Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək

Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək
  09 Dekabr 2017    Oxunub:5000
Son günlər ölkədə ən çox müzakirə olunan məsələlərdən biri Salyanda törədilən dəhşətli qətllə bağlıdır. Belə ki, 2014-cü ildə Salyanda baş vermiş qətlin üstü 3 ildən sonra açılıb.
Salyan şəhərinin "Zavod" məhəlləsində yaşayan itkin düşdüyü deyilən Mehparə Əliyeva və dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidənin ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

F.Əliyevin oğlu Fəqan Əliyevin köməyi ilə meyitləri yaşadıqları evin həyətində basdırdığı bildirilib. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, Salyanda baş verən qətl hadisəsində ata və oğulun təqsiri sübuta yerilərsə, onları ən ağır cəza gözləyir.

“Hadisənin kim tərəfindən və necə baş verməsi istintaq prosesinin gedişində məlum olacaq. Belə dəhşətli hadisələrə görə, bir qayda olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Bütövlükdə baş verən hadisənin miqyası, üsulları və 5 nəfərin öldürülərək gizlədilməsi cəzanın son dərəcə ağır olmasını tələb edir. Ən ağır cəza isə ömürlük azadlıqdan məhrumetmədir”.

Qeyd edək ki, Mehparə Əliyeva və dörd qızının amansızlıqla qətlə yetirilməsi, hadisənin 3 il gizli saxlanılması son illər Azərbaycanda baş verən ağır cinayətlərdən biridir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Salyan   Qətl   Həbs  





Xəbər lenti