Salyandakı ailə qətliamının sirri: Qatil ata öz qızlarına şər atıb (XÜSUSİ REPORTAJ) - FOTOLAR

Salyandakı ailə qətliamının sirri: Qatil ata öz qızlarına şər atıb (XÜSUSİ REPORTAJ) - FOTOLAR
  11 Dekabr 2017    Oxunub:55011
Fərhad Əliyev və oğlunun qandonduran əməlləri
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.

Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs qətimkan tədbiri seçilib.



Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə predmetinə çevrilib. Ortaya hamının cavabını maraqlı gözlədiyi ciddi suallar çıxır:

Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət 3 il ərzində necə gizlədilib?

AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq, qətlin gerçək səbəbini araşdırmaq üçün Salyana yollanıb. Əməkdaşımız Mehparə Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub. Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün səbəblərindən danışıblar.



- Fərhad Əliyevlə Mehbarə xanım sevərək evləniblər?

Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu bilirdik. Buna görə onların evlərinə getmirdik.



-Fərhadın içki aludəçisi olduğu deyilir. O, işləmirdi? Evi kim dolandırırdı bəs?

- Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də deyildi.

Qızlardan biri deyib ki, “ata, bizə yemək al, acıq”. Fərhad cavab verib ki, “siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın”. Bu sözləri ata öz doğma qızlarına deyib.



Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5 manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.

Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək etməyə çalışırdıq.



- Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə idi?

M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez döyürmüş:

- Mehparə ailə sirini heç kimə verməzdi. Amma ərinin qohumları bizə deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi, Mehparəyə deyirdi, get, işlə araq al. Fərhad bir dəfə qızını elə döymüşdü ki, qızın başı ağır zədə almışdı.



-Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar idi?

- O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak adam olub ki, doğma qızlarının boğazını kəsib öldürüb. Oğlu Fəqan da atasına kömək edib. Onlar Mehparə və qızlarını biryerdə öldürüblər.

- Sizcə, belə dəhşətli qətlə nə səbəb ola bilər?

- Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.



Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə məcbur edirdi.

Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub, qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz döndərmişdilər, kömək etmirdilər.



- M. Əliyevanın qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə dəhşət idi. Bütün meyitlər çürümüşdü, Sevdanın bədəni sanki çürüməmişdi...



- Sizcə, 3 il ərzində cinayətin üstün niyə açılmayıb?

- Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə, Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ evində qaldıqlarını deyirdi.



M.Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki, “Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək”. Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.



Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb. Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq, yemək alıb. Rayona gələndə, isə arvad-uşağının Bakıda olduğunu deyib.

- Beş nəfəri eyni vaxtda öldürmək fikizi cəhətdən asan deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə bilər?

- Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərlərinə evdəki ədyalı qoyub, sonra topraq töküb.



Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.



M.Əliyevanın qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!

- Qohumlarınız mətbuata bildiriblər ki, qətldə Fərhad və oğlu ilə yanaşı başqa şəxslərin də əli var. Kimlərdən şübhələnirsiniz?

- Bacımı və qızlarını Fərhad oğlu ilə birlikdə öldürüb. Başqa kiminsə adını çəkə bilmərəm. Bəlkə, Fərhadın qardaşının də bu işdə əli olub. Fərhad qardaşları ilə bir həyətdə qalırlar. Evlərinin arasında hasar yoxdur. Necə ola bilər ki, belə dəhşətli hadisə olub, onların xəbərləri olmasın! Meyitlərin iyini ola bilməz ki, hiss eləməsinlər.



- Şayiələr yayılıb ki, guya bacınızın hansısa xoşagəlməz hərəkətinə görə, Fərhad onları öldürüb. Bu haqda nə deyə bilərsiniz?

M.Əliyevanın qardaşı: Bacımın heç bir günahı olmayıb. Fərhadın arağına, siqaretinə kimi bacım alırdı. Mehparə günü 5 manata işləyib, ailə saxlayırdı.

Evin böyük qızı İarədə atasının hərəkətlərinə dözə bilmirdi. Fərhad Mehparə işdən gələn kimi 5 manatı əlindən alıb, özünə araq alırdı. Fərhad o qədər insafsız insandır ki, 13 yaşlı Ümidə acından ağlayanda, o yeməyi tək yeyirmiş. Belə ata olar? İradə atasına deyirmiş ki, heç olasa yeməyindən Ümidəyə ver. Onların həyatları əzab içində keçib. Elə gün olub ki, yeməyə çörək tapmayıblar.



