Metroda cibgirlik edənlər tutuldu

Metroda cibgirlik edənlər tutuldu
  20 Dekabr 2017    Oxunub:2382
Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olması müəyyən edilib və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Həmçinin dekabrın 18-də də Metropolitendə Polis Şöbəsinə analoji müraciətlər daxil olub. Beyləqan rayon sakini Səbinə Səfərli və Bakı şəhər sakini Kamran Quliyev metronun “Elmlər Akademiyası” və “Nəriman Nərimanov” stansiyalarının platformalarında ciblərindən mobil telefonlarının oğurlanmaları barədə məlumat veriblər.

Polis əməkdaşlarının peşəkarlıqla və “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğun üstü qısa vaxtda açılıb və bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Neftçala rayon sakini Natiq Bədəlov olması müəyyən edilib. Baxış zamanı onun üzərindən və kirayədə yaşadığı mənzildən ümumilikdə 4 ədəd - 2 ədəd “Samsunq J-2” , 1 ədəd “LG” və 1ədəd “İphone 5 S” markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Metro   Cibgirlik  





Xəbər lenti