

Qeyd edək ki, 2014-cü ildə Salyanda baş vermiş dəhşətli qətlin üstü 3 ildən sonra açılıb. Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

F.Əliyevin oğlu Fəqan Əliyevin köməyi ilə meyitləri yaşadıqları evin həyətində basdırdığı bildirilib. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Salyan   Qətl  





Xəbər lenti