Dünən Fərhadın qardaşı Raisin həyat yoldaşı bura gəlmişdi. Bizə dedi ki, Rais Fərhada dedi ki, “get, izahat ver. “Olmasa...!” Bu “olmasa ” sözünün arxasında nə durur? Yəni, mən gedib, polisə hər şeyi deyəcəyəm. Telekanaldan zəng edib, Fərhadın qardaşını sıxışdırıblar ki, məsələni tez açıqlasın.

- Sizcə, Fərhadın qardaşı Raisin cinayətdə əli ola bilər?

- Qətlin törədilməsində əlinin olması ilə bağlı heç nə deyə bilmərik. Amma yüz faiz cinayəti bilib, hamıdan gizlədib. Rais Fərhadla qapı qonşudur. Evlərinin arasında 10 metr məsafə var. Bir toyuğu kəsən zaman hamının xəbəri olur, 5 nəfəri öldürürlər, amma heç kim bilmir?!

- Cinayətin üstü açılandan sona Fərhad hadisəni niyə törətdiyini deyib?

- Vicdansız ata deyib ki, guya böyük qızından şübhələnib. Halbuki, hamı onun qızlarının başına and içirdi. Onlar qeyrətli qızlar olublar. Qardaşı evə gec gələndə, böyük qız səhərə kimi yatmırdı. Özünə haqq qazandırmaq üçün qızlarının üstünə şər atıb. Qızlarını, arvadını qətlə yetirmisən, heç olmasa onların təmiz adını ləkələmə. Əgər Fərhad qeyrətli kişi olsaydı, öldürüb, bizə deyərdi ki, bacınızı bu səbəbdən öldürdüm.



- Siz deyirsiniz ki, Mehparə, qızları işgəncələrə məruz qalıb. Onları niyə Fərhadın əlindən xilas etmirdiniz? Bunu bilə-bilə necə göz yumurdunuz?

- Mehparənin uşaqları böyük idi. O, bu yaşdan sonra ayrıla bilmədiyini deyirdi. Dəfələrlə deyirdik ki, gəl, bizimlə qal. Amma razılaşmırdı. Ailəsini ata bilmirdi.

- Bir məqamı soruşum, siz bildirəndə ki, onlar ölkə sərhədlərindən kənara çıxmayıblar. Bundan sonra polis Fərhadı və oğlunun ifadəsini aldımı?

- Bunu bilən kimi Mehparənin qardaşı polis idarəsinə getdi. Orda bildiriblər ki, Mehparəni və qızlarını hər yerdə axtarıblar, amma tapa bilmirlər. Məcbur olub efirə çıxdıq. Gördük ki, işin üstü açılmır, ona görə Xoşqədəm xanıma müraciət etdik. Üç həftə sonra isə cinayətin üstü açıldı.

Efirdə səslənəndə ki, Mehparə və qızları Türkiyəyə gediblər, bu vaxt Fəqan guya qeyrətə gəlib. Deyib ki, biz qeyrətsiz deyilik ki, ana-bacımız Türkiyəyə getsin. İşin üstü açılandan bir gün əvvəl Fərhadla oğlu kafedə dalaşıblar. Fəqanı polis bölməsinə aparıblar. O, polisə hər şeyi etiraf edib.



- Qızlardan ailə həyatı quran, nişanlı olanı vardımı?

- Elə atası olan qıza kim nəzər salardı? Qızın birinə bir dəfə elçi apardım. Elçilərə dedilər ki, anamız ərə gedib nə gün görüb ki, biz də ərə gedək? Analarını çox istəyirdilər, ondan ayrıla bilmirdilər. Hər dəfə onlara kimsə elçi düşəndə, razı olmurdular.

İki il öncə Mehparənin qardaşı Elmana bir qız zəng edib demişdi ki, boş yerə onları axtarmayın, əvvəl bizimlə işləyirdilər, indi başqa yerə gediblər. Sonra mən həmin qıza zəng vurdum. Oğlan götürdü, aqresiv cavab verdi ki, bir də bu nömrəyə zəng edib, narahat etməyin. Məncə, biz efirə çıxandan sonra Fərhad kiməsə zəng elətdirmişdi. Sonradan həmin qızın nömrəsinə zəng çatmadı.



-Bəzən qız övladlarına qarşı kişilərdə aqresiyya olur, istəmirlər qızları olsun. Fərhad bəlkə qızlarını qəbul etmirdi, o səbəbdən onları öldürüb.

M.Əliyevanın qohumlarının bildirdiyinə görə, Fərhad qızlarına qarşı heç vaxt sevgi ilə yanaşmayıb. Hər fürsətdə onları döyüb, təhqir edib. Oğlu isə onunla eyni xarakterdə olub.

