Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür

Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür
  16 Dekabr 2017    Oxunub:7410
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

S.Əsgərova “Molodoy Azerbaydyana” qəzetinin əməkdaşı kimi Qarabağ müharibəsinin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilib.



Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Şuşanın kəndlərindən birinə onun adı verilib.

Qeyd edək ki, tanınmış telejurnalist Ceyhun Əsgərov Milli Qəhrəmanın oğludur.

AzVision.az


Teqlər: Salatın-Əsgərova   Milli-Qəhrəman  





Xəbər lenti