Kişi öləndə də vüqarla ölər…

Kişi öləndə də vüqarla ölər…
  15 Dekabr 2017    Oxunub:4366
Mehman Telmanoğlu

Şəhid mövzusunda yazmaq çətin olduğu qədər də şərəflidir. Çünki, yazdığın qəhrəmanı ətrafındakı insanlara tanıdır, onun keçdiyi ömür yolunu zərrə qədər də olsa, əbədiləşdirirsən.
Mən onun haqqında ilk dəfə lap çoxdan, məktəbli olanda yazmışdım. Onda da hisslərim çox qarışıq idi. Bilmirdim haradan başlayım, harda yekunlaşdırım. O, şəhid Cabbar Səməd oglu Cabbarovdur. O, mənim bibim oğlu (biz tərəflərdə mamaoğlu deyirlər) idi...

Hər zaman hazırda işğal altında olan kəndimizə gedəndə gülərüz çöhrəsi ilə özündən kiçik dayıoğlanlarını qarşılayıb, kəndin bu ayağından o ayağına qədər gəzdirərdi. İdmançı olduğunu sübuta yetirmək üçün çinarlıqda bəzi hərəkətlər də edərdi. Kəndin soyuq kəhrizlərində dağlardan sızılan o əvəzolunmaz suyu bizə daddırırdı ki, möhkəm olaq... Xatirələr elə də çox deyil... Arada olan yaş fərqi və müharibə onun haqqında yazdıqlarımı məhdudlaşdırır...

Hərbi xidmətini başa vurduqdan sonra Cabbar 1992-ci ildən polisdə xidmətə başlayır. Sonradan isə içində vətən eşqi döyünən yaşıdları kimi doğma torpaqlarının müdafiəsi uğrunda səngərə atılır.



İdmançı olduğu döyüş vaxtında da diqqətdən yayınmır. 1993-cü ildə Füzuli istiqamətdə gedən döyüşlərin birində təkbaşına düşmənin 4 BTR və çoxsaylı canlı qüvvəsini məhv edir. Döyüşçü yoldaşları da onun bu qəhrəmanlığını yada salırlar...

Cabbar həm də o vaxtlar ali məktəbdə qiyabi oxuyurdu. Dekabr ayında akademik məzuniyyəti var idi, təhsili üçün Bakıya getməyi öz vicdanına sığışdırmır və yenidən Füzuli istiqamətində qızışan düşmənin hücumuna sinə gəlmək üçün döyüşə atılır.

Döyüşə də elə gülərüzlə getmişdi. Sonuncu dəfə evdən çıxanda valideynlərinə bu şeiri səsləndirdi:
Kişilər əyilməz hər asan yerə,
Kişinin üzündə rəngi bir olar.
Kişilər əyilməz tufana-selə,
Kişi öləndə də vüqarla ölər.


Bu şeiri səsləndirib, son döyüşünə getdi... Və vüqarla da şəhid oldu... Artıq neçə ildir ki, valideynləri, doğmaları 1993-cü ilin dekabrın 26-da şəhid olan Cabbarı qürurla yad edir, onun 24 illik həyatına işıq salırlar... Göstərdiyi qəhrəmanlığa görə Cabbar Vətən Uğrunda medalı ilə təltif olunur...
Şəhidlər ölməz, Vətən bölünməz!




Teqlər: #Cabbar-Cabbarov   #Şəhid  





Xəbər lenti