Söhbətimizi başa vuraraq, hadisənin baş verdiyi ünvana üz tutduq. Qətlin törədildiyi həyətin qapıları bağlı idi, ətrafda heç kim gözə dəymirdi. Hasardan həyətə daxil olub, 5 nəfərin vəhşicəsinə öldürüldüyü yerin fotolarını çəkə bildik.

Daha sonra qatil atanın qonşuluqda olan qardaşının evində olduq. Fərhadın qardaşı Raisin oğlu Vüsal Əliyevdən indiyədək bu hadisədən xəbərlərinin olub-olmadığını soruşduq.



V.Əliyev and-aman etdi ki, məlum hadisədən Fərhad və oğlunun həbsindən sonra xəbər tutublar.

- Bir qədər əvvəl həmin evdə olduq. Sizinlə məsafələri çox yaxındır. Necə ola bilər ki, 5 nəfəri qətlə yetirsinlər, sizin bundan xəbəriniz olmasın?

- Bizim onlarla münasibətimiz olmayıb. Nə biz onlara getmişik, nə onlar bizə gəliblər. Bu həyətdə dörd qardaş yaşayır. Heç kimin Fərhadgillə əlaqəsi olmayıb. Bir müddətdən sonra hiss elədik ki, Mehbarə xala və qızları həyətdə görünmürlər. Fərhad əmimdən soruşdum ki, bəs qızlar hardadı. Dedi ki, arvadı, uşaqları onu atıb, Bakıya gediblər. Bildirdi ki, 3-4 günə biz də şəhərə gedəcəyik. Sonradan əmimlə oğlu da yoxa çıxdı. Biz də fikirləşdik ki, yəqin Bakıda ev tutub, qalırlar. Hadisə nə vaxt olub, necə olub bilmirik. Məlumatımız olsaydı, dərhal polisə deyərdik.



- Sizə gəlməmişdən əvvəl hadisə olan evdə idim. Meyitlərin qoxusu hər yeri bürüyüb. Üç il ərzində bunu hiss etməmisiniz?

- Əvvəllər hiss etməmişik. Quyu açılandan sonra meyitlərin iyi ətrafı bürüyüb.

- Üç il ərzində əminizdən, ya da oğlundan bacılarının harada olduğunu soruşmusunuzmu? Çünki Mehparə Əliyevanın qohumları onları axtarışa vermişdilər.

- Fəqan il yarım əvvəl gəlmişdi. Ondan soruşdum ki, bacıların haradadır. Bakıda olduqlarını, işlədiklərini dedi. Hətta bildirdi ki, şəhərdə torpaq alıb, ev tikirlər.



- Əminiz cinayətin üstü açılandan sonra deyib ki, guya qeyrətini təmziləmək üçün öz ailəsini öldürüb.

- Yalan danışır, şər atır. Mehparə xala da, qızları da kişi qeyrətli olublar. Onların indiyədək bir səhv hərəkətlərini görməmişik. Əmim özünə haqq qazandırmaq üçün şər atır, ona inanmayın. Fərhadın necə insan olduğunu hamı yaxşı tanıyır. O, araqdan ötrü hər şey edərdi. Oğlu da özü kimi avara, səfehin biri olub. Bütün günü içib, evdə dava salıblar.

V.Əliyevlə söhbətləşdikdən sonra Mehparə Əliyevanın qonşuları ilə görüşdük. Onlar nələrin baş verdiyi hələ anlaya bilmədiklərini deyirlər.



- Biz onların necə namuslu insan olduğunu bilirik. Buna zərrə qədər şübhəmiz yoxdur. Mehparə uşaqlarını zülümlə böyüdüb. Fərhadın belə amansız olacağını gözləmirdik. Heyf, günahsız insanların həyatları məhv oldu. Fərhada, oğluna ən ağır cəza verilməlidir. Allah onların bəlalarını verəcək. Fərhad və oğlu Fəqan bu üç il ərzində özlərini təmkinli aparırdılar, evə gecə saatılarında gəlirdilər. Onların haradan gəlib-hara getdiklərindən xəbərimiz olmurdu. Onların evi ilə Kür çayının arasında 15 metr məsafə yoxdur. Ola bilsin, Kür çayı cəsədlərin qoxusunu özünə çəkib.



Sakinlərlə söhbətimiz zamanı aydın oldu ki, zəhmətkeş ana və 4 məsum qızı heç bir səbəb olmadan, günahsız yerə öldürülüb. Şübhə yox ki, Fərhad və oğlu Fəqan tutduqları əmələ görə ən ağır cəzaya məhkum ediləcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Salyan   Qətl  





Xəbər lenti