Bu il dünyasını dəyişən məşhur azərbaycanlılar - SİYAHI

  15 Dekabr 2017    Oxunub : 18430
Bu il dünyasını dəyişən məşhur azərbaycanlılar - SİYAHI
Yola salmağa hazırlaşdığımız 2017-cı il Azərbaycanda bir çox olaylarla yadda qaldı. Siyasi yeniliklər, iqtisadi istilahatlarla yanaşı, bu ili böyük itkilərlə geridə qoyuruq. 2017-cı ildə ölkəmizin bir çox dəyərli ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.
AzVision.az cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:

2017-ci ilin may ayında Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva vəfat edib. R.Əliyeva Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professoru olub. O, “Şöhrət” ordeni və müxtəlif mükafatlara layiq görülüb. Mərhum mayın 7-də I Fəxri Xiyabanda dəfn edilib. Rəfiqə Əlirza qızı Əliyeva ulu öndər Heydər Əliyevin bacısı, prezident İlham Əliyevin bibisidir.

Bu ilin iyun ayında Azərbaycanın energetika naziri Natiq Əliyev dünyasını dəyişib. N.Əliyev ürəyində yaranan problemlə əlaqədar İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Sentyabr ayında qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professor, dünya şöhrətli alim Lütfi Zadə vəfat edib. Dünya şöhrətli alim I Fəxri xiyabanda torpağa tapşırılıb.

Bu ilin sentyabr ayında Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) 78 yaşında dünyasını dəyişib. Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. Mərhum Aşıq Qazax rayonunda dəfn olunub.

Avqust ayında tanınmış meyxana ustadı Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) faciəvi şəkildə ölüb. Toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən onu maşın vurub. Sürücü B.Kürdəxanılını xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Bu ilin oktyabr ayında Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dünyasını dəyişib. R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib.

İyun ayında Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti, xanəndə Qəndab Quliyeva vəfat edib. Aktrisa teatr səhnəsində Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb. Xalq artisti Binə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Fevral ayında Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artisti Kübra Dadaşova vəfat edib. Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Bu ilin dekabr ayında isə Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi İsmayıl Vəliyev vəfat edib. O, insultdan dünyasını dəyişib. 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987-1989) vəzifələrində işləyib. 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olub.

Fevral ayında jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib. O uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkib. 1998-ci ildən mətbuatda olub. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb. Pirşağı qəbirstanlığında dəfn olunub.

Noyabr ayında daha bir jurnalist vəfat edib. Tanınmış jurnalist Natiq Qədimov infarktdan dünyasını dəyişib. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə “APA Holdinq”ə daxil olan APA TV olub. Mərhum Maştağa qəbristanlığında torpağa tapşırılıb.

Dünyadan vaxtsız köçən jurnalist-yazarlardan biri Mövlud Mövluddur. Yazıçı, publisist M.Mövlud özünü hündürmərtəbəli binadan ataraq intihar edib. Mərhumun cənazəsi doğulduğu Qazax rayonunda torpağa tapşırılıb.

Yanvar ayında tanınmış psixoloq Dəyanət Rzayev intihar edərək həyatına son qoyub. Cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib. O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.

Fevral ayında isə tanınmış rejissor Şahin Zəkizadə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov mart ayında 65 yaşında son mənzilə yola salınıb.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Azərbaycan   2017   Ölüm