2017-ci ilin ən dəhşətli terror aktları - VİDEO

2017-ci ilin ən dəhşətli terror aktları - VİDEO
  16 Dekabr 2017    Oxunub:9809
2017-ci ildə bir çox ölkələrdə terror aktı törədilib. Terror qruplaşmaları müxtəlif üsullardan istifadə etməklə qanlı cinayətlərə əl atıblar. Rusiya, Böyük Britaniya, İsveç, İspaniya və ABŞ-da qeydə alınan teraktlara görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
AzVision.az 2017-ci ildə törədilən faciəvi terror aktlarını təqdim edir:

Türkiyədə gecə klubunda atışma

2017-ci il İstanbulun məşhur gecə klubunda törədilən terror aktı ilə başladı. Yeni il gecəsi Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölənlər arasında əslən azərbaycanlı Nuranə Həsənova da vardı. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.



“Əbu Məhəmməd Xorasani” kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda saxlanılıb. Onunla birgə daha 4 nəfər tutulub. Onlardan üçü qadındır. Digər kişinin üzərində isə Qırğızıstan pasportu tapılıb.



Sankt-Peterburq metrosunda terror

Cari ilin 3 aprel tarixində Rusiyanın Sankt-Peterburq şəhər metrosunun “Texnoloqiçeskiy institut” və “Sennaya ploşşad” stansiyaları arasında partlayış baş verib. Terror aktı nəticəsində 16 nəfər həlak olub, təqribən 50 nəfər yaralanıb. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı isə yaralanıb. Metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. O, Qırğızıstanın Oş vilayətinin keçmiş sakini 22 yaşlı Akbarjon Cəlilovdur. Altı ildən çox Sankt-Peterburqda yaşayan Cəlilov bu dövr ərzində bir neçə dəfə pasport dəyişib. Onun İŞİD üzvü olduğu müəyyən edilib.



Londonda terror dalğası

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum qeydə alınıb. Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üzərinə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqlı şəxs polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.



Növbəti qurban İspaniya

17 avqust tarixində Kataloniyada dəhşətli terror aktı baş verib. Barselonanın mərkəzində piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, bir nəfər isə atışma zamanı məhv edilib. Barselonada törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



Eyni gündə İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.

Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar. Bundan başqa İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış olub. Birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb.



Las-Veqas qırğını

1 oktyabr tarixində ABŞ tarixində qanlı hadisə baş verib. “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Nəticədə 59 nəfər ölüb, 527 nəfər xəsarət alıb. FTB bildirib ki, atəş açan şəxsin beynəlxalq terror təşkilatları ilə heç bir əlaqəsi olmayıb.



Misirdə qanlı cümə

Misirin Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristan kilsələrinə də hücum edirlər. Lakin bu terror aktlarından ən dəhşətlisi bu ilin 24 noyabr tarixində törədilib. Belə ki, Sinay yarımadasının şimalında terrorçular məscidə hücum edib. Terror aktı cümə namazı vaxtı törədilib. Kamikadzelər məscidin içində özlərini partladıblar. Partlayış nəticəsində çölə çıxan şəxsləri iki avtomobildə olan terrorçular gözləyib və onları güllələməyə başlayıb. Terror aktı nəticəsində 305 nəfər ölüb, 128 nəfər isə ağır yaralanıb. Ölənlərdən 27-si uşaqdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İŞİD   Terror  





Xəbər lenti