21 dövlət əmlakı özəlləşdirildi

  09 Yanvar 2018    Oxunub : 512
21 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 9-da keçirilən növbəti hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Komitədən AzVision.az-a verilən məlumata görə, hərraclara müxtəlif çeşidli əmlakların çıxarılması ilə özəlləşdirmə prosesində kəmiyyət, həmin obyektlərin əldəolunma prosedurunun sadələşdirilməsi, elektron hərracın geniş tətbiqi ilə də keyfiyyət göstəricisi təmin olunur. Bütün bu üstünlüklər əmlak almaq istəyən investorların sayını çoxaltmaqla hərracı rəqabətli edir. Yeni ilin ilk hərracı da rəqabətli olub. Belə ki, Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində də analoji hal müşahidə edilib. Belə ki, həmin əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.

Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, “QAZ-3102” markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən sonda 3800 manata özəlləşdirilib. Bundan başqa 2006-cı il istehsalı olan “Nissan Maxima”nın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq, 5050 manata sahibini tapıb.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetrdən çox torpaq sahəsi isə 14 min 500 kvadratmetrə yaxındır.

Bundan başqa Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Bu əmlakın ümumi faydalı sahəsi 90 kvadratmetrə yaxın, torpaq sahəsi isə 100 kvadratmetrdən çoxdur.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanov, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonlarında, qalanları isə müvafiq olaraq Nizami və Xətai rayonlarında yerləşir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kvadratmetr olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün “privatization.az” portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.

Mühüm yenilik olan Elektron hərrac vasitəsilə özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Onlayn hərracın başlanması özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq, istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Bu model dövlət əmlakının şəffaf şəkildə və olduqca sərfəli qiymətə satılmasına şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin geniş kütlələrinin, xüsusilə də kiçik və orta investorların bu prosesə cəlb edilməsinə imkan verir.

Qeyd edək ki, iştirakçı Elektron hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməsini seçərək qaydalar qəbul edilir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalanadək bitməlidir.

Onlayn rejimdə iştirak etmək istəyən şəxs komitənin rəsmi səhifəsində Elektron xidmətlər portalında, “Onlayn hərrac” bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.

Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. İştirakçı müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1 faizindən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.

Bu zaman “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.

Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.

Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.

Qiymətlərə gəlincə, əmlakın ilkin start qiyməti bazara uyğun müəyyənləşdirilib.

AzVision.az

Teqlər: Hərrac   Əmlak